İlham Rəhimov: «Dələduzluq yumşaq desək, bir xəstəlik kimi cəmiyyətimizi bürüyüb»
«Cərimələrlə bağlı qanunu həyata keçirmək problemli olacaq»
– Siz hüquq elmləri doktoru, professorsunuz. Bu gün Azərbaycanda bir çox sahibkarların əmlakları əllərindən alınır, mülkiyyət hüquqlarıyla bağlı ciddi problemlər var. Bir hüquqşünas kimi bunlara münasibətiniz necədir?
– Sözü gedən problem köhnə ittifaqa daxil olan bütün respublikalarda mövcuddur. Hətta inkişaf eləmiş ölkələrdə də. Əmlak mübahisələrində adətən hər iki tərəf günahkar olur. Bəziləri bilərəkdən alqı-satqı proseslərini əngəlləyir, əvvəlcədən gələcək mübahisələrin təməlini qoyur. Heç şübhəsiz ki, burada məmur özbaşınalığı da olmamış deyil.
Digər tərəfin ya savadsızlığı, ya təcrübəsizliyi, bu sahədə diletantlığı öz rolunu oynayır. Yəni alan tərəfin hüquqi cəhətdən tam bilgiyə malik olmaması, məsələyə o qədər də ciddi yanaşmaması nəticəsində bu mübahisələr alan adamın gələcəkdə məğlubiyyəti ilə nəticələnir. Söhbət sənədlərin qanun çərçivəsində, mütləq şəkildə tərtibatından gedir.
Dövlət qurumları bu proseslərin təşkilində və həllində, şübhəsiz ki, məsuliyyət daşıyır.
– Deməli, siz günahı şirkətlərdə görürsünüz?
– Xeyr, burada hər iki tərəfdə günah olur. “Mən ölüm, sən ölümlə” başlanan söhbətin axırı məhkəmədə bitir. Bir mühüm məsələni də qeyd etmək istəyirəm. Dediyim kimi belə proseslər yeni yaranmış ölkələr üçün xarakterikdir, təbii proseslərdir . Bu tarixdən məlumdur. Düşünürəm ki, zaman hər şeyi yerinə qoyar.
Azərbaycanda məhkəmələrə inam yoxdur
– Bu məsələlərlə bağlı məhkəmələrdə birmənalı üstünlük dövlət qurumlarına verilir. Mən hələ rast gəlməmişəm ki, hər hansı şikayətçi qalib gəlsin. Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycanda məhkəmə islahatlarının keçirilməsi ilə bağlı tələbləri var. Sizi bir hüquqşünas kimi Azərbaycandakı məhkəmə sistemi qane edirmi?
– Təbii ki, qane etmir. Bu aydın məsələdir. Bir dövlətdə ki, vətəndaşlar haqq və ədaləti məhkəmədə və ya məhkəmədən sonra prezidentdə, Administirasiyada axtarırlarsa, bu onun göstəricisidir ki, məhkəmələrə inam yoxdur. Siseron deyirdi ki, “hakim danışan qanundur, qanun isə susmuş hakim”. Azərbaycanda da görürəm ki, insanların yarısı məhkəmələrə deyil, prezidentə, ayrı-ayrı təşkilatlara müraciət edirlər. Bu çox pis haldır. Elə Rusiyanın özündə də məhkəmələr bir o qədər yüksək səviyyədə deyil. Qanunlar çox gözəl yazılır, beynəlxalq hüquq normalarına uyğun gəlir. Şekspir vaxtilə deyirdi: “Qanunun mahiyyəti insana sevgidən ibarət olmalıdır”. Bu yaxşıdır, əgər o yerinə yetirilirsə. Amma görürük ki, bu proses hələlik uğurla davam etmir, görüləsi işlər çoxdur.
Bu qanunu həyata keçirmək problemli olacaq
– Siz, cəzalar haqqında kitab yazmısınız. Elə Azərbaycanda parlamentin reallaşdırmaq istədiyi mürtəce dəyişikliklərdən biri cəzaların fantastik dərəcədə şişirdilməsidir. Ölkədə təqaüdün 85 manat olduğu bir zamanda belə bir addım nə dərəcədə düzgündür. Təsəvvür edin, haqsızlığa etiraz edən bir təqaüdçü həbs olunduqdan sonra təxminən bir illik, səkkiz aylıq təqaüdünü cəriməyə verməli olur. Bu nə dərəcədə düzgündür?
– Vaxtı ilə Siseron vurğulayıb ki, çox sərt qanun həddən artıq ədalətsizliyin nümayişidir. Bu o deməkdir ki, insan hər hansı qanunsuz hərəkətinə görə uyğun cəza almalıdır.
