Azərbaycan xalqının itirməyə nəyi qalıb ki?!

Az qala hər gün bir neçə faizlə ölçülən və çoxumuzun artıq vərdiş etdiyimiz üçün üstünə getmədiyimiz bahalaşmadan yazacaqdım: xüsusən, “Yumurta müşavirəsindən” sonra qorxudan cüt-cüt yumurtlayan və tapşırığı can-başla yerinə yetirən “broylerlərdən” fərqli olaraq kənd toyuqlarının əlahəzrəti saymamasından, qiyməti daha da qaldırmasından, Ukraynadan gətirilib, üstünə “Giləzi” möhürü vurulmaqla daxili istehsal adına geydirilən yumurtalara da pis nümunə olmasından xəbər verəcəkdim, amma “Azərbaycan” qəzetinin baş yazarının baş yazısı imkan vermədi.
“Azərbaycan”ın baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun artıq sizlərə bəlli olan yazısına diqqət etməyimin yeganə səbəbi həqiqətlərin çoxluğundadır. Səmimi deyirəm, B.Sadıqov doğrudan da reallıqları yazıb.
Başlayaq ondan ki, Bəxtiyar müəllim də “itirməyə heç nəyi olmayanları qorxulu qüvvə” sayır. Bilirsinizmi bunu? Bəs, niyə bu milləti illərdir “itirməyə heç nəyi olmayan” aclara çevirirsiniz? Niyə ölkədə “itirməli nəyisə olan” vətəndaşlar yetişdirmək istəmirsiniz? Niyə hətta insanların evini də başına uçurur, ömrü uzunu daldalandığı “yuvalarına”, özünüz demiş, “çöp” uzadır, onları yersiz-yurdsuz edirsiniz? Bu acların bir gün Azərbaycanı Liviyaya çevirəcəyindən niyə ehtiyat etmirsiniz?
“Ərəb baharı” başlayanda YAP icraçı katibi Əli Əhmədov “gənclərin mənzil problemini həll etmək üçün Azərbaycan dövlətinin daha aşağı faizlə bir milyardlıq fond yaratmağa imkanı var” deyə bəyanat vermişdi. Niyə yaratmadınız o fondu? Nəyi gözlədiniz? “Ərəb baharı”nın Azərbaycana gəlmə imkanlarını, əhalinin hələ silaha sarılmağına “bir az” qaldığını düşündüyünüz üçün elan etdiyiniz bu layihədən əl götürdünüz? Niyə bu xalqın təbii sərvətlərindən özünə çatası haqqın mində birini verməyə can çəkirsiniz?
Ev yox, iş yox, perspektiv – rüşvət və korrupsiyanın əlində məhv olub; təhsil yox, səhiyyə yox; hara gedirsən – rüşvət tələb edirlər; hansı qapını döyürsən – bürokratik əngəllə qarşılaşırsan; hər yerdə oturtduğunuz harnımış yaramazlar, Elşad Abdullayevlərdən diplom alan kütbeyin qudurmuşlar, vəzifəyə gəlmək üçün anasının əmcəyini kəsməyə, satmağa, satılmağa hazır olan, çirkaba batmaq üçün ətək-ətək pul verən və daşıdığı görəvi “biznes işi” sayan quldurlar… evi əlindən alınıb, küçələrə atılan, bir xoruza yük edilmiş insanlarla necə davranır, bilmirsiz?
Ölkə başçısından tutmuş sıravi məmurlara qədər bu ölkədə vəzifə daşıyan hər kəsin sanki xalqın üzünə yalan üfürmək, rüşvət almaq, ölkənin yeraltı-yerüstü sərvətlərinin talanmasında iştirak etməkdən ayrı heç bir məsuliyyəti yoxdur.
Beləcə idarə edirsiniz bu ölkəni və beləcə “itirməyə heç nəyi olmayan” milyonlar yetişdirirsiniz. Nəticəsinin nə olacağını bilirsiniz!
Bəli, Qarabağ problemi, Azərbaycanın milli dərdləri, siyasi maraqları gündəmə gələndə bəzi beynəlxalq qurumlar “demokratiya”, “mətbuat və söz azadlığı”, “insan haqları”, “demokratik seçki”… “çöplərindən” istifadə edir. O çöpləri beynəlxalq güclərin əlinə niyə verirsiniz? Niyə bu xarabada demokratiya, söz azadlığı qurmursunuz, niyə siyasi rəqiblərinizə qarşı repressiya aparırsınız ki, ölkəmizə qarşı bu çöplərdən istifadə edilir? Niyə burda insan haqları pozulmalıdır ki, Dağlıq Qarabağın erməni icmasının əlində “Azərbaycan öz vətəndaşlarının haqqını pozur, bizimkini qoruyarmı?” arqumenti yaransın? Niyə bu yazıq vətəni talamalı, bu vətən övladlarına yağı kəsilməlisiniz ki, sonra da ətək-ətək rüşvət verib lobbiçilik edəsiz, ayıbınızı üzə vurmaması, müzakirə mövzusuna çevirməməsi üçün kimlərinsə qarşısında öhdəlik götürəsiniz?
Çöpü arı yuvasına uzadanlar deyil, arı yuvasına uzatmaq üçün çeşid-çeşid, növ-növ çöpləri rəqiblərinə verənlərdir günahkarlar! Qəzzafi 40 ildən çox, Hüsnü Mübarək 30 ildən artıq prezident olmasaydı, vaxtında və adam balası kimi istefaya getsəydilər, Qərb hansı “çöpü” uzadacaqdı Liviyaya, Misirə? Bunları görə-görə iki dəfədən artıq prezident seçilməyə qadağa qoyan Konstitusiya maddəsini dəyişib, Qərbə daha iri bir çöpü niyə uzaldırsınız ki, “arı yuvasına” soxsun?
Ümumiyyətlə, bu xarabanı niyə arı yuvasına, barıt çəlləyinə döndərmisiniz? Hər kəsin ürəyində özünüzə qarşı kin və nifrət dinamitləri basdırandan sonra fitili alışdırmaq üçün camaatın evini başına yıxıb, kimləri “odla oynamaqda” təqsirkar çıxarmaq istəyirsiniz?