“Azərbaycanda dövlət idarəçiliyi iflic vəziyyətdədir”

eldar namazov2“Qərbin münasibətini kimlərisə beşulduzlu hotellərdə yerləşdirib, yedirib-içirtməklə dəyişmək olmaz”

Eldar Namazov: «Hakimiyyətin sərbəst toplaşmaq və siyasi partiyalarla bağlı etdiyi dəyişikliklər siyasi isterikanın təzahürüdür»

Bir neçə gün əvvəl Azərbaycanda keçirilən internet forum beynəlxalq mətbuatda geniş işıqlandırıldı. Ümumiyyətlə, tədbirin Azərbaycan kimi avtoritar ölkədə keçirilməsi sərt tənqid olundu. Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroesin tədbir barədə fikirləri, xarici qonaqlar burada olan zaman onların şəxsi kompüterlərinə müdaxilənin olması bir daha Azərbaycandakı durumu göstərdi. Bəs baş verənlərin səbəblərinin kökü nədən qaynaqlanır? Hakimiyyətin bu cür addımlar atmasının səbəbi nədir? Ziyalılar Forumunun Idarə Heyətinin üzvü Eldar Namazovla müsahibəyə bu sual ilə başladıq:

– Azərbaycan hakimiyyəti öz təbliğatını bəsit və kobud üsullarla həyata keçirir. Artıq son illərdə birinci dəfə deyil ki, Azərbaycan hakimiyyətinin təşkil elədiyi konfranslar onun əleyhinə çevrilir. Bunun üçün “Eurovision” musiqi müsabiqəsini yada salmaq kifayətdir. Internet forumla bağlı Qərb mətbutatı açıq yazır ki, bundan sonra bu cür forumlar Azərbaycan kimi daim insan haqları pozulan, jurnalistlərə qarşı ciddi təzyiqlərin həyata keçirildiyi ölkələrdə baş tutmasın. Yəni Azərbaycanda yaranmış durum beyənlxalq ictimaiyyətdə böyük hiddət doğurub. Görün artıq dünya ictimaiyyətində bu narazılıq hansı həddə çatıb ki, Bakının özündə keçirilən beynəlxalq tədbirlər bu hakimiyyətin əleyhinə kampaniyaya çevrilir. Hakimiyyətin artıq üzünə deyilir ki, sizdə insan haqları pozulur, seçkilər saxtalaşdırılır, korrupsiya tüğyan edir. Təəssüflər olsun ki, bu tənqidlərdən, yaranmış durumdan da hakimiyyət özü üçün düzgün nəticələr çıxarmır. Getdikcə daha da əmin oluram ki, hakimiyyətin deyəsən ölkədə yaranmış vəziyyətə, dünyada gedən proseslərə baxıb nəticə çıxarmaq qabiliyyəti tükənib. Görünür, neft pulları, milyardlar, cəzasızlıq mühiti, seçki saxtakarlığı onlarda belə bir təəssürat yaradıb və onlar normal analiz qabiliyyətini itiriblər.

Demokratik islahatsız Azərbaycana münasibət dəyişməyəcək

– Son vaxtlar Azərbaycanın beynəlxalq aləmlə münasibətləri kəskinləşib. Böyük Britaniya şahzadəsi yalnız Ilham Əliyev haqqında hal-əhval tutduğuna görə, beynəlxalq mətbuatda sərt tənqid olundu. Bu məqamları nəzərə alaraq Avropa ilə hazırkı münasibətlər hakimiyyətə nə vəd edir?
– Azərbaycan hakimiyyəti bu tip addımları dəfələrlə təkrarlayıb. Avropa Şurası Parlament Assambleyasında olan deputatlar hətta deyirlər ki, Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb salam verməkdən də çəkinirik, çünki bu artıq Avropa üçün şübhəli gəlir. Elə bir beynəlxalq təşkilat yoxdur ki, orada Azərbaycanın apardığı siyasətlə bağlı böyük narazılıq olmasın. Hakimiyyət anlamalıdır ki, Qərbin bizə qarşı münasibətini kimlərisə beş ulduzlu hotellərdə yerləşdirib, onları yedirib-içirtməklə dəyişmək olmaz. Azərbaycanda köklü demokratik islahatların aparılması labüddür və bu islahatlarlar həyata keçirilməyənə qədər beynəlxalq qurumlarda Azərbaycana münasibət dəyişməyəcək. Dəyişsə də, yalnız mənfiliyə doğru dəyişəcək.

