Nazirliklərin təşkil etdiyi yarmarkalarda da qiymət yüksəkdir
Qurban bayramına görə Iqtisadi Inkişaf, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər Icra Hakimiyyəti paytaxtın müxtəlif ünvanında qurbanlıq heyvanların satışını təşkil edib.
Iqtisadi Inkişaf Nazirliyinin yaydığı məlumata görə, mal-qara almaq istəyənlər bu ünvanlara – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryolu stansiyasının yanı, Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi, Nərimanov rayonu Əliyar Əliyev küçəsi-26, Keşlə bazarının yanı, Xətai rayonu Nobel prospekti, “Nargilə” kafesinin yanı, Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı, Suraxanı rayonu Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı, Səbail rayonu Bibiheybət yolu, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanı, 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə, Yasamal rayonu Şərifzadə küçəsi, 196, “Ideal” şadlıq sarayının həyəti, Binəqədi rayonu 8-ci mkr, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi, Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, “Baksol” yolu ilə kəsişmənin yanı, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi yolunun A.Zeynallı küçəsi ilə kəsişməsi, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi, Nizami rayonu R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, “Milord” restoranının yanı, Xəzər rayonu Binə qəsəbəsi, Əliağa Vahid küçəsi-6, Sovxoz yolu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, “Bank of Baku”nun qarşısı, Qaradağ rayonu Lökbatan qəsəbəsi və “Meyvəli” bazarının yanı, Sahil qəsəbəsi, Mədəniyyət evinin yanına üz tuta bilərlər.
Kəsməyə görə 10 manat ödəməlisən
Hər bir bayram öncəsi bazarda bahalıq gözə dəyir. Qurban bayramında belə bir şeyin olmaması sadəcə mümkün deyil. Niyə Qurban bayramı günü ətin kilosu baha olur? Tələbat var deyibən, yoxsa başqa səbəblər var? Bu suallara cavab tapmaq üçün ötən gün qeyd olunan ünvanların bir neçəsinə baş çəkdik.
Ilk üz tutduğumuz məkan Binəqədi şosesiylə “Baksol” yolunun kəsişməsindəki ünvan idi.
Öncədən qeyd edək ki, nazirliyin təşkil etdiyi yerlərdə mal-qaranın saxlanması üçün dəmirdən hasar çəkilib. Ancaq əksər yerlərdə mal-qara bu hasarda yox, kənarda müştərilərin yolunu gözləyir.
Bu məkanda satılan qoyunun ən ucuzu 190 manatdır. Satıcı deyir ki, 190 manatlıq qoyun 19 kiloqramlıqdır: “Qoyun ətinin kilosu 10 manatdır. Burada ən ucuz qoyun 190 manatadır. Camaat daha çox çəkisi az olan qoyunun üstünə qaçır. Çəkisi az olan heyvanlar da tez satılır. Bizdə belə qoyundan bir-iki dənə qalıb. Qalanların ən az çəkisi 23 kiloqramdan az deyil. Bunun da qiyməti 230 manatdır”.
Satılan qurbanlıq üçün hər bir məkanın 10 metrliyində onun kəsilib-soyulması təşkil olunur. Buna görə də 10 manat ödənilməlidir. Bir və bir neçə qoyun alana satıcı yardım edir. Belə ki, ən azı iki qoyun alsan, hər birinin kəsilməsi üçün 5 manat ödəyirsən, o biri 5 manatı isə satıcı ödəyir. Ancaq bu yardıma yalnız Binəqədi şossesinin üstündə rast gələ bilərsən. Başqa yerdə bu mümkün deyil. Satıcılar belə bir köməkliyi öz təşəbbüsləriylə etdiklərini, yəni 5 manatı satılan mal-qaradan verdiklərini bildirirlər. Qoyun almağa imkanı olmayanlar çəpiş də ala bilərlər. Çəpişin də qiyməti qoyunla bir olsa da, çəkidə qabağa düşə bilərsən. Belə ki, çəpişlərin ən ağırı 12 kiloqram olur ki, bunun üçün də 120 manat ödəməlisən.
