Dunya Miyatoviç jurnalistin döyülməsilə bağlı yalanı ifşa elədi
Noyabrın 10-da Mətbuat Şurasında “Ictimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminar keçirilib. Tədbirdə ATƏT-in ölkəmizdəki səfiri Koray Tarqay, media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, daxili işlər nazirinin müavini Oruc Zalov və media qurumlarının rəhbərləri, jurnalistlər iştirak ediblər.
Tədbirdə jurnalistlərə təhlükəsizlik jiletləri paylanıb.
Dunya Miyatoviç çıxış edərək deyib ki, istənilən ictimai tədbir zamanı polislər və jurnalistlərin yüksək səviyyədə əməkdaşlığı olmalıdır.
“Belə tədbirlərin davamlı olması vacibdir. ATƏT-in media azadlığı üzrə nümayəndəliyi tövsiyələr gözləyir. Bu, həmçinin bir praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb, biz problemləri araşdırmalıyıq. Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmalıyıq ki, jurnalistlər öz fəaliyyətilə məşğul olarkən problemlərdən uzaq olsunlar. Elə bir şərait yaratmalıyıq ki, jurnalistlərin məlumatı azad əldə etməsi mümkün olsun. Jurnalistlərin vəzifəsi isə ondan ibarətdir ki, özlərini media nümayəndəsi kimi təqdim etsinlər, keçirilən tədbirin iştirakçısına çevrilməsinlər”, – deyə Miyatoviç bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə çıxışında Azərbaycanda söz və mətbuat azadlığı sahəsində “müəyyən problemlər” olduğunu etiraf edib: “Azərbaycan problemsiz ölkə deyil. Söz və mətbuat azadlığının təmin olunması sahəsində postsovet məkanını əhatə edən digər ölkələr kimi, Azərbaycan da müəyyən problemlərlə qarşılaşır. Problemlərin bəziləri təəssüflər olsun ki, Azərbaycanın imicinə mənfi təsir də göstərir. Bu bəzi qrupların, təşkilatların kombinasiyasının nəticəsi kimi meydana çıxır. Bəziləri isə məlumatsızlığın və peşəkarlığın az olmasından irəli gəlir. Bu gün bizim bura toplaşmağımızın səbəbi də məhz peşəkarlığın az olmasının qarşısını almaq üçündür”.
Əli Həsənov həmçinin jurnalistləri etiraz aksiyaları “öz yerlərini və funksiyalarını düzgün müəyyən etməməkdə” günahlandırıb. Bu zaman o, jurnalist Idrak Abbasovun Dövlət Neft Şirkətinin işçiləri tərəfindən döyülməsilə bağlı məlum faktı misal göstərib. Həsənov deyib ki, sözügedən hadisə zamanı Idrak Abbasovu döyənlər onun jurnalist olduğunu bilmədiklərini iddia edirlər.
Əli Həsənovun bu fikirlərinə Miyatoviç replika verib. ATƏT təmsilçisi bildirib ki, Azərbaycan rəsmilərilə görüşlərdə Idrak Abbasovun məsələsini də qaldırıb. Miyatoviç onu da əlavə edib ki, məlum hadisə zamanı Idrak Abbasovun əynində jurnalist jiletinin olduğunu sübut edən fotolar bütün dünyaya yayılıb. Bu isə o deməkdir ki, Idrakı döyənlər onun jurnalist olduğunu bilməyə bilməzdilər.