– Milli Məclis daha bir mürtəce qanuna imza atmaq niyyətindədir. Belə ki, icazəsiz aksiyalarda iştiraka və təşkil etməyə görə cərimələri fantastik artıran Azərbaycan hakimiyyəti bu dəfə partiyalara qarşı sərt addımlar atmaq niyyətini qanuniləşdirməyə çalışır. Qanun qəbul olunarsa, kimsə iddia etsə ki, onu partiyaya güclə yazdırıblar, təşkilat sədri cərimələnəcək, o, hətta həbs də edilə bilər. Bunu necə qiymətləndirmək olar?
– Bu, siyasətin artıq isterik reaksiyasıdır. Bunu yalnız belə qiymətləndirmək olar. Bu isterika özünü hakimiyyətin qanunlara etdiyi dəyişikliklərdə də büruzə verir, konkret hadisələrə reaksiyada, hakim partiyanın mətbuatında kimlərəsə qarşı kampaniyasında görünür. Bir sözlə, hakimiyyətin sərbəst toplaşmaq və siyasi partiyalarla bağlı etdiyi dəyişikliklər siyasi isterikanın təzahürüdür. Görünür ki, bu əcaib, heç bir məntiqə sığmayan addımların arxasında təşviş və isterika dayanıb. Belə qanunları onlar sonsuz sayda qəbul edə bilərlər. Hətta qanun qəbul edə bilərlər ki, Azərbaycanda yüz il ərzində hakimiyyət dəyişməyəcək. Amma qanuna dəyişikliklərin, belə eybəcər qanun qəbul olunmasının nə mənası var, nə də bir təsiri olacaq. Çünki Azərbaycan xalqı Prezident Administirasiyasında möhürlənmiş qanunlara yox, öz milli qürur, haqq-ədalət hissləri ilə yaşayacaq. Belə eybəcər qanunların qəbulu onu göstərir ki, xalqla hakim zümrə arasında nə qədər böyük uçurum yaranıb və bu addımlarla hakimiyyət uçurumu daha da dərinləşdirir.

Hakimiyyətdə hələ də sovet təbliğatı yaşayır

– “Milyarderlər Ittifaqı” ilə bağlı məsələ hələ də gündəmdədir. Hakimiyyət bunun Rusiyadan qaynaqlandığını və özü üçün təhlükə olduğunu düşünür. Ziyalılar Forumunun Idarə Heyətinin sədri və eyni zamanda RATI-nin üzvü Rüstəm Ibrahimbəyov bu təşkilatın hakimiyyətə qarşı yönəlmədiyini deyir. Bu fikirlərə münasibətiniz necədir?
– Rüstəm müəllimin Azərbaycan xalqına sevgisində zərrə qədər şübhəm yoxdur. Bundan başqa, bu günlərdə Rüstəm müəllimin həmin təşkilatla bağlı Azərbaycan mediasında gedən müsahibəsini oxumaq kifayətdir ki, nəticəyə gələsən ki, Azərbaycan ziyalıları, başda Rüstəm Ibrahimbəyov olmaqla heç zaman dövlətimizə, xalqımıza ziyan gətirə biləcək addım atmazlar. Əksinə, görkəmli Azərbaycan ziyalılarının bu xalqı narahat edən problemlərlə bağlı açıq, prinsipial mövqelərini ortaya qoymaqları Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas verir.

