“Papanin” sakinləri yolu bağladı (FOTOLAR)

Metro tikintisinə görə sökülən evlərin sahibləri veriləcək kompensasiya ilə razılaşmayıb aksiya keçirdilər

Kompensasiya hər kvadrat metr üçün 500-900 manatdır; evlərin sahəsi azaldılır, həyətlər isə hesaba daxil edilmir

Nəsimi rayonunda “Papanin” kimi tanınan qəsəbəni də sökürlər. Ilkin olaraq 28 ev söküləcək. Daha sonra isə 101 mənzil buldozerin qabağına veriləcək. Kompensasiya isə bazar qiymətlərindən qat-qat aşağı olduğu üçün sakinlər bununla razılaşmır. Dəfələrlə aidiyyəti qurumlara müraciət edən ərazidə yaşayanlar mənzillərinin hər kvadratına 1500 manatdan pul tələb edirlər. Ancaq sakinlərə deyilib ki, ən yüksək məbləğ 900 manat olacaq. Bununla razılaşmayanlar ötən gün etiraz edərək, yolu bağladılar.

Kompensasiya az verilir, mənzillərin sahəsi azaldılır

Olay barədə məlumat verməzdən öncə qeyd edək ki, evlər Bakı Metropoliteninə görə sökülür. Ərazidə Metropoliten xətlərinin konseptual inkişaf sxemi və 2011-2015-ci il dövlət proqramına əsasən B-3 metro xəttinin çəkiləcəyi ïïgözlənilir.


Indi keçək etiraz aksiyasına. Yolu bağlayanlar onlara bazar qiymətlərinə uyğun kompensasiya verilməsini tələb edirlər: “Söküləcək evlərin çoxunun sənədi var. Əksər sakinlər mənzilinə ”kupça” alıb. Gəlib deyirlər ki, “kupça”sı olanlara o birilərindən 20 faiz artıq pul verilib. Metropolitenin işçisi Aftandil Bayramov (Metropoliten tikilən 3-cü xəttin texniki istehsalat şöbəsinin rəisi – R.D.) deyir ki, kimə istəyirsiniz şikayət edin. Elə ailə var ki, ona 22 min manat pul veriləcək. Bu pulla harada ev almaq olar? Kompensasiyanı az verirlər, üstəlik, mənzilin sahəsini ölçəndə kiçildirlər. Hər yerə şikayət etmişik. Gördük ki, bizə diqqət edən yoxdur, məcbur olub yolu bağlamağa qərar verdik”.
“Papanin”də elə mənzillər var ki, onun satış qiyməti 150 min manatdan yuxarıdır. Ancaq həmin mənzillərə 105 min manat veriləcəyi deyilib.
Sakinlər deyirlər ki, bu işə məsul olan şəxslər mənzillərin sahəsini kiçildirlər: “Evə gəlib baxış keçirirlər, sahəsini ölçürlər. Üstündən bir gün keçir, növbəti dəfə mənzilin sahəsini ölçəndə yenə azaldırlar. Birinci hesablamayla ikinci hesablama arasında ən azı 5 min manat kompensasiya fərqi olur. Bundan başqa, evin sahəsini ölçənlər otaqlar arasında olan divarları ölçüyə salmırlar. Üç otaqlı evdə bu ən azı 10 kvadrat metrin yoxa çıxması deməkdir. Bu azmış kimi həyətləri də ölçmürlər. Başa düşmək olmur. Hasar çəkilibsə, qapı qoyulubsa, deməli, həyət də mənzil sahibinə aiddir”.
Bu cür özbaşınalıqlarla üzləşən mənzil sahibləri sonda çarəsiz qalıb divarları sökəcəklər: “Buna məcburuq. Çünki kompensasiya azdır, evin sahəsini kiçildirlər. Otaqların da divarlarını hesablamayanda, bizə çatacaq pulun miqdarı lap aşağı olacaq”.

