Novruz Məmmədov hücumların Qərbdən gəldiyini göstərdi

Rahim Hacıyev: «Tənqidlər yalnız hakimiyyətin apardığı siyasətlə bağlıdır»

Qərb mətbuatının və beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidlər iqtidarın narahatlığını artırır. Rəsmilər bu kimi tənqidlərə özünəməxsus şəkildə cavab verir. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuata açıqlamasında Qərbdən gələn tənqidləri ölkəmizə qarşı aparılan kampaniya kimi qələmə verib. Onun sözlərinə görə, bəzi dairələr Azərbaycanın qazandığı nailiyyətləri qəbul edə bilmir və buna qısqanclıqla yanaşır.
N.Məmmədov hesab edir ki, xarici mətbuatda dərc edilən tənqidi yazıların konkret səbəbləri aydındır və bu, dövlət başçısının bp-nin ünvanına səsləndirdiyi tənqidlərlə bağlıdır. Çünki məhz bu bəyanatdan sonra Qərbin bir sıra kütləvi informasiya vasitələrində bp-ni müdafiə edən materiallar çıxdı. N.Məmmədovun sözlərinə görə, daha sonra həmin mətbu orqanlar bütövlükdə Azərbaycanı və ölkə başçısını hədəfə götürüblər. O həmçinin bildirib ki, geosiyasi maraqlarını təmin etmək istəyən Qərb bunu medianın əli ilə həyata keçirir.
Bu fikirləri səsləndirməklə N.Məmmədov hakimiyyətin Qərbin tənqidləri qarşısında aciz olduğunu bir daha göstərdi. Lakin PA rəsmisi bundan irəli gələn narahatçılıqlarını fərqli istiqamətə yönəltmək istəyir. Bu nə dərəcədə normal yanaşmadır və Qərbdən gələn təpkilər əslində nə ilə bağlıdır?

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, hakimiyyət ünvanına səslənən tənqidləri hansısa dairələri qərəzi kimi qələmə vermək istəyir. Əslində isə vəziyyət tamamilə fərqlidir. Qərbin dünyada ciddi mövqeyi olmayan Azərbaycana qısqanc münasibət göstərməsi absurddur. Tənqidlər yalnız hakimiyyətin apardığı siyasətlə bağlıdır. Ölkəmiz regionda bir çox parametrlərə görə geri qalır. Demokratiya məsələsində Gürcüstanla müqayisəyə belə gələ bilməz.
Ekspertin sözlərinə görə, dünyada liderlik yalnız müasir idarəçilik metodu, insan hüquq və azadlıqlarına yüksək hörmətlə bağlı ola bilər. Yalnız bu amillər olduqda dövləti dünyanın, yaxud regionun lideri hesab etmək olar. Azərbaycan isə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə həmişə hörmətsiz yanaşıb. Dünya isə öhdəliklərə uyğun hərəkət etməyi tələb edir. Hakimiyyət isə müxtəlif manipulyasiya yolu ilə cəmiyyəti inandırmağa çalışır ki, ölkəmizə qarşı qərəzli münasibət var.
Ekspertin fikrincə, Azərbaycan hökuməti korrupsiyaya, iqtsadi monopoliyaya son qoysa, insan hüquq və azadlıqlarına hörmət etsə, qanunlardan irəli gələn məsələləri həll etsə, belə vəziyyət yaranmaz. Bu halda nə ölkə daxilindən, nə də xaricdən hakimiyyətin ünvanına ittihamlar səslənməz. Iqtidar mövqeyində dəyişiklik etsə, islahatlara getsə, dünyada Azərbaycanın mövqeyi güclənər, Qarabağ məsələsinin həllində də yetərincə ciddi imkanlar yaranar. Ancaq təəssüf ki, Azərbaycana rəhbərlik edən şəxslər üçün onların əlində olan hakimiyyətin maraq və mənafeləri hər şeydən üstündür.

Fizzə