“Ağzı yumulan adam əl-qolunu işə salmağa məcburdur”

ATƏT sərbəst toplaşmaq azadlığını Vyanada müzakirə edib

Ənnağı Hacıbəyli: «Qanuna son dəyişikliklər tədbirdə ciddi etirazla qarşılandı»

Noyabrın 8-9-da Vyanada ATƏT-in toplantısı olub. Insan Ölçüsü üzrə Əlavə Yığıncaq adlanan və müntəzəm keçirilən bu toplantıda Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli də iştirak edib. Onunla görüşüb səfər təəssüratlarını bizimlə bölüşməsini xahiş etdik.

– Vyana toplantısı müntəzəm keçirilən tədbirdir. Bundan bir gün öncə biz vətəndaş cəmiyyəti təşkilatlarının bir günlük toplantısında da iştirak etdik və Əlavə Yığıncağın gündəliyinə daxil ediləcək mövzular üzrə – toplaşmaq və birləşmək azadlığının gerçəkləşdirilməsi sahəsində olan problemlərlə bağlı QHT-lərin mövqeyini formalaşdırdıq. Tədbiri ATƏT və onun Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu təşkil etmişdi, lakin yığıncaq ATƏT ölkələri çərçivəsini aşmışdı. Burada Avropa ölkələri ilə yanaşı Mərkəzi Asiya ölkələrinin, ABŞ, Kanada, Tunis, Əlcəzair, Misir, Koreya və başqa ölkələrin, çoxlu sayda beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdi.

– Belə mötəbər tədbir nə göstərdi, toplaşmaq və birləşmək azadlığının dünyadakı durumu necədir?
– Əslində durum o qədər də ürəkaçan deyil. Sərbəst toplaşmaq və birləşmək azadlığının genişləndirilməsi, bu hüquqların tam həyata keçirilməsi, onların müdafiəsi və bu sahədə yeni texnologoyaların tətbiqinə həsr olunmuş toplantıda pessimist notlar da səslənirdi. Əsas məruzəçilər, o sıradan BMT-nin toplaşmaq və birləşmək azadlığı ilə bağlı Qafqaz ölkələri üzrə Xüsusi Məruzəçisi Mayna Kayn durumun daha çox üç ölkədə Belarus, Rusiya və Azərbaycanda acınacaqlı olduğunu dönə-dönə qeyd etdilər. Mitinqlərdə iştirak edənlərə qarşı məsuliyyətin gücləndirilməsi ilə bağlı qanunvericiliyə son dəyişikliklər tədbirdə ciddi etirazla qarşılandı.
Indi icazə prosedurundan tamamilə imtina olunmasına çağırışlar daha da çoxalır. Əksər natiqlər toplaşmaqla bağlı insanlara daha çox sərbəstlik verilməsi, icazə qaydasının qanunvericilikdən çıxarılmasını tələb edirdilər. Bu tələbləri artıq əksər dövlətlər eşidir.  

– Dediniz ki, bu sahədə durum, ümumiyyətlə, ürəkaçan deyil. Başqa ölkələrdə də bu sahələrdə problem varmı?
– Tədbirdə bu sahələrdə bütün dünyaya aid problemlərdən də danışıldı. Təbii ki, adını çəkdiyim üç ölkədəki problemlər başqa ölkələrlə müqayisə oluna bilməz. Ancaq bəzi demokratik ölkələrdə də müəyyən problemlərin olduğu qeyd edildi. Bilirsiniz ki, problemsiz ölkə yoxdur. Sosial öhdəliklərin məhdudlaşdırılmasına, korrupsiyaya, məhkəmə-hüquq sistemindən qanunsuz istifadəyə qarşı çıxışlar, hakimiyyətdən hesabat tələbləri və s. nəinki Şərqdə, hətta Qərbdə də hakimiyyətlərin xoşuna gəlmir. Buna görə də, onlar toplaşmaq azadlığının məhdudlaşdırılması istiqamətində tədbirlər görürlər. Son bir neçə ildə toplaşmaq və birləşmək azadlığı ilə bağlı ATƏT ölkələrinin xeyli hissəsində geriləmə müşahidə olunur. Tolantı yerlərinin və vaxtının məhdudlaşdırılması, toplantı iştirakçılarına qarşı məsuliyyətin gücləndirilməsi, qanunsuz üsullardan (mülki şəxslərin toplantıların dağıdılmasına cəlb edilməsi, mitinqqabağı həbslər, aşırı gücün tətbiqi və s.) istifadə son illərin “yenilikləridir”.