“Bir söz əzbərləyiblər – tez çıxın metro tikiləcək”

“Papanin” sakinləri deyir ki, ölkə başçısının göstərişlərini yerli məmurlar qulaqardına vururlar: “Ilham Əliyev bu ilin əvvəlində Nazirlər Kabinetində keçirdiyi iclasda bildirdi ki, Bakıda yerindən asılı olmayaq dövlət əhəmiyyətli obyektə görə söküləcək mənzil sahiblərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək. Ilham Əliyev demişdi ki, evinin sənədi olana da, olmayana da bu məbləğ ödənilməlidir. Ancaq bizə bu pulu vermirlər. Kompensasiya 500-900 manat arasındadır. Qanunda da göstərilib ki, sakin 30 ildən artıq hətta sənədi olmayan mənzildə yaşayırsa, bu onun mülkiyyəti sayılır. Indi bəzi evlərə ”kupça” bəhanəsiylə az pul ödəyirlər. Halbuki, 1998-ci ildən bəri heç bir mənzil sahibinə “kupça” verilmir. Aidiyyəti qurumlara müraciət etmişik, deyiblər ki, sizə sənəd verməyə icazə yoxdur”.


Etirazçılar onu da bildirdilər ki, burada yaşayanların əksəriyyəti 70-ci illərdə mənzil alanlardır: “Bəziləri isə evini satıb. Mənzilləri alanlar da yenidən təmir edirlər. “Papanin”də elə mənzil var ki, sahibi onun yenidən təmirinə, ikinci mərtəbəsinin tikilməsinə 50 min manatdan çox pul xərcləyib. Həmin mənzili də alanda 70 min manat pul ödəyib. Təkcə bu, 120 min manat edir. Həmin mənzil sahibinə deyirlər ki, 100 min manat kompensasiya alacaqsan. Əslində kompensasiya onun çəkdiyi xərclərdən qat-qat artıq olmalı, mənzilə bazar qiymətindən 20 faiz artıq pul verməli, üstəlik, əşyaları daşımaq üçün əlavə kömək edilməlidir. Ancaq bunların heç biri edilmir, bir söz əzbərləyiblər, deyirlər ki, tez çıxın metro tikiləcək”.

Polis rəisinin müavini sakinlərə nə məsləhəti verdi?

Söküləcək evlərin sahiblərinə bildirişlər də verilib. Bildirişdə qeyd edilib ki, tez bir zamanda əşyalarınızı götürüb, evlərinizi tərk edin. Sakinlər mənzillərindən çıxmağa etiraz etmirlər: “Burada nə tikirlərsə, Allah xeyirlərini versin. Sadəcə, normal pul istəyirik. Bu pulu vermirlərsə, onda bizi Nəsimi rayonunda evlə təmin etsinlər”.
Etirazçılar yolu bağlayaraq öz haqq səslərini dünyaya çatdırmaq niyyətində idilər. Az keçməmiş əraziyə Nəsimi rayon Polis Idarəsinin əməkdaşları gəldi. Onlar sakinlərə yolu bağlamamağı məsləhət gördülər və bildirdilər ki, kənara çəkilib problemə aydınlıq gətirsinlər. Sakinlər toqquşma baş verməsin deyə yoldan çəkildilər. Polislərin başçısı isə Nəsimi rayon polis idarəsinin rəis müavini Süleyman Nemətov idi. O etirazçılara bildirdi ki, yolu bağlamaq problemi həll etmək deyil: “Mənim də burada qohumum yaşayır. Siz yolu bağlamaqla problemi həll etmirsiniz. Aidiyyəti qurumlara müraciət edin. Siz yolu bağlayacaqsınız, mən bir dəfə xəbərdarlıq edəcəm, ikinci dəfə təkrar edəcəm, üçüncü dəfə artıq sizinlə başqa cürə danışılacaq”.
Rəis müavini evlərə verilən bildirişlərdən bir neçəsini götürüb “yuxarı” instansiyalara məruzə edəcəyini bildirdi.
Sakinlər təxminən iki saatlıq etirazdan sonra yavaş-yavaş dağılışdılar. Onlar kompensasiya yüksək məbləğdə verilməyəcəyi təqdirdə yenə yolu bağlayacaqlarını söylədilər…

Ramin DEKO