Rusiya daxili işlər nazirliyi baş idarəsinin rəsmi saytında toyda atəş açan azərbaycanlıya qarşı cinayət işi qaldırıldığı bildirilib.
18 yaşlı Seymur Nəbizadə travmatik tapançadan 5 atəş açdığına görə onu 5 il həbs cəzası gözləyir. Onun təkrar tutulması məsələsi müzakirə olunur.
Xatırladaq ki, 12 noyabrda Akademik Anoxin küçəsindən keçən toy karvanı silah səsləri ilə müşaiyət olunmuşdu. Yol Hərəkəti Təhlükəsizliyi üzrə dövlət müfəttişliyinin tələbinə baxmayaraq toy karvanının iştirakçıları onlara məhəl qoymamış, polislər onları toyun keçirildiyi “Safisa” restoranının yanında saxlaya bilmişdilər. Nəqliyyat vasitəsini dayandırmadığına görə toyun səkkiz qonağına protokol tərtib edilmişdi. Seymur Nəbizadənin idarə etdiyi avtomobildə isə iki qeydiyyatı olan travmatik silah, 50-yə yaxın patron, beysbol ağacı, qandal aşkar edilmişdi.
Oxşar hadisə Moskvada bu ilin sentyabr ayının sonunda qeydə alinib. Dağıstandan olan qonaqların toy maşın karvanında atəş açmaları böyük rezonansa səbəb olmuşdu. O zaman da hadisənin səbəbkarlarına qarşı xuliqanlığa görə cinayət işi açılmışdı.
Dünən Seymur Nəbizadənin kimliyi ilə bağlı maraqlı məlumat almışıq. Məlumatda deyilir ki, Nəbizadə azərbaycanlı oliqarxlardan birinin qaynı oğludur. Biz, həmin oliqarxın kimliyini bilirik. Sadəcə bəzi dəqiqləşdirmələrə ehtiyac var.
Məlumatdı mənbənin dediyinə görə, Seymurun atası Azərbaycanın ən tanınmış holdinqlərindən birinin Rusiya təmsilçisidir.
Mövzuyla bağlı araşdırmalarımız davam edir.
Hikmət


