Bizim “dövlətçi” hüquq müdafiəçiləri

Istənilən işdə əsas prinsiplərin razılaşdırılması heç də həmişə asan olmur. Bəzən buna aylar, hətta illər sərf olunur. Amma bütün ixtilafların və mübahisələrin əsas prinsiplərə baxışlardakı fərqlərdən yarandığını zənn etmək də sadəlövhlük olardı, xüsusən də söhbət ölkənin hüquq müdafiəsi sferasındakı problemlərdən gedirsə. Amma bu gün bu sferada yaşanan problem özünün personallaşdırılmadan çözülməsini tələb edir, çünki onu fərdiləşdirsək və ayrı-ayrı fərdlərin bu məsələdə oynadığı rolu təhlil etsək, belə təhqiqatlar bizi çox qəliz nəticərə gətirib çıxarar və bütövlükdə ölkənin hüquq müdafiə sferası üçün hətta əlavə problemlər yaradar. Amma hüquq müdafiəçiləri arasındakı problemlər artıq adi dəhliz və ya mətbəx söhbəti olmaqdan çox kənara çıxıb, ölkənin aparıcı qəzetlərinin mövzusuna çevrilib. Problem nədədir? Onu qısaca belə ifadə etmək olar: hüquq müdafiəsi ilə məşğul olan insanlar bir-birini faktiki olaraq hakimiyyətlə heç də yaxşı olmayan əməkdaşlıqda ittiham edir. Bəlkə də hər şeyi öz adı ilə adlandıraraq məsələni daha tez və asan çözmək olardı, amma əvvəldə qeyd etdik ki, məsələni personallaşdırmadan çözmək niyyətindəyik? 
H üquq müdafiəçisi siyasətlə məşğul olursa…
Böhranın ilk simptomları məhz bu anda təzahür etməyə başlayır – bir də görürsən ki, hüquq müdafiəçiləri artıq siyasətlə məşğul olur. Bizim hüquq müdafiəçiləri təəssüf ki, heç vaxt siyasətə biganə olmayıblar, şəxsən mənim yaxşı tanıdığım hüquq müdafiəçilrinin hamısının konkret siyasi mənsubiyyəti olub. Amma biz buna həmişə bir vətəndaş mövqeyi kimi baxmışıq və bundan uzağa gedən nəticələr çıxarmamışıq, çünki kimlərinsə müxalifət partiyasında təmsil olunmasının obyektiv mövqe tutmağa mane olacağını zənn etməmişik. Bunun həm də başqa səbəbi olub. Hüquq müdafiə prosesi dövlət -vətəndaş müstəvisində cərəyan edir. Ona görə də prosesə təsir edə bilən amil hüquq müdafiəçisinin hakimiyyətlə olan münasibətləridir. Bu münasibətlər “istiləşəndə”, “dərinləşəndə” artıq, demək olar, bəli, insan haqları fəalları siyasətlə məşğul olurlar. Insan haqları fəallarının məlumatları əsasında Avropa Şurasının ekspertləri, başqa təşkilatların təmsilçiləri məruzələr və hesabatlar hazırlayırlar. Təbii ki, bu amil həmin fəalları hakimiyyətin nəzərində maraqlı edir və əsl “siyasi ov” başlayır.
Qısaca demək olar ki, artıq bu “siyasi ov”un nəticələri də var, onları hamı çox gözəl bilir, mətbuatdakı yazılardan sonra yəqin bilməyənlər və tərəddüd edənlər də bu haqda məlumat əldə ediblər. Amma hər şeyin bir “bəraət”i var. Ona görə də hüquq müdafiəçilərinin bir qismi elə bəzi siyasi həmkarları kimi hakimiyyətlə münasibətlərini “əsaslandırmağa” cəhd edirlər.
“Dövlətçi” olmaq nə deməkdir?
Bu söhbətin də kökləri çox dərinə gedir. Hakimiyyətlə “isti” münasibətlər saxlayan siyasətçilər, hüquq müdafiəçiləri və hətta jurnalistlər həmişə belə bir tezis irəli sürürlər ki, bəs, biz dövlətçiyik. Güman etmək olardı ki, hakimiyyəti obyektiv olaraq tənqid edənlərə, ona qarşı müxalifətdə olanlara dövlətçilik hissi yaddır!.. Insan haqları müdafiəçiləri insan haqlarının heç bir dövlətin daxili işi olmadığını və insan haqlarının üstünlüyü prinsipini qəbul etməlidir, əks təqdirdə o, hüquq müdafiəçisi deyil, prokuror və ya polisdir. Əslində bu illər ərzində hakimiyyətin təsir sferasında olan və ya sonradan bu sferaya düşən huquq müdafiəçilərinin olması faktı da çox təbii qəbul edilməli idi, çünki əvvəldə qeyd etdik ki, hakimiyyət bu məsələyə heç də biganə deyil. Bu gün təəssüflə demək olar ki, hakimiyyətə əsl müxalifət partiyası obrazını mənimsəmək, onu istədiyi partiyaya “yapışdırmaq” nəsib olmasa da, bəzi hüquq müdafiəçilərini öz sferasına cəlb etmək mümkün olub. Indi həmin hüquq müdafiəçiləri müstəqil olduqları vaxt topladıqları etimadı hakimiyyət üçün xərcləyirlər. “Bəraət”ləri də odur ki, biz dövlətçi insanlarıq…
Islamçıları müdafiə etmək olarmı?
Hüquq müdafiəçisinin əslində siyasi simpatiyası olmamalıdır. Onun işi siyasətçilər və siyasi qüvvələr arasında seçim etmək, kimin ölkə üçün daha gərəkli olmasını araşdırmaq yox, kimlərə qarşı hüququn və qanunların pozulduğunu müəyyən etmək, belə pozuntu varsa, həmin adamları müdafiə etməkdir. Etiraf edirəm ki, bir siyasi qüvvə kimi mənim də islamçılara elə bir simpatiyam yoxdur. Amma onlarla qanun və hüquq çərçivəsində rəftarın tərəfdarıyam, bu adamların ədalətli mühakimə hüququnu qəbul edirəm. Hüquq müdafiəsi ilə məşğul olan insanlar da belə etməlidir. Bəzən insanlara selektiv yanaşırlar. Bu isə artıq hüquq müdafiəsi demək deyil. Hakimiyyətdəkilər də elə düşünür ki, dünyada dinçi siyasi qüvvələrə qarşı bir qədər mürəkkəb münasibət varsa, onlarla istədikləri kimi davrana bilərlər, çünki bu qüvvələr “dövlətəçi” deyillər. Hüquq müdafiəçiləri də bu baxışı bölüşməyə və onu müdafiə etməyə başlayanda bir də görürsən ki, ölkə artıq feodal qaydalarla idarə olunur. Ədalət selektiv olmur, o, ya hamıya şamil edilir, ya da hamıya münasibətdə pozulur, çünki “dövlətçilik”lə “hakimiyyətəçiliy”in çulğalaşdığı ölkədə bir gün hər birimiz “xalq düşməni” elan edilə bilərik.