Putinin dostu “Azadlıq”a sensasiyalı müsahibə verdi
İlham Rəhimov:«Rusiyada xeyli rəsmi adamlarla görüşmüşəm, belə bir şey olsaydı, bunu ən azı hiss edərdim»
«Dəvət etsəydilər, təbii, orada iştirak edə bilərdim. Ancaq hansı mövqeyim olardı, bu müzakirələrdən asılı olacaqdı»
«Şəxsi münasibəti, dostluğu həmişə siyasətdən üstün tutmuşam və həmişə də belə olacaq»
“Azadlıq” qəzetinin bugünkü müsahibi tanınmış iş adamı, professor Ilham Rəhimovdur. Onunla söhbətimizdə gündəmin ən aktual mövzularından danışdıq.
– Ilham müəllim, xeyli müddət idi ki, Sizdən müsahibə götürmək istəyirdik. Amma alınmırdı. Bizim üçün maraqlıdır, müxalifət qəzetinə müsahibə vermək istəmirdiniz, yoxsa, vaxt problemi var idi?
– Iqtidar qəzetlərinin də heç birində müsahibəm yoxdur. Bununla nəyi demək istəyirəm. Mən sərbəst adamam. Kim müraciət edir, fərqi yoxdur, suallara cavab verməyə hazıram.
Rəsmi dairələr, Rusiyadakı azərbaycanlılar çaş-baş qalıb
– Bu gün cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də Rusiyada yaşayan bir qrup tanınmış iş adamının Moskvada yaratdığı təşkilatdır. Sizin bu təşkilata münasibətininz maraqlı olardı?
– O təşkilatın adını əvvəlcə müxtəlif idi. Milyarderlər klubu da deyirlər. Klub nə deməkdir? Gərək o zaman bu təşkilatın üzvlərinin hamısı milyarder ola. Amma bildiyimə görə oradakı insanların heç də hamısı milyarder deyil. Ikincisi, mətbuatda bir rəqəm də açıqlanır, deyilir ki, onların 40 milyard dollar miqdarında maliyyə imkanları var. Bu da şişirdilmiş rəqəmdir. Çünki Rusiyada yaşayan azərbaycanlı iş adamlarının vəsaitlərini bir yerə yığsaq, heç 40 milyardın yarısı da olmaz. Konkret suala gəlincə isə, qeyd edim ki, RATI-nin yaranmasını səhərsi günü mətbuatda oxumuşam. Amma təbiidir ki, bu məsələ bir çox adamları maraqlandırır, o cümlədən məni də. Bu təşkilatın üzvlərindən biri ilə bu yaxınlarda sırf təsadüfən görüşdüm. Bu görüş məqsədyönlü deyildi və bununla bağlı xeyli söhbətimiz oldu. Təbii ki, mənim sualım oldu ki, bu ittifaqın məqsədi nədən ibarətdir, siz hələ bunu açıqlamamısınız. Ona görə rəsmi dairələr də, Rusiyada yaşayan azərbaycanlılar da çaş-baş qalıblar. Axı ÜAK var. Soruşdum ki, məqsədiniz nədir? O cavab verdi ki, biz istəyirik hansı məqsədlə yaranmasından, asılı olmayaraq Rusiyada nə qədər azərbaycanlıların ayrı-ayrı təşkilatları, cəmiyyətləri var, onların fəaliyyətini koordinasiya edək. Hətta mədəniyyət məqsədilə yaradılan təşkilatları belə bu qurumda birləşdirmək istəyirlər. Prinsip etibarı ilə bu pis məqsəd deyil. Dedim ki, əgər məsələ belədirsə, o zaman bunu təşkilat adından bəyan etmək lazım idi. Yəni, sizin nizamnaməniz var. Həmin sənədi dərc etdirəydiniz ki, insanlar, Rusiyada yaşayan azərbaycanlılar təşkilatın yaranma məqsədini bilsinlər. Rəsmi Bakı, Azərbaycan xalqı bilməlidir ki, bu təşkilatın məqsədi, niyyəti nədən ibarətdir. Siz bunu etmədiniz. Bunun əvəzinə isə ayrı-ayrı üzvləriniz müsahibə verir, fikirlər söyləyir. Bu fikirlər ittifaqın adından getmir, fərdi fikirlərdir. Bunu etsəydiniz, məsələyə müxtəlif münasibətlər ortaya çıxmazdı. Ona görə nə qədər gec deyil, bunu edin. Çünki Rusiyada yaşayan xeyli şəxslər, iş adamları mənimlə əlaqə saxlayaraq soruşurlar ki, yeni yaranan bu təşkilatın məqsədi nədir. Bir tərəfdə konqress var, digər tərəfdə də RATI. Cəmiyyətə bu təşkilatın məqsədləri aydın deyil.
