Siyavuş Novruzov ziyalılarla milyarderləri aşağıladı

“Onlar özlərini ziyalı adlandırırlar…; Mən bu ittifaqı yaradanları tanımıram, tanımaq da istəmirəm”

Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov noyabrın 13-də Milli Məclisin foyesində jurnalistlərin suallarını cavablandırıb.

“Media forum” saytının məlumatına görə, Siyavuş Novruzov Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun son açıqlamalarına toxunaraq deyib: “Onlar özlərini ziyalı adlandırırlar. Zəhmət çəkib Azərbaycan xalqının ən böyük problemi olan Qarabağ problemi ilə bağlı nə vaxt bir məqalə yazdıqlarını göstərsinlər. 1990-cı ildən bəri bir məqalə göstərə bilməzlər. Balayanlar Dağlıq Qarabağ məsələsini ortaya atanda bunlar qaçıb gizlənmişdilər.

Rüstəm İbrahimbəyova gəlincə, hər zaman külək hansı tərəfə əsibsə, o da həmin istiqamətə əsib. Ona görə də onun çıxışı çox əhəmiyyətsizdir, mən buna əhəmiyyət vermirəm”.

YAP-çı deputat Rusiya Azərbaycan Təşkilatları İttifaqı barədə sualı belə cavablandırıb: “Bu təşkilatın məqsədi, məramı mənə aydın deyil. Rüstəm İbrahimbəyov və bu işi koordinasiya edənlər öz məramlarını açıqlasınlar. Bir də ki, Rusiyada yaranan ittifaqın Azərbaycana nə aidiyyəti var?

Mən bu ittifaqı yaradanları tanımıram, tanımaq da istəmirəm. Bir məsələ var, Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Kim hansı dərədə nə yaradırsa, bu onun öz problemidir.

Rusiyada yaradılan bu ittifaqın fəaliyyətinə Azərbaycandan hər hansı maneənin olması barədə deyilənlərin heç bir əsası yoxdur”.

Rusiya Azərbaycan Təşkilatları İttifaqını yaradan şəxslər sırasında Rüstəm İbrahimbəyovdan başqa Rusiyada yaşayan azərbaycanlı iş adamları Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilov, Söyün Sadıqov və baş nazirin keçmiş birinci müavini Abbas Abbasov da var.