Mülkiyyət hüquqları pozulmuş vətəndaşlar «qan ağlayır»
«Əliyev hakimiyyətində baş verənlər heç Stalin dövründə də olmayıb»
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus dünən növbəti dəfə mülkiyyət hüqüqu pozulmuş Azərbaycan vətəndaşlarının problemlərini ictimai müzakirəyə çıxardı.
Tanınmış vəkillər Fuad Ağayev və Anar Qasımlının iştirakı ilə keçirilən toplantıda mülkiyyət hüququ pozulmuş bir qrup vətəndaş da iştirak edirdi.
Vətəndaşlar məhkəmələrlə Icra Hakimiyyəti arasında qalıb
L.Yunus hazırda ölkədə çoxsaylı mülkiyyət pozuntularının olduğunu, məhkəmələrin isə hüquqları pozulmuş insanların iddialarını açıq-aşkar rədd etdiyini bildirdi: “Bu insanlar məhkəmələrdə Konstitusiyanın 13 və 29-cu maddələrinə istinad etsələr də, hüquqlarını müdafiə edə bilmirlər. Onların iddia ərizələrini rədd edilir. Məsələn, Mirzağa Əliyev küçəsi 193 və 60-da yaşayan Yasəmən Kərimova və Flora Qədirovanın evləri sökülüb, amma məhkəmə onların iddialarını rədd edib”.
L.Yunusun sözlərinə görə, nadir hallarda məhkəmələr qanuni qərarlar qəbul edirlər. Amma bu dəfə də onların icrasında problem yaranır: “Uzun sürən prosesdən sonra məhkəmə bu vətəndaşların pullarını ödəmək haqqında qərar qəbul etsə də, paytaxtın icra başçısı Hacıbala Abutalıbov qərarı yerinə yetirmir. Təsəvvür edirsinizmi, icra başçısı özünü məhkəmədən yüksək instansiya hesab edir. Daha bir ağrılı məsələ 2011-ci ildə mülkiyyət hüquqlarının pozulmasını gündəmə gətirən hüquq müdafiəçilərini həbs edilməsidir. Məsələn, Şirinbacı Rzayevanın oğlu Ilqar Rzayev üzərindən narkotik ”tapıldığı”ndan 2 il müddətinə azadlıqdan məhrum edildi. Bəxtiyar Məmmədov “Eurovision” yarışmasından öncə Bayılda evləri sökülən hərbçilərin hüquqlarını müdafiə etdiyi üçün admiral Şahin Sultanov tərəfindən şərlənərək ötən ilin dekabrın 30-da həbs olunub və bu ilin aprelindən başlayan məhkəmə hələ də davam edir. Bəxtiyar Məmmədovun işi baş redaktor Əvəz Zeynallının işi ilə oxşardır. Onun da üzünə dururlar ki, guya, rüşvət tələb edib. Ilham Əliyevin dövründə baş verənlər heç Stalin rejimində də yox idi”.
L.Yunus deyir ki, mülkiyyət sahəsində yaranmış dözülməz vəziyyət orta əsrləri xatırladır: “Məsələn, Füzuli küçəsində evi dağıdılan Pərviz Əmirov Qarabağ müharibəsində əlil olub. Bu adam iki uşağı ilə küçələrdə qalıb. Bir köhnə maşını vardı, onu da satıb ki, dolansın. Təsəvvür edin ki, Pərviz Əmirov normal gəzə də bilmir, axsayır. Bu cür adamı evsiz-eşiksiz qoyublar”.
“Heç Heydər Əliyevin dövründə də bu qədər qanunsuzluq yox idi”
Vəkil Fuad Ağayev isə bildirdi ki, uzun illik vəkillik təcrübəsində hələ belə özbaşınalığa şahid olmayıb: “Qanunları istədikləri kimi pozurlar. Mənim bu sahədə böyük təcrübəm var, amma hələ indiki qədər çıxılmaz vəziyyətlə rastlaşmamışdım. Sovet dövründə heç kim belə qanunsuzluqlar etməyə cəsarət edə bilməzdi. Heç Heydər Əliyevin dövründə də bu qədər qanunsuzluq yox idi. Üç ildir intensiv şəkildə Bakının mərkəzində mənzillər sökülür. Bu prosesdə Hacıbala Abutalıbov başda olmaqla Bakı Şəhər Icra Hakimiyyəti xüsusi fəallıq göstərir. Məhkəmələr hüquqları pozulan insanların iddialarını bir qayda olaraq təmin etmirlər. Təmin edəndə də, hər kvadrata 1500 manatdan artıq məbləğ qoyulmur. Səbayel, Nəsimi rayon məhkəmələri və 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsi daha çox qanunsuzluqlar edir. 1500 manat bazar qiymətləri ilə müəyyənləşməyib və bazar qiyməti direktiv qaydada təyin oluna bilməz. Yəni bazar qiymətini tələb-təklif müəyyən edir. Hamımız da şəhərin mərkəzində evin və yaxud yerin qiymətinin hansı məbləğdə olduğunu bilirik. Təsəvvür edin ki, məhkəmə qərar qəbul edir, Neftçilər 95-də yaşayan Qurban Əliyevə filan qədər ödənilsin. Məhkəmənin qərarı da bütün fiziki-hüquqi şəxslər üçün icbari olsa da, Bakı meriyası pulu vermir”.