– Bayaq toplaşmaq və birləşmək azadlığının gerçəkləşdirilməsi sahəsində yeni texnologoyaların tətbiqindən danışdınız. Bunlar hansı yeniliklərdir?    
– Tədbirdə qeyd edildi ki, elm və texnikanın inkişafı, toplaşmaq azadlığının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır. Facebook, Twitter və mobil telefonlardan istifadə etməklə, toplantılar azadlığını gerçəkləşdirmək üçün, operativ imkanlar yaranır. Dövlətlər bu imkanları məhdudlaşdırmaq, internetə sərt nəzarət qoymaq əvəzinə insan hüquqlarının təmin olunmasına, bu sahədə pozitiv öhdəliklərinin icrasına çalışmalıdırlar.
Ərəb ölkələrində və başqa regionlarda yeni texnologiyalardan istifadə toplantıların alternativ formalarının – alqışlama, səssiz protestlər və s. gerçəkləşdirilməsini daha da asanlaşdırdı. Səhv etmirəmsə, ABŞ-dan olan nümayəndə dedi ki, polisin hüququ gülləkeçirməz jiletlə möhkəmləndirilir, insanların da hüquqlarına dövlətdən təminat tələb etmək haqqı var. Yeni texnologiylardan təkcə sərbəst toplaşmaq hüququnu gerçəkləşdirmək üçün deyil, həm də hökumətlə mitinqqabağı dialoq, hadisələrin istintaqı, sərbəst toplaşmaq azadlığının monitorinqi, vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı, hesabatları və başqa sahələrdə geniş istifadə edilməlidir. Toplantı rayonunda mobil telefon əlaqələrinin dayandırılıması kimi qanunsuz praktikaya son qoyulmalıdır.

– Toplantıların formaları ilə bağlı hansısa yeniliklərin qanunvericiliyə daxil edilməsi gözlənilirmi? Ümumiyyətlə, bu sahədə beynəlxalq təcrübə və tendensiyalar necədir?
– “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 3-cü maddəsində toplantıların formaları imperativ şəkildə müəyyən olunur. Bunlar yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketdən ibarətdir. Vyana tədbirində də qeyd edildi ki, qanunvericilikdə toplantıların formaları imperativ qaydada müəyyən edilməməli, insanlara sərbəstlik verilməlidir. Flaşmoblardan, sosial şəbəkələrdən, çadır qurulması, müvəqqəti düşərgələr salınması yolu ilə protest formalarından və başqa üsullardan istifadənin qanuniliyi tanınmalıdır.

– Sərbəst toplaşmaq azadlığına hakimiyyətin sərt qadağalar qoyması nə ilə nəticələnə bilər?
– Avraam Linkolnun belə bir fikri var: “Sərbəst toplaşmaq hüququ inqilabı əvəz edən hüquqdur”. Tədbirdə dəfələrlə qeyd edildi ki, sərbəst toplaşmaq azadlığının təmin olunmasına məsul olan şəxslər fundamental insan hüquq və azadlıqlarının mahiyyətini və fəlsəfəsini dərk etməli, dövlətlər bu barədə qanunvericiliyin dəqiq icrasını təmin etməlidirlər. Ərəb ölkələrində və başqa ölkələrdə zaman-zaman baş verən hadisələr göstərir ki, insanların toplaşmaq, fikir bildirmək, dövlət idarəçiliyinin mühüm məsələlərini müzakirə etmək haqqının məhdudlaşdırılması, azad, ədalətli seçkilərin keçirilməməsi hakimiyyətlər üçün pis nəticələr verir. Ağzı yumulan adam əl-qolunu işə salmağa məcburdur.
Tədbirdə bu hüquq və azadlıqların gerçəkləşdirilməsi durumunun monitorinqi üzrə ATƏT-in və başqa beynəlxalq təşkilatların mandatının genişləndirilməsi, dövlətlərdən götürdükləri öhdəliklərin icrasını daha ciddi şəkildə tələb etməyin zəruriliyi qeyd olundu.

– Birləşmək hüququ ilə bağlı problemlər və bu barədə müzakirələr nədən ibarət idi?  
– Bilirsiniz ki, vətəndaş cəmiyyətinə qarşı demokratik olmayan hakimiyyətlərin təpkiləri həm də onların siyasiləşməsi barədə iradlarla müşayiət olunur. Tədbirdə bir daha belə bir fikir səsləndi ki, mövcud hakimiyyətin siyasətinə qarşı mübarizə ilə siyası hakimiyyət uğrunda mübarizə fərqləndirilməlidir. Birinci hər bir vətəndaşın, o sıradan hər bir QHT-nin halal haqqıdır. Dövlətlər bu hüququn gerçəkləşdirilməsinin qarşısını almaqda haqlı deyillər.
Tədbirdə “peyk QHT”-lər və müstəqil QHT-lər probleminə də toxunuldu və qeyd edildi ki, müstəqil QHT-lərin fəaliyyətinə dəstək verilməsi beynəlxalq və yerli donor təşkilatların prioritet istiqaməti olmalıdır. Dövlət maliyyələşdirməsi vətəndaş cəmiyyətinin satın alınmasına, onların müstəqilliyinin məhdudlaşdırılmasına yönəlməməlidir.
Qeydiyyatın məcburi xarakter daşıması barədə ölkələrin qanunvericiliyində olan müddəalar kəskin tənqid edildi. Qeydiyyatın məcburiliyini müəyyən edən normaların qanunvericilikdən çıxarılması hamılıqla bəyənilən fikir oldu və dövlətlərə ünvanlanan tövsiyələrdə bir daha əksini tapdı.
Tədbirdə vurğulandı ki, zəif müdafiə olunan vətəndaş cəmiyyəti qurumlarının – siyasi partiyaların, QHT-lərin, həmkarlar ittifaqlarının fəaliyyətinə normal şərait yaradılması, onların hüquqlarının müdafiəsi, onlar üçün əlverişli vergi rejimi, vergi güzəştləri müəyyən olunması dövlətlərin vəzifəsidir.

Xəyal