Zamin Hacı: «Bizim deputatlar Gülər Əhmədovanın bir milyon söhbətindən çox ruhlanıblar»
«Bu məsələnin məhkəməyə çıxarılması onların daha çox biabır olmasına səbəb olacaq»
Deputat Fəzail Ağamalı parlamentdəki bir qrup həmkarı ilə birgə “Yeni Müsavat”ın köşə yazarı Zamin Hacını və politoloqlar Ilqar Məmmədovla Zərdüşt Əlizadəni parlamenti aşağılayan fikirlərinə görə məhkəməyə verəcək. F.Ağamalı deyib ki, bu şəxslər Mili Məclisdə olan insanların şəxsiyyətini aşağıladıqlarına və təhqir etdiklərinə görə cavab verməlidirlər.
Deputat hər üç şəxsin məhkəməyə verilməsi üçün lazımi imzaların toplandığını da bildirib. Onun sözlərinə görə, müraciəti imzalayanlar 15 nəfərdən yuxarıdır: “Iddia ərizəsi hazırda hüquqşünaslar tərəfindən işlənir. Ola bilsin ki, digər millət vəkilləri də bizə qoşuldu. Hər halda, 15 nəfər də az deyil. Burada say hər hansı önəm daşımır. 2-3 nəfərin də müraciəti kifayət idi. Bu müraciətin arxasında imzatoplama mərasimi dayanmır. Sadəcə olaraq, təhqir edilib və ona görə də hər üçü cavab verəcək”.
F.Ağamalı bildirib ki, onun tələbi Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq bu üç şəxsin cərimələnməsidir: “Hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edirəm. Onlardan aldığımız pulu da yetimlər evinə verəcəyik. Mənim tələbim budur. Hər halda, görək ordakılar nə deyəcəklər”.
“Azadlıq”a açıqlamasında tanınmış köşə yazarı Zamin Hacı əvvəlcə məsələ ilə bağlı geniş danışmaq istəmədiyini bildirdi: “Əvvəlcədən açıqlama versək, bu, məhkəməyə təzyiq ola bilər. Bizim məhkəmələr çox ədalətlidir axı. Amma ümumilikdə deyə bilərəm ki, görünür, bizim deputatlar Gülər Əhmədovanın məlum videosundakı bir milyon söhbətindən çox ruhlanıblar. Onlara elə gəlir ki, 100 min manat çox xırda bir məbləğdir. Açığı, mən 100 min manatı bir yerdə heç vaxt görməmişəm”.
Z.Hacı qarşı tərəfə bir az ağıllı olmağı, belə iddialarla çıxış etməməyi məsləhət görür: “Bu məsələnin məhkəməyə çıxarılması onların daha çox biabır olmasına səbəb olacaq.
Əvvəl bir nəfər bilirdisə, indi beş nəfər biləcək ki, söhbət nədən gedir. Biz deyirik, saxta parlament buraxılsın, bunlar da deyir, sizi məhkəməyə verəcəyik. Gülməli vəziyyət yaranıb. Əslində mən Fazil Mustafadan yazmışdım. Indi məndə belə təəssürat yaranır ki, bunların, ümumiyyətlə, savadı çox azdır, hərfləri oxuya bilmirlər. Ona görə də Fəzail Ağamalı Fazil sözünü görəndə elə bilib ki, söhbət ondan gedir.
Bu işdə Fəzail Ağamalının əl-ayağa düşməsi də təsadüfi deyil. Rejimin özündə iki qanad var. Biri köhnə, biri də yeni qanad. Fəzail Ağamalı Ramiz Mehdiyevin rəhbərlik etdiyi köhnə qanadın nümayəndəsidir. Gülər Əhmədova olayı köhnə qanada zərbə vurdu. Indi bunun qisasını almaq və diqqəti o məsələdən yayındırmaq üçün bu cür işlərlə məşğuldular. Açığı, Fəzail Ağamalı təhlükəli adamdır. Azərbaycanın yaxın tarixində qiymətini almamış adamdır. Vaxt gələcək ki, Fəzail Ağamalının hansı işlər gördüyünü, hansı pis əməllərdə əlinin olduğunu Azərbaycan cəmiyyəti daha yaxşı biləcək. Əbülfəz Elçibəyin hakimiyyətdən getməsində, Hüseyn Abdullayevə qarşı alət kimi istifadə olunmaqda, o cümlədən vaxtilə Surət Hüseynovun “vurulmasında” Fəzail Ağamalının əli var. Yəni o, xırda fiqur deyil. Cəmiyyət bilsin ki, mən kiminlə üz-üzəyəm. Sabah həyatıma hər hansı təhlükə yarananda “Fəzail Ağamalıdır da” deyib keçməyin. Fəzail Ağamalı heydərizmin çox ciddi fiqurlarından biridir”.


