Abutalıbov səlahiyyətsizdir, yoxsa aciz?

Vahid idarəçilik mexanizminin olmamasının əziyyətini vətəndaşlar çəkir

Milli Məclisin plenar iclasında 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam edir. Deputat Elmira Axundova iclasda çıxış edərkən büdcə xərclərinin qənaətlə sərf olunmasını vacib sayıb. Millət vəkili söyləyib ki, Bakıda yeni salınandan sonra asfaltın tez-tez təzədən qazılaraq su, kanalizasiya və başqa işlər aparılmasının şahidi oluruq. Bu məsələnin Bakıda vahid idarəçiliyin olmamasından dolayı baş verdiyini qeyd edən deputat, hər sahəyə müvafiq qurumun baxdığını və Bakı ŞIH-in hansısa iş görmədiyini söyləyib.
Yolların asfaltlanması və sonradan kommunikasiya sistemlərinin “yaddan çıxması” nəticəsində yeni təmir edilmiş küçələrin qazılaraq yenidən təmirə dayandırılması artıq ölkədə problemə çevrilib. Nə qədər körpülər tikilsə, yeni yollar salınsa da tıxac problemi öz aktuallığını itirmir. Üstəlik, təmirə görə bağlanan küçələrin alternativi olmadığı üçün nəqliyyatın işinə ciddi təsir etdiyini, insanların az qala əsəbləriylə oynadığını demirik. Yolların asfaltlanmasından sonra yenidən hansısa kommunikasiya sisteminə görə təmirə dayandırılması Azərbaycanda artıq lətifə mövzusuna çevrilib.
Bir sözlə, Bakı ŞIH-in hansısa hüquq və səlahiyyəti yoxdur ki, öncə bütün qurumları səfərbər edərək işin mərhələlərlə gedişinə nəzarəti həyata keçirsin.
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, normal dövlətlərdə küçələrdə kommunikasiya sisteminin çəkilməsi üçün iki-üç ay öncədən bu işə baxan qurumlara məlumat verilir. Azərbaycanda isə bu qurumlar harda, nə vaxt istəyir, onda da işə başlayır: “Hansısa vəzifəli şəxs istədiyi yerdə su xətti çəkdirə bilir. Çünki Azərbaycan hüquqi dövlət deyil, hüquqi dövlət olsaydı, qurumlar öz vəzifə və səlahiyyətlərinin nə olduğunu bilərdi. Elə problemlər üzə çıxır ki, bu, cinayət məsuliyyəti nəzərdə tutsa da, vəzifəli şəxsin məsuliyyətdən yayınmasıyla nəticələnir”.
M.Baxışov qeyd edir ki, Bakı merinin və ŞIH-in səlahiyyətləri, müvafiq əsasnamədə təsdiq olunsa da, onun həyata keçirilməsi mexanizmi yoxdur. Yəni şəhər meri və onun təmsil etdiyi qurumun qanuni səlahiyyəti var, amma onun həyata keçirilməsi mümkün deyil.

Nigar