– Hakimiyyət mətbuatı yenə ənənəsinə sadiq qalaraq Rüstəm Ibrahimbəyova qarşı kampaniyaya başlayıb. Rüstəm Ibrahimbəyovun sərt mesajlar səslənən müsahibəsindən sonra “Yeni Azərbaycan” qəzeti yenə onun xalq qarşısında xidmətlərini kiçiltməyə çalışaraq, təhqirə yol verib…
– Iqtidarın təbliğat maşınının arsenalında yeganə bir arqument qalıb. O da “arqumentdir”. Mən ona “erməni zurnası” deyirəm. Fərqi yoxdur, Rüstəm Ibrahimbəyov olsun, ya da başqa bir ziyalımız, xarici diplomat olsun, bu hakimiyyətin siyasəti ilə bağlı tənqidi fikirlər gələn kimi bunlar “erməni zurnasını” çalmağa başlayırlar. Bunlardan soruşurlar ki, niyə ölkənin va-dövlətini talan edirsiz, eyni “arqument”lə çıxış edirlər, seçkilərin saxtalaşdırılmasına da eyni cavab verilir. Jurnalistlərin həbsi, azad mətbuata qarşı təzyiqlərlə də bağlı da hakimiyyət hər şeyi erməni faktoruna bağlayır. Elə birdəfəlik mətbu orqanlarının da adını “erməni zurnası” qoysunlar. Biz də bilək ki, bunların arsenalında başqa heç nə yoxdur. Rüstəm müəllimə qarşı bu çirkin məqaləni sifariş verən, yazan insanlar özlərini cəmiyyətin gözündə ifşa və təhqir edirlər. Azərbaycanın görkəmli ziyalısına qarşı bu cür çirkin kampaniyanı cəmiyyətin necə qarşıladığını mətbuatda bu barədə gedən yazının altındakı şərhlərdən də görmək mümkündür.

– Bu bir növ sovet təbliğatını xatırladır…
– Sovet dövründə hakimiyyətdə olan şəxslər hazırda iqtidarda təmsil olunurlar ona görə onların təbliğatı da bu dövrü xatırladır. Bacardıqları yalnız budur.

“Sadval”la bağlı baş verənlərə diqqət ayrılmalıdır

–  Mətbuatda yayılan daha bir xəbərə görə, Rusiya Azərbaycanda separatçı meyilləri gücləndirir. Belə ki, Dağıstanda “Sadval”ın yenidən bərpasında və Azərbaycan hakimiyyətini hədələməsindən sonra Rusiyanın ölkəmizdəki səfiri şimal-qərb bölgəsinə səfər edib və orada millətçi şəxslərlə görüşüb. Yaranmış situasiyada Azərbaycan tərəfi hansı addımları atmalıdır?
– Çoxmilləti respublikalarda həmişə hökumət gərək bu məsələləri diqqət mərkəzində saxlasın. Bir qayda olaraq səfirlərin də bölgələrə səfərləri XIN-lə razılaşdırılır. Ona görə də biz Azərbaycan ətrafında baş verən regional prosesləri nəzərə alaraq bu məsələlərdə ikiqat diqqətli olmalıyıq. Belə bir cəhdlər daim xarici qüvvələr, xüsusilə ermənilər tərəfindən olub. Burada məqsəd Azərbaycanda yeni separatçı ocağın yaranması, etnik qarşıdurmanın baş qaldırmasıdır. Əminəm ki, bütövlükdə Azərbaycan cəmiyyəti bu məsələlərdə ayıq olacaq və belə cəhdlərin qarşısını həmişə alacaq. Bu məsələlərdə bizim acı bir təcrübəmiz var. Ona görə əvvəlki illərdə vaxtilə buraxılan səhvləri biz ikinci dəfə buraxa bilmərik.

