Mirələmov hədəfdən yayınmağın “yol”unu tapıb

Həsən Kərimov: «Əli Kərimli Ilham Əliyevlə mübarizədədi, rejimin tör-töküntüləriylə yox»

Gülağa Aslanlı: «Hüseynbala Mirələmovun düşməni özünün də mənsub olduğu hakim partiyadır»

Deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov ötən ayın sonlarında nazir Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis Idarəsinin 3-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edildi. Deputatın oğlunun işdən azad edilməsi qardaşı oğlunun bir neçə ay öncə adam öldürməsi və kriminal aləmlə bağlı olması səbəbindən Mirələmovların başı üstündə qara buludların dolaşdığını mətbuat yazmışdı.
Ancaq bu günlərdə deputat jurnalistlərə parlamentin foyesində açıqlama verərkən bütün bu deyilənləri təkzib etdi. Bildirdi ki, Daxili Işlər Nazirliyinin nizamnaməsinə uyğun rayonlarda yoxlamalar keçirilir və oğlunun da çalışdığı yerdə yoxlamalar aparılıb: “Görünür, nöqsanları çox olduğundan nazirlik onu sərəncama götürüb”.
Jurnalistlərin “Belə bir xəbərlər yayılır ki, hökumət daxilində sizi ”bitirmək” məsələsi var…” sualına deputat “Məni istəməyən qüvvələr yalnız Əli Kərimli və Isa Qəmbərdir” deyə cavab verib.
Deputatın bu cür açıqlaması bir balaca başadüşülən deyil. Əvvəla, Mirələmov işdən çıxarılan zaman yazıçının “Azərbaycan” qəzetində Ilham Əliyev haqqından mədhiyyə yazması hər şeydən xəbər verir. Yazı açıq-aydın göstərir ki, deputat oğulnun işdən azad edilməsindən çox narahatdır və prosesin artan xətlə inkişaf edəcəyini sezib. Məhz buna görə özünü əziyyətə salıb mədhnamə yazmağa məcbur olub.
Ikincisi, Hüseynbala Mirələmovun ölkənin iki müxalifət lideri haqda belə açıqlama verməsi başadüşüləndir. Çünki dəfələrlə təcrübə göstərib ki, hakimiyyətin qəzəbindən yayınmaq üçün məmurlar ölkənin müxalifət liderlərinə “hücum” ediblər. Mirələmovun analoji addımı sələflərindən fərqlənmir.
Üçüncüsü, tam əminliklə demək olar ki, nə Əli Kərimlinin, nə də Isa Qəmbərin Hüseynbala Mirələmov adlı-soyadlı deputat aylarla yadına düşür. Yoxsa bu iki müxalifət liderinin işi-gücü qurtarıb bir YAP-çı deputatla mübarizə aparsın, düşmənçilik etsin? Təbii ki, Mirələmovun jurnalistlərə bu cür açıqlama verməsi özünü qarşıdakı hücumlardan yan etməsi və hakimiyyətə yaxşı görsənmək istəyidir.
AXCP və Müsavat partiyasının funksionerləri də belə düşünür.

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun sözlərinə görə, Mirələmov elə fiqur deyil ki, Əli Kərimli onu özünə düşmən hesab etsin: “Əli Kərimli mirələmovlarla deyil, onun başında duranlarla mübarizə aparır. AXCP sədri Ilham Əliyevlə mübarizədədi, rejimin tör-töküntüləriylə yox. Mirələmovun oğlunun işdən çıxarılması, başının üzərində qara buludların dolaşması hakimiyyət daxilində gedən savaşın təzahürüdür. Görünür, Mirələmov hansısa qrupun xoşuna gəlmir, təmsil olunduğu qrup da bunu müdafiə edə bilmir və bunu Əli Kərimlinin, Isa Qəmbərin üstünə yıxmaq heç bir məntiqə sığmır. O, özünü xoşbəxt sayardı ki, Əli Kərimli və Isa Qəmbər onu rəqib hesab edərdilər. Məncə, bu cür məsələlərdə müxalifət liderlərinin adını çəkmək ona dividend gətirməz, əksinə, uğursuzluğa düçar olar”.

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı deyir ki, Hüseynbala Mirələmov tamamilə kələfin ucunu itirib: “O, düşmənlərinin həqiqətən kim olduğunu yaddan çıxarıb. Onun düşməni özünün də mənsub olduğu hakim partiyadır. Azərbaycan xalqının da düşməni odur. Məncə, Əli Kərimli və Isa Qəmbər üçün Hüseynbala Mirələmov adlı şəxs, ümumiyyətlə, mövcud deyil. Çünki cəmiyyətdə o nəyilisə tanınan adam deyil. Isa Qəmbər və Əli Kərimli ona düşmənçilik münasibətində də ola bilməz”.

Ramin DEKO