Mən Azərbaycan vətəndaşıyam, orada olmağım mümkün deyil
– Indi cəmiyyətdə haqlı olaraq belə bir sual da var. Niyə Ilham Rəhimov həmin təşkilatda yoxdur, dəvət etməyiblər, yoxsa, qəbul etməmisiniz?
– RATI-nin yaranmağını KIV-dən eşitdim. Amma təxmini bilirdim ki, belə fikir var. Lakin onun hansı formada olacağını və ittifaqda kimlərin iştirak edəcəyini bilmirdim. Əvvəlcə bu ittifaqda kimlərin olduğuna fikir verin, burada Rusiya vətəndaşı olan azərbaycanlılar birləşib. Mən isə Azərbaycan vətəndaşıyam. Ona görə mənim orada olmağım mümkün deyildi. Təşkilata dəvətlə bağlı doğrudan da mənə belə təklif olmamışdı. Əlbəttə, dəvət etsəydilər, təbii, orada iştirak edə bilərdim. Ancaq hansı mövqeyim olardı, bu müzakirələrdən asılı olacaqdı.
RATI-ni Rusiya yaratsaydı, bunu bilərdim
– Yəqin mətbuatdan Azərbaycan hökumətinin bu təşkilatın yaranmasından məmnun qalmadığından məlumatlısınız. Bunu Diaspora işlərilə bağlı komitənin bəyanatından da sezmək mümkündür. Sizcə niyə?
– Aydın məsələdir, təbiidir, başa düşmək lazımdır. Çünki Rusiyada konqress var. Bu təşkilatın yaranmağı paralel bir qurum kimi görünür. Başqa bir tərəfdən ona görə ki, RATI rəsmi Bakı ilə razılaşdırılmamış yaradılmışdı. Düşünürəm ki, səbəblər bundan ibarətdir.
– Bir fikir də ondan ibarətdir ki, bu təşkilat Rusiya hakimiyyətinin xeyir-duasıyla yaradılıb. Azərbaycan hakimiyyətinin bundan məmnun qalmamasının da səbəbi budur. Rusiya hakimiyyətinin ən birinci şəxsinə yaxın adam kimi Siz necə hesab edirsiniz, bu belədirmi?
– Mən sizə səmimi deyirəm, açıq danışaq, bizdə belə bir xüsusiyyət var. Hərdən bir həddən artıq maksimalist oluruq, bir çox hadisələri şişirdirik. Nəyisə, hansısa problemi şişirtməyi sevirik. Məsələn, milyarderlərin 40 milyard kapitala malik olması barədə informasiya da şişirtmənin nəticəsidir. Bu bir fantaziyadır və reallığa uyğun deyil. Yeri gəlmişkən deyim ki, bu yaxınlarda Rusiyada xeyli rəsmi adamlarla görüşmüşəm, o cümlədən Putinin 60 illiyində onu bir tələbə yoldaşı kimi onu təbrik etdim, belə bir şey olsaydı, bunu ən azı hiss edərdim.
– Amma politoloq Vəfa Quluzadə bildirib ki, bunu Rusiya yaradıb, hətta bu təşkilat hökumət çevrilişi də edə bilər.
– Vəfa Quluzadəyə politoloq və savadlı insan kimi böyük hörmətim var. Lakin onun belə deməyinə təəccübləndim. Bu reallıqdan çox uzaq, yerinə düşməyən uğursuz fikirdir.
Rəsul Quliyevlə hər hansı təmasımız olmayıb
– Bu arada Sizin də Rəsul Quliyevi Putinlə görüşdürəcəyiniz barədə məlumatlar yayılıb. Düzdür, Rəsul Quliyev bunu təkzib edib, amma Sizin də fikriniz maraqlı olardı. Bu xəbərləri kim yayır və nəyə xidmət edir?
