«Azərbaycan hakimiyyətinin bütün qolları başdan-ayağa çürüyüb, üfunət iyi verir, o getməlidir»
Hacıbaba Əzimov: «Bu hakimiyyətin Gülər Əhmədovaya ciddi cəza vermək fikri yoxdur»
Parlamentin buraxılması tələbi ilə Istiqlalçı Deputatlar Məclisi (IDM) də çıxış edib. Bu qurum növbəti toplantısında bu məsələni geniş müzakirə edərək, sonda parlamentin hazırkı dönəmdə buraxılmasının zəruriliyini faktlarla sübut edən sənəd qəbul edib. Bugünkü müsahibimiz VAMBP sədri, IDM-in təsisçilərindən professor Hacıbaba Əzimovla müsahibəmizin də əsas mövzusu qəbul olunan sənəd ətrafındadır. Öncə Hacıbaba müəllimdən sənədin qəbulunu zəruri edən şərtlər barədə soruşduq:
– Istiqlalçı Deputatlar Məclisi sentyabrın sonunda təsis olunub və sonuncu iclasımızda bu məsələyə baxmağı zəruri bildik. Cəmiyyətdə Ictimai Palata və başqa qurumlar haqlı olaraq parlamentin buraxılması məsələsini irəli sürürlər. Amma indiyə qədər bunun zəruriliyini əsaslandıran bir sənəd ortaya qoyulmamışdı. Düşünürəm ki, biz təqdim etdiymiz sənədlə məsələnin mahiyyətinə aydınlıq gətirə bildik. Bu sənəddə çox yığcam, əsaslı məqamlar yer alıb. Milli Məclisin xalqın iradəsi ilə formalaşdırılmadığı, hakim klan tərəfindən təyin edildiyi kəskin və açıq şəkildə şərh olunur. Gülər Əhmədovanın parlamentin saxtakarlıq və rüşvət yolu ilə formalaşdırıldığını sübut edən videoları bir daha əvvəllər Milli Məclisin saxta olması ilə bağlı qeyd olunan fikri təsdiqlədi. Bu təkzibedilməz dəlildir. Ona görə biz bəyanatımızda bu faktı vurğulamışıq. Çünki əvvəllər parlamentin saxtakarlaşdırıldığı ilə bağlı faktlar, sübutlar istənilirdi. Bu video görüntülər artıq hər şeyi sübut etdi, bizim arqumentlərimizi xeyli gücləndirdi.
Ölkənin rəhbərliyi iri cinayətə imza atıb
– Qəbul etdiyiniz bəyanatda vurğulamısınız ki, Gülər Əhmədova ölkənin ali rəhbərliyi tərəfindən himayə olunur. Maraqlıdır ki, YAP funksionerləri mətbuata açıqlamalarında artıq Gülər Əhmədova məsələsinin bitdiyini bəyan edirlər. Amma axı bu məsələ hələ çözülməyib. Sizcə, bu barədə göstərişi kim verib?
– YAP-ın rəhbərliyində olan bir sıra deputatlar fərqli fikirlər söyləyirdilər. Halbuki onların da cinayət əməlləri Gülər Əhmədovadan qat-qat çoxdur. Məsələn, ilk günlər Gülər Əhmədovanı hədəf alan Hadı Rəcəblinin cinayətləri ondan daha çoxdur. Amma baxın birdən birə hamı susdu. Hətta YAP rəhbərliyindən belə bəyanatlar verməyə başladılar ki, bu məsələ bitib. Nəyə görə? Çünki ali icra hakimiyyətinin rəyi budur ki, susun, danışmayın, bu işi ört-basdır edin. Məqsəd bu məsələnin cəmiyyətdə müzakirəsinin qarşısını almaqdır. Bu göstərişi verən ölkə rəhbərliyində təmsil olunanlardır. Bu şəxslər Prezident Administirasiyasının rəhbərliyi, dövlət başçısıdır. Gülər Əhmədova özü deyir ki, prezidentin razılaşdığı siyahını dəyişdirirəm. Gülər Əhəmdova rüşvəti kimin üçün istəyirdi? Bütün bunlar videodan açıq görünür. Siyahı ilə parlamentin təyin olunması ölkənin ali rəhbərliyinin işidir. Bu böyük bir cinayətdir. Çünki deputat mandatları pulun müqabilində satılır.
– Gülər Əhmədovanın himayə olunmasında onun məhşur “ağzımı açdırmayın” bəyanatının nə dərəcədə rolu olub? Çünki bütün olanlara baxmayaraq o partiyadan çıxarılmadı?
