Cəbhəçilər polisin onları şərlədiyini bildirir

DİN-in sözçüsü Ehsan Zahidov  təqsirsilik prezumpsiyasını pozduğu üçün məhkəməyə verilir

Noyabrın 7-dən 8-nə keçən gecə polisin saxladığı AXCP üzvləri  Musa Rahim, Dəyanət Babayev və Elvin Baycanla bağlı  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov növbəti açıqlama verib. O, “avropa.info” saytına deyib ki, adları çəkilənlər haqda rəsmi şikayət olub: “Polis bilə bilməzdiki bunlar cəbhəçidir, ya yox? Digər tərəfdən partiya mənsubiyyətindən aslı olmayaraq hamı qnun qarşısında bərabərdir”.  
AXCP üzvlərinə cinayət işi açılması haqda informasiyalara gəlincə, E.Zahidov hələlik araşdırma aparıldığını deyib. “Bu adamlar xuliqanlıq ediblər. Hələlik araşdırma aparılır. Araşdırmadan sonra hər şey bilinəcək”.
DİN sözçüsünün açıqlamasını “Azadlıq”a şərh edən AXCP fəalları barələrində deyilənləri böhtan və qərəz sayır.
“Hakimiyyət onsuz da ona qarşı mübarizə aparan hər kəsi xuliqan olaraq görür. Cibimizdən nəşə çıxarır, kimisə döydüyümüzü deyirlər. Yəqin apardıqları araşdırma bu yöndədir – üzümüzə duracaq adamı axtarırlar. Amma inanmıram ki, cəmiyyətə bu böyda yalanı sata bilsinlər. Biz daim meydanda olmuşuq, azadlıq tələb etmişik və edəcəyik. Anlasınlar ki, belə taktikalarla bizi əqidəmizdən döndərə bilməzlər”, – deyə fəallardan biri, Dəyanət Babayev bildirib.
D.Babayev onu da əlavə edib ki, qanunsuz həbs olunduqları üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar. Eyni zamanda araşdırma başa çatmamış DİN sözçüsünün onları “xuliqan” adlandırımasını da məhkəmədə qiymətləndirəcəklər.
Fəallardan daha biri Musa Rahim də DİN sözçüsünün onlara şər atırdığını deyib. “Həmin gün biz dükandan kontur alıb şıxan zaman bir nəfər yaxınlaşıb özünü DİN əməkdaşı kimi təqdim etdi. Bildirdi ki, onunla getməliyik. Mən də ondan sənəd göstərməsini tələb etdim. Bu zaman onu işiq dirəyinin altına doğru apardım. Oranı polis kamerası da çəkirdi. O, bizə sənəd təqdim edə bilmədi. Bir az aralıda polis nəfəri vardı. Tez ona müraciət etdim. Lakin o, müraciətimizə reaksiya vermədi. Mən bütün bu olanları diktafona da yazmışam. Əminəm ki, polis kameraları da hadisəni çəkib. Həmin şəxsin bizim polisə müraciət etdiyimizi görüb qaçması da həm polisin, həm də kameranın yaddaşında olmalıdır”, – deyə M.Rahim bildirib.

Hikmət