Nİgar Yaqublunun məhkəməsi başladı
Noyabrın 13-də Abşeron rayon məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun məhkəməsi başlayıb. Nigar Yaqublu məhkəməyə gətirilib. O, “Azadlıq” radiosuna bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağına ümid etmir. Nigar Yaqublu həbsdə olduğu müddətdə hər hansı probleminin olmadığını da deyib.
Məhkəmədə Nigar Yaqublunun hüquqlarını vəkillər Adil İsmayılov, Elton Quliyev və Nemət Kərimli müdafiə edirlər.
Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun avtomobili Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «KAMAZ» markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi bildirilir. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.
Məhkəmə zamanı müdafiə tərəfi işə hakim İlham Kərimlinin baxmasına etiraz edib. Vəkillər bildiriblər ki, İlham Kərimli bundan əvvəl Nigar Yaqublu haqqında həbs-qəti imkan tədbirinin dəyişdirilməsi və zaminə buraxılması ilə bağlı proseslərə sədrlik etdiyindən o, obyektiv ola bilməz.
Ancaq vəsatət təmin olunmayıb. Hakim deyib ki, qərardan şikayət verilə bilməz.
Bundan başqa, hakim N.Yaqublu barəsində həbs qətimkan tədbirinin 3 sutka uzadılmasına qərar verib. Qərar vəkillərin və N.Yaqublunun iştirakı olmadan çıxarıldığından müdafiə tərəfi buna etiraz edib.
N.Yaqublunun iki aylıq həbs müddəti noyabrın 10-da başa çatıb. Vəkillər onun hələ də həbsdə saxlanmasını qanunsuz sayırlar.
Məhkəmə noyabrın 23-də davam edəcək.