“Əcəb edib sökmüşük, hara istəyirsən şikayət et…”
Qurban Əliyev bildirdi ki, onun Neftçilər 95-dəki evi ilə yanaşı, 2007-ci ildə Xırdalan şəhərindəki obyektini də söküblər. Əvəzində isə 1 manat da verməyiblər: “Xırdalandakı obyektimi söküb yerini Xələfli Tikinti şirkətinə satdılar, hətta icra hakimiyyətinin rəsmiləri açıq şəkildə ”əcəb edib sökmüşük, hara istəyirsən şikayət et” dedilər. Neftçilər 95-də evimin sökülməsiylə bağlı Ali Məhkəmə 27 apreldə kompensasiya ödənilməsi haqqında qərar çıxarıb. Ancaq Bakı meriyasının məmurları deyirlər ki, onlarla alqı-satqı müqaviləsi bağlanandan sonra kompensasiya ödəniləcək. Halbuki, Səbail Rayon Məhkəməsi qərar verəndə, alqı-satqı müqaviləsini yada salan yox idi. Bu adamlar bilir ki, 4 ildir biz işsizik, ona görə də məcbur qalıb müqaviləyə imza atacağıq. Müqaviləyə imza atmaq o deməkdir ki, biz könüllü şəkildə mülkümüzi satmışıq. Halbuki, mənim evimi dağıdıblar. Müqaviləni ortalığa atmaqda məqsəd bizim Avropa Məhkəməsinə getməyimizin qarşısını almaqdır. Axı mən niyə Avropa Məhkəməsinə getməyim ki, icra hakimiyyəti 12 ildir Neftçilər 95-dəki yerimi almaq istəyib, bunu bacarmadılar, nəhayət, dağıdıb zorla evimdən çıxartdılar. Bu illərdə insult keçirmişəm və şəkər xəstəsi olmuşam. Məhrumiyyətlərə baxmayaraq Avropa Məhkəməsi şikayətimi qəbul edib. Sadəcə, icra hakimiyyəti bilir ki, mən alqı-satqı müqaviləsini imzalasam, Avropa Məhkəməsi şikayətimi geri qaytaracaq”.
Abutalıbov qərarı niyə icra etmir?
Məhkəmənin qərarına baxmayaraq, Şəmsi Bədəlbəyli 60-dakı evinin söküldüyünü deyən Fuad Hacıyev iki ildən çoxdur məhkəmələrdə çəkişdiyini, lakin ədalətli qərara nail ola bilmədiyini deyir: “1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsi Bakının mərkəzindəki mənzilimə görə 22 min 500 manat təzminat verilməsi qərarını çıxarıb. Məbləğin olduqca az olması məsələnin bir tərəfidir. Amma dəhşətlisi odur ki, icra hakimiyyəti heç bu qərarı da icra etmir, alqı-satqı müqaviləsinin imzalanmasını tələb edir. Əslində, 22 min 500 manata yalnız ucqar rayonların birində ev almaq olar. Iş icra üçün Ədliyyə Nazirliyinin Səbail Rayon icra şöbəsinə göndərilsə də, onlar şikayətə hələ baxılacağını deyirlər. Halbuki, qanunvericilikdə məhkəmə qərarlarının bütün dövlət orqanları üçün məcburi olduğu yazılıb. Qanuna əsasən icra şöbəsi belə vəziyyətdə protokol tərtib etməli və sənəd məhkəməyə göndərilməlidir ki, vəzifəli şəxs cərimələsin, yaxud məsuliyyətə cəlb olunsun. Amma bunun əvəzində Ədliyyə Nazirliyi Prezident Administrasiyasına müraciət edir. Belə çıxır ki, nazirliyin icra şöbələri icra hakimiyyətinin qarşısında acizdirlər”.
Sonda vəkil Anar Qasımlı çıxış edərək hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun qanunsuz həbsindən danışıb. Həbsin əsassız olduğunu deyən vəkil xatırladıb ki, B.Məmmədov “Kristal Hall”ın tikintisilə bağlı evləri söüklən zabitlərin hüquqlarını müdafiə etdiyi üçün şərlənib: “Hər hansı şahid və sübut olmadan, iki şəxsin hüquq müdafiəçisinin onlardan pul tələb etməsi adı ilə həbsə atıblar. Halbuki həmin şəxslər də məhkəmədə sorğu-sual zamanı ziddiyyətli cavablar veriblər. Bəxtiyar Məmmədovun həbsində məqsəd zabitləri mülkiyyət hüquqlarının müdafiəsində hüquqi dəstəkdən məhrum etmək idi.