– Nazirlərin son zamanlar YAP-ı saymaması, parlamentdəki dinləmələrdə iştirak etməməsi nəylə bağlıdır. Hətta YAP rəhbərliyi özü də etiraf edib ki, nazirlər YAP-a qarşı sayğısız mövqe sərgiləyirlər. Bunun səbəbi nədir?
– Azərbaycanda dövlət idarəçiliyi iflic vəziyyətdədir. Əgər gün hər gün çıxırsa, nəqliyyat hərəkət edirsə, bu o demək deyil ki, idarəetmə sistemi qaydasındadır. Peşəkar baxımdan diqqət yetirəndə görürsən ki, Azərbaycandakı idarəetmə sistemi çox eybəcər, dünya praktikasında rast gəlinməyən bir sistemdir. Saxta yolla formalaşan parlamenti nazirlər də saymır, nazirlərin özlərini də ona görə saymırlar ki, Azərbaycanda elə şəxslər var ki, dövlət qurumlarında təmsil olunmasalar da, onların nüfuzu hər bir nazirdən on dəfə yüksəkdir. Nəticədə də ölkə bölünüb. Ölkənin parlamenti, iqtisadiyyatı, icra strukturları 4-5 adamın arasında bölünüb. Bu adamlar da kimi istəyirlər deputat, icra başçısı təyin edirlər. Belə idarəetmədə hansı sivil büdcə müzakirəsindən və ya hər hansı dinləmələrdən söhbət gedə bilər. Bütün bunlar idarəçilik sisteminin hansı ağır durumda olduğunu göstərir.

Gülər Əhmədova hakimiyyətin tapşırığı ilə dəllallıq edib

– Gülər Əhmədova məsələsi hələ də mətbuatın gündəmindədir. YAP təmsilçiləri, ümumiyyətlə, bu olayın unudulmasına çalışırlar və mətbuata açıqlamalarında bəyan edirlər ki, artıq bu məsələ çoxdan bitib. YAP-ın bu cür mövqeyi, bütün olanlardan sonra Gülər Əhmədovanın partiyada qalması nəyi göstərir?
– Bir ölkədə korrupsiya, rüşvət baş alıb gedirsə və bunun başında hakimiyyət dayanırsa, deməli, onların da bütün addımları oğru qanunlarına uyğun verilir. Onların gözündə Gülər Əhmədova heç bir qəbahət etməyib. Gülər Əhmədova hakimiyyətin tapşırığı ilə dəllallıq edib. Pul yığıb və hakimiyyəti aldatmayıb, pulları mənzilinə çatdırıb. Belə adamlar Azərbaycanda minlərlədir. Hakimiyyətin gözündə o qəbahət olardı ki, pulları alan şəxslər onları mənimsəsinlər. O zaman həmin adamın başına hakimiyyət elə oyun açardı ki, qohum-əqrəbası belə bundan ziyan görərdi. Ona görə də Gülər Əhmədovanı cəzalandırmaq üçün bu pulların çatdığı şəxs də cəzalandırılmalıdır. Bunlar isə özlərini cəzalandıra bilməzlər. Bu hakimiyyətin bütün daxili siyasəti elə rüşvət və korrupsiyanın üzərində qurulub. Nə qədər ki, pulun çatdığı adamlar öz kreslolarında oturublar, dəllallıq edən şəxslərin cəzalandırılması real deyil.

– Azərbaycanda narazılıq artdıqca buna paralel olaraq azad mətbuata qarşı təzyiqlər artır. Baş verənləri necə qiymətləndirirsiniz?
– Narazılığın artmasının fonunda azad mətbuatın boğulması təsadüfi deyil. Çünki ölkə reallıqlarını məhz azad mətbuat cəmiyyətə çatdırır. Məhşur bir uşaq nağılı var. Həmin nağılda avtoritar bir ölkədə hakimiyyət o qədər ağlını itirir ki, hətta insanlardan nəfəs aldıqları havaya görə vergi tələb edir. Bu nağılın sonunun da necə bitdiyini hamı yaxşı bilir.

Xəyal