Həsən Kərimov Araz Əlizadəyə cavab verdi

«AXCP-də kifayət qədər intellektli gənc var ki, onlar siyasi mübarizənin önündə gedir»

ASDP sədri Araz Əlizadə “Gündəlik Teleqraf”a açıqlamasında milli-azadlıq hərəkatına öz töhfəsini vermiş cəbhə hakimiyyəti barədə fərqli mövqedən danışıb. Partiya sədri cəbhə hakmiyyətinin dövləti idarə edə bilmədiyi üçün H.Əliyevi ölkəyə çağırdığını və sonra da ona qarşı mübarizə apardığını söyləyib. “AXC tarixdə gülməli qurum kimi yadda qaldı” deyə, fikrini açıqlayan A.Əlizadə onun sıralarında birləşən gənclərin romantik, bəzilərinin müharibədə həlak olduğunu da bildirib. Aksiyalara çıxan gənclərlə müqayisədə hazırkı gəncləri daha ağıllı sayan partiya sədri romantik gənclikdənsə, karyera quran və normal əməkhaqqı istəyən gəncləri müdafiə etdiyini qeyd edib. Bir sözlə, müxalifət düşərgəsinə olmazın qara yaxan A.Əlizadə tarixi faktları da təhrif etməkdən çəkinməyib.
Məsələ barədə şərh verən AXCP Ali Məclisin sədri Həsən Kərimov Araz Əlizadənin siyasətdə qalmaq üçün bütün fəaliyyəti dövründə AXCP-ni vurmaqla məşğul olduğunu söyləyib: “A.Əlizadə yaxşı olardı ki, bir vaxtlar siyasətini dəstəklədiyi A.Mütəllibovla yollarının nədən ayrıldığı barədə danışsın. AXCP-də kifayət qədər savadlı, intellektli gənclər var ki, onlar siyasi mübarizənin önündədir. Həmin gənclər A.Əlizadə ilə siyasi debata getsə, o, ”savadsız” dediyi gənclərin arqumentləri qarşısında heç bir əsas gətirə bilməz. Belə gənclərin siyasi təfəkkürünü bilmədən, onlarla yaxından tanış olmadan haqsız söz danışmaq syasətlə məşğul olan şəxs üçün daha böyük naşılıqdır. Yaxşı olardı ki, onlar bizim gəncliyin fəaliyyətini diqqitlə izləsinlər. Siyasi fəaliyyətlə məşğul olan bu partiya rəhbəri öz ətrafına on adamı da yığa bilməyib. Amma AXCP-nin ətrafında birləşənlərin sayı kifayət qədər çoxdur. Bu baxımdan A.Əlizadənin dedikləri tamamilə absurddur”.

Nigar