– Gülər Əhmədova onsuz da hərəkətinə adekvat cəzalandırılmayacaqdı. Amma onun “ağzımı açdırmayın” ifadəsindən sonra orta məmurlar, Gülər Əhmədovanı hədəf tutan deputatlar susdular. Amma ali hərbərliyin ümumiyyətlə fikri bu idi ki, bu məsələ mümkün qədər ört-basdır edilsin. Bu məsələ yavaş-yavaş unudulsun, cəmiyyətin diqqəti başqa məsələlərə cəlb olunsun. Ona görə bu məsələni yubatmaqla fikirləşir ki, unutdura biləcəklər. Çünki bu rejimin Gülər Əhmədovaya ciddi cəza vermək fikri yoxdur. Burada əsas müzakirə məsələsi, ortaya çıxan həqiqətlər Gülər Əhmədovanın əməlləri deyil. Azərbaycanı oğru, kleptokratiya rejimi idarə edir. Bu hakimiyyət ölkənin sərvətlərini, büdcə vəsaitlərini oğurlayır, deputat mandatlarını satır. Məsələ orasındadır ki, Azərbaycan hakimiyyətinin bütün qolları başdan-ayağa çürüyüb, üfunət iyi verir. Bu üfunət Azərbaycan xalqının, ictimaiyyətin, siyasi liderlərin köməyi ilə təmizlənməlidir. Azərbaycanın adına ləkə olan bu hakimiyyət getməlidir. Ölkəmiz bütün dünyada rüsvay olub. Azərbaycan xalqı demokratiyanın nə olduğunu dərk edir və bu dəyərə hazır millətdir. Hakim rejimin saxtakar əməlləri yalnız bununla bitmir. Xüsusilə parlament məsələsi xalqı üzür. Parlamentdə müstəqil fikrin olmaması, azğınlaşmış məmurların oranı da zəbt etməsi xalqın kəskin etirazını doğurur. Milli Məclis üzvlərinin çoxu həm də kommersiya ilə məşğuldur.
Rejim xalqın müstəqil dövlətdə yaşamasını istəmir
– Bəyanatda daha bir məqam parlamentin Prezident Aparatının oyuncağı olması ilə bağlıdır. Sənəddə parlament xüsusilə dövlət başçısı seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına görə sərt günahlandırılır?
– Əgər parlament deputatları ali icra hakimiyyəti tərəfindən təyin olunursa, deməli onlardan asılıdır. Məhkəmə sistemi, prokurorluq da eyni vəziyyətdədir. Ölkənin qanunverici orqanı daha acınacaqlı durumdadır. Gərək parlament müstəqil olaydı ki, ölkədə balans pozulmayaydı. Amma parlament təyin olunur və ali icra hakimiyyətinin bir oyuncağıdır. Bu parlament Konstitusiyaya da çox eybəcər dəyişikliklər edib. Bu dəyişikliklərdən biri də Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsindən gedir. Bu müddəa dövlət başçısının iki dəfədən artıq seçilməsinə qadağa qoyurdu.Bu müddəa Konstitusiyadan çıxarılıb. Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin əli ilə olub bu iş. Azərbaycanın dövlət atributlarını, qanunvericilik bazasını 1991-ci ildən 95-ci ilə qədər fəaliyət göstərən Milli Məclis yaradıb. Amma bunlar o vaxtkı Milli Məclisin varlığını belə inkar edirlər və bəyan edirlər ki, Milli Məclis 1995-ci ildən mövcuddur. Bunun səbəbi o vaxtkı Milli Məclisi bu hakimiyyətin təyin etməməsidir. Məsələn, dünyanın heç bir ölkəsində dövlət müstəqilliyi günü dövlət bayramı ola-ola iş günü deyil. Ukraynada 1991-ci il avqustun 24-də əldə olunan müstəqllik günü bir həftə bayram edilir, bir həftə qeyri-iş günüdür . Amma bizdə nə baş verir? Dövlət Müstəqilliyi Günü bayram statusu ola-ola həmin gün iş günü elan olunub. Dövlət müstəqilliyi gününün dövlət bayramı statusunu ləğv edə bilməyiblər, amma Əmək Məcəlləsi ilə iş günü ediblər. Bu isə o deməkdir ki, bu hakimiyyət müstəqilliyin əleyhinədir. Bunlar Azərbaycan xalqının müstəqil dövlətdə yaşamasını istəmirlər. Sanki Azərbaycan bunların mülkiyyətidir. Ona görə bu Milli-Məclis əslində, anti-milli, milli xəyanət məclisidir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu parlament ölkəyə, xalqa ziyan, dövlətə başaşağılığı gətirir. Bu məclis nə qədər tez buraxılsa cəmiyyət bir o qədər tez rahat nəfəs alar. Ona görə parlamentə yeni seçkilər keçirilməlidir.
– Bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına beynəlxalq birliyin reaksiyası necə olacaq?
– Hətta Rusiyada belə bu məhdudiyyəti Konstitusiyadan götürməyə cəsarət etmədilər. Medvedev bir dəfə seçildikdən sonra Putin yenidən hakimiyyətə qayıtdı. Hakimiyyət əsasən Rusiyadan ilham alır. Hazırda iqtidarda olanların bir çoxu keçmiş sovet KQB-si ilə əlaqəsi olmuş adamlardır. Indi Rusiyanın hakim dairələrinin mənafeyinə uyğun, onların himayəsi ilə fəaliyyət göstərirlər. Bunu heç kim dana bilməz. Azərbaycan məmurlarından bəziləri hətta Rusiyanın dediklərini yerinə yetirməklə bağlı öhdəlik götürüblər.
Birdə ki, hətta Konstitusiyanı dəyişsələr belə Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinə hüquqi əsas yoxdur. Çünki o, 2-ci dəfə seçiləndən sonra Konstitusiyaya dəyişiklik ediblər. Qanunun geriyə qüvvəsi yoxdur. Bütün bu qanunsuzluqların fonunda əlbəttə ki, I.Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinə sərt beynəlxalq reaksiya olacaq. Konstitusiya və qanunların yenidən ayaq altına salınmasına beynəlxalq ictimaiyyət susa bilməz. Bunu hakimiyyət dərk etməli və dünyada baş verən prosesləri nəzərə almalıdır.
– Parlamentin buraxılması ilə bağlı hazırda demokratik qüvvələr tərəfindən çoxsaylı çağrışlar olur. Bu sırada Ictimai Palatanı, müxtəlif ictimai birliklərin təşəbbüslərini göstərmək olar. Amma hakimiyyət bu sərt mesacların fonunda bəyan edir ki, Azərbaycanda parlamentin buraxılmasının prosedur qaydası yoxdur. Bu həqiqətənmi belədir?
– Hakimiyyət nümayəndələrindən biri deyib ki, Milli Məclisin buraxılması proseduru yoxdur. Halbuki Konstitsuiyada belə bir müddəa var idi, əgər parlamentə seçkilərdə 25 dairədən seçkilərin nəticələrini MSK təsdiq etməsə, yenidən seçki keçirilməlidir. Fikir verin görün bunlar nə qədər anti-demokratik ünsürdülər ki, bu maddəni də Konstitusiyadan çıxarıblar. Ona görə elə düşünürlər ki, bu maddə çıxdığına görə Milli Məclisin buraxılması mexanizmi yoxdur. Xeyir var. Konstitusiyanın başqa bir maddəsində deyilir ki, deputatların 83 nəfərinin mandatı təsdiq olunsa Milli Məclisə səlahiyyət verilir. Azərbaycan parlamentində isə azı 100 nəfər ya komersiyya fəaliyyəti ilə məşğuldur, ya da icra hakimiyyəti sistemində işləyir. Hətta rektorlar prezident tərəfindən təyin olunur. Milli Məclisin 95-ci ildə belə bir qərarı var ki, pedaqoci iş kafedra müdirinə qədər hesab olunur. Dekan, rektor vəzifələri pedaqoji fəaliyyət sayılmır. Bu artıq inzibati işdir. Bunların hamısını hesablayanda azı 100 nəfərin parlamentdə fəaliyyəti qanunsuzdur. Bütün bunlara görə bu şəxslər deputat mandatından məhrum olunmalıdırlar.
– Aktual olan daha bir mövzu Elşad Abdullayevin hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı qardaşının oğurlanmasına görə irəli sürdüyü ittihamlardır. Bu ittihamlar əsas götürülərək bu yüksək çinli şəxslər cəzalandırıla bilərmi?
– Iri çinli məmurlar cəzalandırılmayacaq. Xırda post tutan şəxslər cəza ala bilər. Amma nə qədər bu hakimiyyət davam edir Elşad Abdullayevin müracəitlərinə müsbət cavab verilməyəcək. Çünki bu rejim ölkədə böyük bir cinayət şəbəkəsi qurub. Bu şəbəkə isə bir-birilə qırılmaz tellərlə bağlıdır. Biri qırılsa bu rejim çökəcək. Ona görə də bunlar bir-birini saxlayırlar. Bu rejim dağılanda hamılıqla bir yerdə gedəcəklər. Inşallah!
Xəyal



