Ziya Məmmədov milyarderlərin güdazına gedə bilər

ziya memmedovNəqliyyat nazirinin vaxtilə etdikləri indi öz başına gəlir

Nəqliyyat naziri Ziya Məmmədov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) güdazına gedə bilər. Məlumdur ki, bu təşkilatın yaradılması hakimiyyətdə qıcıq doğurub. RATI-nin aparıcı simalarından biri də “AST” şirkətlər qrupunun rəhbəri Telman Ismayılovdur. Telman Ismayılovla isə Ziya Məmmədovun dostluq münasibətləri var.
Eyni zamanda onların ortaq biznesinin olduğu bildirilir. Telman Ismayılovla dostluq Ziya Məmmədovla RATI-nin sədri, baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. Məlumat üçün deyək ki, Abbas Abbasov Telman Ismayılovun müavinidir. Indi bu dostluq Ziya Məmmədov üçün problemə çevrilib. Heç şübhəsiz milyarderlərə qarşı hakimiyyət tərəfindən təşkil olunan hücum nəqliyyat nazirinə də təsirsiz ötüşməyəcək. Xüsusilə Ziya Məmmədovun rəqiblərinin bu məsələdən ona qarşı istifadə edəcəkləri şübhəsizdir. Bu isə nəqliyyat naziri mənfi sonluqla nəticələnə bilər. Ziya Məmmədovun özünə qarşı təhlükəni sovuşdurması üçün dostlarından imtina etməkdən başqa çıxış yolu yoxdur. Beləliklə vaxtilə nəqliyyat nazirinin etdikləri indi öz başına gəlir.
Bir vaxtlar Ziya Məmmədov onu vəzifəyə gətirən “Azərreyl”in keçmiş rəhbəri Bəhram Yaradanquliyevə qarşı eyni üsuldan istifadə etmişdi. Bəhram Yaradanquliyev “Azəryolservis”in şefi Cavid Qurbanovla dost, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Arif Əsgərovla kirvə olub. Həmçinin “Azərreyl” voleybol komandasının baş məşqçisi Faiq Qarayevin Bəhram Yaradanquliyevlə isti münasibətləri var idi. “Azərreyl” voleybol komandasının uğurları da əslində Bəhram Yaradanquliyevlə Faiq Qarayevin birgə zəhmətinin bəhrəsi olub. Məhz bu uğurlar Ziya Məmmədovu Bəhram Yaradanquliyevi “vurmağa” sövq edib. Nəqliyyat naziri bu uğurlardan sonra Bəhram Yaradanquliyevi özünə təhlükə sayıb və məşhur “Otel qalmaqalı” ilə onun “vurulmasına” nail olub. Bundan sonra isə Ziya Məmmədov Cavid Qurbanovla Arif Əsgərovu Bəhram Yaradanquliyevlə əlaqəni kəsməyə məcbur edib. Nazir faktiki olaraq dostları parçalayıb. Indi Ziya Məmmədov özü təxminən eyni situasiya ilə üzləşib. Yəni, dostlarından imtina etmək məcburiyyətində qalıb.