– Rəsul Quliyev özü bu suala cavab verib. Mən də onun cavabı ilə razıyam. Bəli R.Quliyev xeyli illər əvvəl mənə zəng edərək yaxın adamımın vəfatı ilə bağlı başsağlığı verib. Bundan başqa onunla hər hansı təmasımız olmayıb.
– Rəbiyyət xanımın da Rəsul Quliyevlə bağlı açıqlaması yayılıb. Bəzi saytlarda belə xəbər yayılıb ki, əslində bu, elə həm də sizin mövqeyinizdir.
– Xeyr, bu mənim mövqeyim deyil. Əgər Rəbiyyət xanım məndən məsləhət alsaydı, bilsəydim ki, o Rəsul Quliyevlə bağlı belə müsahibə vermək istəyir, mən bunu ona məsləhət görməzdim. Niyə? Ona görə ki, Rəbiyyət xanım Rəsul Quliyevi tanımır. Yaxşı olardı ki, Rəsul Quliyev haqqında onunla uzun müddət işləyən, vaxtı ilə onunla birlikdə Milli Məclisdə, ümumiyyətlə hakimiyyətdə təmsil olan şəxslər fikir söyləyərdilər. Mən şəxsən burda olsaydım, Rəbiyyət xanıma bu məsləhəti verərdim.
Bu, çox anormal bir hadisədir
– Son zamanlar Sizin də hakimiyyətlə yaxınlaşdığınızla bağlı fikirlər səslənir. Ümumiyyətlə, fəal siyasətə baş vurmaq fikriniz varmı?
– Hakimiyyətlə yaxınlaşmaq deyəndə nəyi nəzərə alırlar onu anlamıram. Bu da maksimalist nöqteyi-nəzərdir. Düzdür, bəzi hakimiyyət nümayəndələri ilə dostluq münasibətim olub və var. Bu insanlar hələ heç hakimiyyətdə olmayanda. Daimi olaraq məni hakimiyyətlə heç bir şey bağlamır. Yalnız şəxsi münasibətlərim var. Mənim şəxsi münasibətlərim elə müxalifətdə olan insanlarla da var. Indiki iqtidarda olan insanlarla münasibətlərim köhnədən qalıb. Mən münasibətdə çox stabil adamam. Fərqi yoxdur, kim müxalifətdədir, kim iqtidardadır. Şəxsi münasibəti, dostluğu həmişə siyasətdən üstün tutmuşam və həmişə də belə olacaq. Məni təəccübləndirən nədir, cəmiyyətimizdə nəyi müşahidə etmişəm? Məsələn, iqtidarda olan bir insanın xeyir işinə gedirsən, görürsən ki, məclisdə yalnız iqtidardakı insanlardır. Şərə gedirsən eyni mənzərəni görürsən. Müxalifət nümayəndələrininin də xeyir və şər işlərində görürsən ki, yalnız müxalifətçilərdir. Bu yaxınlarda hörmətli şairimiz Ramiz Rövşənin anasının yas məclisində belə bir mənzərənin şahidi oldum. Xalqımızın nəhəng sənətkarının ağır günündə rəsmi dairələri təmsil edən az adam gözümə dəydi. Düşünürəm ki, bu çox anormal bir hadisədir, çox pis bir məqamdır. Əslinə qalsa, zamanımızda daha çox birliyə ehtiyacımız olduğu halda, bu cür problemlər, ideya ayrılığı bizə uğur gətirməz. Kimin hansı cəbhədə olmasından asılı olmayaraq xeyir-şər məclislərində bu gərək hiss olunmasın. Belə zərərli ənənəyə mütləq son qoymaq lazımdır. Bu cür proseslərin həlli yaşlı nəslin, cəmiyyətimizdə aparıcı rol oynayan insanların, ağsaqqalların əlindədir. Biz gələcək nəsillərə, uşaqlarımıza bu ağır yükü qoyub gedə bilmərik.
– Dostunuz Putinlə tez-tezmi görüşürsünüz? Bir çox politoloqların fikri ondan ibarətdir ki, Qarabağ məsələsinin həlli Rusiyadan aslıdır. Dostunuzla bu məsələni müzakirə etmisinizmi, ondan Qarabağla bağlı hansısa xahişiniz olubmu?
(ardı gələn sayımızda )
Sücəddin Şərifov