Bu nöqteyi nəzərdən sərt qanunların özü həmişə ona gətirib çıxarır ki, həyata keçməyi də böyük problem olur, sadəcə olaraq qanun işləmir. Digər böyük bir filosof Ş.Monteskye deyirdi:”Qəddar qanunlar onlara əməl olunmasına mane olur”. Ona görə düşünürəm ki, qanunvericilik orqanının müdrükliyi yalnız ondan ibarət deyil ki, o qanunları qəbul edir. Həm də ondan ibarətdir ki, qanunu qəbul etməmişdən qabaq cəmiyyətdə gedən prosesləri yaxından bilsin, proqnoz etsin ki, bu qanun həyata keçəcək yoxsa-yox. Mən elə hesab edirəm ki, sizin dediyiniz qanunun həyata keçirmək prosesi problemli olacaq. Bunu dünya adekvat qəbul etməyəcək. I.Höte deyib ki, qanun qüdrətlidir, lakin ehtiyac ondan da güclüdür. Düşünürəm ki, qanunsuz hərəkətə yol verən insanlara qarşı tədbir ona uyğun deyil. Bu qanun effektiv olmayacaq.
– Sizi o kitabı yazmağa daha hansı amillər vadar edib?
– Məni maraqlandıran əsas odur ki, ən effektli cəzanı axtarıb tapmaqdır. Əgər insan hansısa bir cinayət törədirsə, ona qarşı tətbiq edilə biləcək, cəzanın məqsədinə nail olmaq üçün ən optimal cəza hansı olmalıdır?
Dövlət insanları müdafiə etməlidir
– Bu gün məhkəmələrdə camaatı aldadan xeyli tikinti şirkətlərinin məhkəməsi, bəzilərinin istintaqı gedir. Ev almaq hər bir ailə üçün böyük hadisədir. Elə ailələr var ki, illərdir topladıqları vəsaitləri aparıb bir şirkətə veriblər, şirkət də bunları aldadıb. Sizcə, bu necə tənzimlənməlidir ki, belə hallar baş verməsin?
– Bu suala cavab vermişdim. Düz deyirsiniz, dələduzluq yumşaq desək, bir xəstəlik kimi cəmiyyətimizi bürüyüb. Fəqət insanlar da günahdan xali deyillər. Qeyd edim ki, cinayətin kökünü cəmiyyətdə axtarmaq lazımdır, cinayətkar sadəcə olaraq fiqurdur. Cinayətin baş verdiyi cəmiyyətin, bütövlükdə, iqtisadi-siyasi-inellektual durumu əsas şərtdir. Yəni hər növ cinayətlər cəmiyyətin durumundan asılıdır.
– Burada dövlət qurumlarının üzərinə hansı məsuliyyət düşür?
– Bu məsələdə dövlət kənarda qala bilməz. Istər dövlət şirkəti olsun, istər özəl şirkət olsun, vətəndaşalarla münasibətdə dələduzluğa yol verilibsə, o gərək birinci növbədə mülki qaydada həll olunsun. Dövlət bütün hallarda insanların marağını gözləməli, müdafiə etməlidir.
– Bu yaxınlarda parlament dövlət büdcəsini qəbul edəcək. Bu il yenə də əvvəlki illərdə olduğu kimi büdcənin 40 faizindən artığı bir başa Neft Fondundan transfertlərdir. Gələcək nəsillərə qalmalı olan bu vəsaitin təqaüdə, maaşa sərf olunmasına necə baxırsınız, yəni doğrudanmı, Azərbaycanın bunsuz keçinməsi mümkün deyil?
– Dövlətimiz gənc müstəqil dövlətdir. SSRI dağıldıqdan sonra çox pis vəziyyətdəydik. Biz Neft Fondunun gəlirlərinin hamısını gələcək nəsillər üçün saxlaya bilmərik axı. Indiki dövrdə infrastrukturanı yaratmaq lazımdır, istehsalata, ehtiyat fonduna, çox vacib olan digər mühüm sahələrə vəsait qoymaq vacibdir. Bütün bunları etmək üçün təbii ki, böyük kapital tələb olunur.
Müəllimə həmişə hörmətli insan kimi baxırdıq, amma indi?
– Beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadiyyatı ilə bağlı müxtəlif rəqəmlər açıqlayırlar. Gizli iqtisadiyyatın həcmindən danışılır. Iş adamı kimi bu rəqəmlərlə tanışsınız. Siz necə hesab edirsiniz, Azərbaycanda gizli iqtisadiyyatı aradan qaldırmaq yolu ilə neftsiz büdcə mümkündürmü?
– Buna cavab vermək üçün gərək konkret faktlara, sənədlərə malik olasan. Çayxana söhbətləri ilə münasibət bildirmək qeyri-ciddidir. Beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına dair rəsmi məlumatları ilə tanış deyiləm.
Bu boyda təhsil haqqı olar?
– Azərbaycanda təhsilin vəziyyəti də ürəkaçan deyil. Prezident Administrasiyasının rəhbərinin yazısında da bu vurğulanır. Azərbaycanda çoxlu sayda məktəblər var ki, oradan artıq illərdir ki, heç kim ali məktəbə daxil olmur. Buraxılış imtahanlarının nəticələri ilə bağlı ürəkaçan məlumatlar verilmir. Bunun bir səbəbini də indiki əmək haqı ilə izah edirlər. Siz özünüz də vaxtilə dərs demisiniz. Sizcə indiki əmək haqqı ilə savadlı gələcək qurmaq mümkündürmü?
