Gürcüstanın yeni hökuməti Saakaşvilinin yoluyla gedir
Gürcüstanın yeni formaşalmış hökuməti Rusiya ilə diplomatik əlaqələri bərpa etmək fikrində deyil. Gürcü mətbuatının yazdığına görə, belə bir bəyanatla ölkənin yeni xarici işlər naziri Maya Pancikidze qurumun əməkdaşları ilə görüşdən sonra çıxış edib. Xarici siyasət idarəsinin rəhbəri deyib ki, ölkəsinin ərazisinin 20 faizi işğal altında olduğu və həmin ərazilərdə iki Rusiya səfirliyinin fəaliyyət göstərdiyi halda, Moskva ilə diplomatik əlaqələrin qurulmasından söhbət gedə bilməz.
Maya Pancikidze əlavə edib ki, Gürcüstan Rusiya ilə digər formatlarda dialoq apara bilər. Məsələn, Cenevrə formatında. Saakaşvilinin hökumətinin bu sahədə təcrübəsinin olduğunu deyən Maya Pancikidze rəhbərlik etdiyi qurumun da bu istiqamətdə fəaliyyət göstərə biləcəyini istisna etməyib. Qeyd edək ki, Rusiya ilə münasibətləri son dərəcə gərgin olan Mixail Saakaşvili hökumətini əvəzləyən milyarder Bidzina İvanişvilinin “Gürcü Arzusu” blokunun Kremlə əlaqələri yaxşılaşdıracağı gözlənilirdi.