Böyük Britaniyada Azərbaycan debatı

Noyabrın 6-da Lord Laird Böyük Britaniyanın Lordlar Palatasında “Azərbaycan və Cənubi Qafqaz” mövzusunda debat təşkil etmişdir. Lord Laird, eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətinin Məşvərət Şürasının üzvüdür.
Debatda ilk sözlə çıxış edən Lord Laird Böyük Britaniya-Azərbaycan münasibətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən, problemin törətdiyi fəsadlardan, o cümlədən, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalından, bir milyondan çox insanın ev-eşiyindən didərgin düşməsindən bəhs etdi və bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini bildirdi.
O, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yetərsiz olduğunu qeyd etdi və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiyanın dünyada ən böyük erməni diasporu olan ölkələr olduğunu vurğulayaraq, Britaniya hökumətinin bu reallıqdan xəbərdar olub-olmadığını sorğuladı. Çıxışda bu münaqişənin həllində Böyük Britaniyanın konstruktiv rol oynaya biləcəyi qeyd edildi. Lord Laird bu rolun gerçəkləşdirilməsi üçün Böyük Britaniyadan Azərbaycana ən yüksək səviyyədə səfərin təşkilini təklif etdi və bu səfərin Azərbaycan və onun xalqı üçün nə dərəcədə əhəmiyyətli ola biləcəyini ön plana çəkdi.
Depatda söz alan Lord Şeyx Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik olduğunu vurğulamış və bunları qeyd etmişdir: “Ölkənin genişləndirmək istədiyi bir sıra sahələr vardır ki, onlara maliyyə, telekomunikasiya və infrastruktur daxildir. Bu yaxınlarda bir sıra Avropa ölkələrinin texnologiya və inşaat sektorundakı bəzi önəmli müqavilələrinə təminat verilmişdir. Başqa ölkələr bizi qabaqlayana kimi, Azərbaycanla ticarət əlaqələrimizi artırmaq üçün tələsməliyik”. O da öz növbəsində, Azərbaycana ticarət sahəsində yüksək səviyyəli səfərlərin təşkilini təklif etmiş, Baş nazirin bu yaxınlarda BƏƏ-yə səfərini alqışlayaraq, gələcək ticarət və sərmayə potensialının olduğunu etiraf etmək məqsədilə, belə səfərlərin Azərbaycana da təşkilinin məqsədəmüvafiq olduğunu bildirmişdir.
Debatda söz alan Lord Kilkluni də Azərbaycanla Böyük Britaniya arasındakı işgüzar əlaqələrdən danışaraq, Böyük Britaniyadan Azərbaycana ən yüksək səviyyədə – Baş nazir və Xarici işlər naziri səviyyəsində səfər edilməsinin vacibliyini vurğuladı. Azərbaycanda dəfələrlə səfərdə olan Lord Kilkluni burda yaşayan yəhudilərin bərabərhüquqlu vətəndaşlar kimi müsəlman əhali ilə birlikdə firəvan yaşadıqlarının şahidi olduğunu bildirdi. Lord Kilkluni də digər həmkarları kimi Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan ərazisinin 20%-nin hələ də erməni işğalı altında olduğunu və Minsk Qrupunun Ermənistana tərəf çıxdığını üzülərək qeyd etdi.
Debatda çıxış edən digər lordlar – Lord German, Saltir Lordu Lord Vollis, Lord Trisman, Lord Sandvic də deyilənlərlə razılaşaraq, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsini müdafiə etdilər. Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətinin qənaətbəxş olmamasına baxmayaraq onun işinə dəstəyi davam etdirməyin vacibliyini vurğuladılar və Lord Lairdə bu debatı təşkil etdiyi üçün təşəkkürlərini bildirdilər.
Debatı yekunlaşdıran Saltir Lordu Lord Vollis regiona sadiq olduqlarını vurğulayaraq, demişdir: “Bu region geniş Avropa qonşuluğunun bir hissəsi olduğu üçün onunla əməkdaşlıqda qərarlıyıq. Biz avropalı tərəfdaşlarımızla əməkdaşlıqda qərarlıyıq, çünki ümumi maraqlarımız var. Biz avropalı tərəfdaşlarımız olan Almaniya, Fransa və digər ölkələrlə bu regionda biznes və sərmayə sahəsindəki yarışda fəal ixracatçı kimi əməkdaşlıq etməkdə qərarlıyıq. Odur ki, bizim qarışılıqlı maraqlarımız vardır ki, bunlardan biri də Azərbaycanın, bütövlükdə isə Qafqazın artmaqda olan əhəmiyyətini tanımaqdır. Bu yol ilə biz gələcək enerji təhlükəsizliyimizə, Qafqazın daha sabit, çiçəklənən region olmasına və bütövlükdə, bizimlə həmsərhəd olan ölkələrin sülh naminə daha demokratik olmasına kömək edə bilərik”.
Təəssüf ki, öz ermənipərəst çıxışları ilə tanınan baronessa Koks bu ənənəyə sadiq qalaraq yenə də anti Azərbaycan mövqeyini nümayiş etdirmişdir.

İnformasiya şöbəsi