– Əmək haqqını savada bağlamaq düzgün deyil. Elə ailələr var ki, onların böyük imkanları var, amma övladları bisavaddırlar. Yəni maddi cəhətdən uşaqlarının savadlı olması üçün yaxşıdır, amma uşaqlar savadsızdırlar. Lakin elə ailələr var ki, imkanları yoxdur, ancaq uşaqları savadlıdır. Uşağın özündən də çox şey asılıdır. Fikir verin. Sovet dövründə kəndlərdə kasıb aillər çox idi. Mən özüm də bir neçə sinfi kənddə oxumuşam. Amma görürdünüz, necə savadlı alimlər kəndlərdən, həm də kasıb aillərdən çıxırdılar. Ona görə, savadı bununla əlaqələndirmək olmaz. Əgər söhbət pullu məktəblərdən gedirsə, bu ödənişi etməyə hamıda imkan yoxdur. Ümumiyyətlə, Azərbaycanda təhsil prosesinin təşkilində çox böyük problemlər mövcuddur. Istər özəl təhsil sistemi, istər ali təhsil almaq məsələsi, fikrimcə, tam, dürüst həllini tapmayıb. Təhsil nazirliyi və TQDK arasında problemlər mövcuddur. Bu da gələcək nəslin yetişməsinə mənfi təsir göstərir. Dövlət tərəfindən xaricə göndərilən tələbələrin seçimində qeyri-obyektivlik mövcuddur. Özəl ali təhsilin təşkili heç bir tənqidə dözmür. Nə qədər özəl ali məktəb olar? Bu boyda təhsil haqqı olar? Bu bizim əhalinin sosial durumuna uyğun deyil.
– Məni daha çox müəllimə verilən əmək haqqı maraqlandırır?
– Açığı deyim, müəllimə verilən əmək haqqı ümumiyyətlə, heç nəyə uyğun gəlmir. Biz həmişə müəllimi ən imkanlı, ən hörmətli adam kimi görmüşük, müəllimə heç bir vaxt nə kasıb deyilməyib, nə də varlı deyilməyib. Müəllimə həmişə hörmətli bir insan kimi baxırdıq. Indi bunlar hamısı keçib-gedib. Onlar yoxdur.
Desək ki, Azərbaycanda korrupsiya yoxdur, adama gülərlər
– Azərbaycanın adı ən müxtəlif təşkilatların siyhısında korrupsiyanın səviyyəsinə görə ön yerlərdədir. Eyni zamanda hökumət də korrupsiya ilə mübarizə apardığını deyir və bunun mövcudluğunu inkar eləmir. Korrupsiya ilə mübarizənin indiki səviyyəsi Sizi qane edirmi?
– Dövlət başçısınıòn özünün dediyinə görə, bu mübarizə onu qane etmir. Desək ki, Azərbaycanda korrupsiya yoxdur, adama gülərlər. Korrupsiya postsovet respublikalarının hamısında demək olar ki, eyni səviyyədədir. Bu da təbii bir posesdir. Bizdə çox zaman korrupsiya ilə rüşvəti qarışdırırlar. Məsələn, bir şəxsi rüşvət verən və ya alan yerdə saxlayırlar və deyirlər ki, bu korrupsiya ilə mübarizədir. Yaxşı bu korrupsiyadır, yoxsa rüşvətdir? Ümumiyyətlə, Cinayət Məcəlləsində rüşvət verib-almaq cinayətdir. Ona görə, korrupsiya məsələsində proqram da hazırlamaq olar. Amma biz nə qədər proqram hazırlasaq da, bunun bir zamanı var. Istədiyimiz kimi korrupsiyanın qarşısını ala bilməyəcəyik. Ümumiyyətlə, indiyə kimi heç kim deyə bilməz ki, cinayətkarlığın kökünü birdəfəlik kəsmək olar. Sovet dövründə Kommunist Partiyasının proqramında da var idi ki, gələcəkdə bu tarixdə cinayətkarlığın kökü kəsiləcək. Indi heç yerdə belə bir anlayış yoxdur. Niyə, çünki başa düşmüşük ki, cinayətkarlığın kökün kəsmək heç bir cəmiyyətdə mümkün deyil. Cinayətkarlıqla mübarizə aparmaq, onun səviyyəsini aşağı salmaq olar. O cümlədən, korrupsiya ilə mübarizə aparmaq olar, amma onun kökünü kəsmək qeyri-mümkündür.
– Gürcüstanda bəlli bir təcrübə var. Gürcüstanda korrupsiyaya qarşı sürətlə mübarizə aparıldı. Amma Azərbaycanda bu sürət görünmür.
– Ola bilər, bunu zaman göstərər. Gürcüstanda olan vəziyyət necə olacaq, o sabahın işidir. Hər halda orada, görünür, bu məsələ nisbətən yaxşı qurulubmuş.
Sücəddin Şərifov



