Misir Mərdanov ali təhsil ocaqlarını ayaqda saxlamaq üçün rektorlara məsləhətlər verdi
Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında ali məktəblərdə lüzumsuz kafedra və fakültələrin sayının azaldılmasını məsləhət görüb. Nazir bu sayaq yerlərin sayını artırmaqdansa, qabiliyyətli işçiləri ali məktəbdə saxlamağı daha məqsədəuyğun sayıb. M.Mərdanova görə, ali məktəb rəhbərləri optimal və çevik variantlar tapmaqla təmsil etdikləri universitetləri ayaqda saxlamalıdır.
Universitetlərdəki dövlət sifarişli yerləri artırmağı məsləhət görən nazir, həmin yerləri eyni ixtisaslar üzrə ödənişli əsaslarla təhsil alanlardan üstün tutmağın məqsədyönlüyünü bildirb. M.Mərdanov həmçinin qeyd edib ki, ali məktəblərin büdcəsi dövlət sifarişli yerlər üzrə dövlətin ali məktəbə ödədiyi və ödənişli əsaslarla təhsil alan tələbələrin universitetlərə ödədiyi vəsait hesabına formalaşır. Ona görə də ali təhsil ocaqları birincinin ikincini üstələməsi nəticəsində məsələni müsbət yozumda həll edə bilər.
Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev məsələyə münasibətini bildirərək təhsil nazirinin sözügedən açıqlamasının müəyyən əsasa görə verildiyini söyləyib. Ş.Hacıyevə görə, əslində, bütün ali məktəblərdə kafedraları təkmilləşdirməyə ehtiyac var: “Bütün ixtisaslar üzrə yeni kafedralar açmaq olar, lakin bazarın tələbatına uyğun gəlməyən kafedraları ləğv etmək lazımdır. Ən yaxşı halda, həmin kafedralar birləşdirilə və yaxud da bağlana bilər. Bu, ümumi bir tendensiyadır və dünyada mövcud olan praktikadan kənar deyil”.
“Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin fikrincə, təhsil nazirinin açıqlaması yalnız dövlət təhsil müəssisələrinə aid ola bilər. Yəni dövlət ali təhsil ocaqlarında lazımsız ixtisaslar üzrə kadr hazırlığı aparılır, özəl universitetlərdə isə belə məsələ yoxdur: “Özəl universitetlər öz maliyyə vəziyyətini düzəltmək istiqamətində lazım olan yerlər haqqında daim düşünür. Ona görə də özəl ali təhsil ocaqlarının artıq kafedra və fakültəsi yoxdur”.
Nigar