Çəkidə atırlar…
Ikinci üz tutduğumuz məkan isə Yasamal rayonu Şərifzadə küçəsi, 196, “Ideal” şadlıq sarayının həyəti oldu. Buradakı qoyunların qiyməti standart idi – 100 manat. Satıcı bunu mal-qaranın satılması ilə əlaqələndirir: “Yarım saat gözləsən, nazirliyin maşını ilə bir ”Kamaz” gətiriləcək. O zaman istənilən çəkidə tapa bilərsən”.
Burada öyrəndik ki, 100 manatlıq qurbanlıq heyvanların hamısının çəkisi 10 kiloqramdır. Nə az, nə çox.
Ancaq sözgedən ünvanın bir addımlığında fərdi satışla məşğul olan satıcılar nazirliyin satdığı qoyunların çəkisinin az olduğunu dedilər. Onların sözlərinə görə, nazirliyin satdığı mal-qaranın kilosu 10 manatdır: “Onlar deyirlər ki, misal üçün, bu qoyunun qiyməti 100 manatdır. Yəni çəkisi 10 kiloqram olmalıdır. Ancaq çəkdirsən, 10 kiloqram olmayacaq”.
Bizimlə söhbət edən satıcılar onu da bildirdilər ki, nazirliyin təşkil etdiyi yerlərdə satılan qoyunların bir qismi 6 aylıq da deyil: “6 aylıq olmayan quzunun satılması isə günahdır. Bu, qurban sayıla bilməz”.
Hər qoyundan 15-20 manat qazanc əldə edilir
Satıcılar adi günlərlə müqayisədə təxminən 20-25 manat bahalaşmanın olduğunu söyləyirlər. Səbəbi rayonlardakı bahalaşma ilə əlaqəlidir. Qeyd edirlər ki, bahalaşmanın üstünə yol xərci də gələndə, heyvanları əvvəlki qiymətə satmaq olmur: “Heyvanı aldığımız qiymətdən bir az baha satırıq. Bu qiymətin içində yol xərci, kirayə haqqı, vergilər, həkim pulu və başqa xərclər də olur. Hər qoyunun üstündə 15-20 manat pul qalır”.
Satıcılar qoyunların əsasən rayonlardan gətirildiyini bildirirlər. Əsasən Bərdə və Beyləqandan gətirilən mal-qarada bahalaşma göz deşir. Belə ki, 100 kiloqramlıq dananı 700-750 manata, keçi isə 90 manatdan ucuz deyil. Halbuki, keçini Qurban bayramı öncəsi 50 manata almaq mümkün idi.
Satıcılar Qurban bayramı öncəsi o qədər şikayətcil deyilər: “Hər gün belə satışımız olsa, yaxşı qazanmaq olar. Çoxlu xərclərimiz olur, ancaq satışımız yaxşı olduğundan evə 5-10 manat apara bilirik. Adi günlər qiymətlər ucuz, satış zəif olur”.
Satıcılardan onu da öyrəndik ki, heyvanların Bakıya gətirilməsi üçün təkcə nəqliyyata 100-150 manat xərcləri çıxır.
Türkiyə və İran nümunəsi…
Bizdə Qurban bayramı öncəsi qiymət artımı gözə girsə də, qonşu ölkədə, qardaş dediyimiz Türkiyədə qiymət artımı olmur. Əksinə, bayram öncəsi endirimlər olur. Yəni qurban bayramı günü insanlar mal-qaranı adi günlərdən daha ucuz əldə edirlər. Bu, təkcə Türkiyədə belə deyil. Iranda da bu cür ənənə mövcuddur. Belə ki, adları çəkilən ölkələrdə qurbanlıq heyvanların satışında 20-30 faiz endirim olur.
***
Qiymət bahalaşmasına baxmayaraq, insanlar bazara axışıb bayramı birtəhər də olsa keçirmək istəyirlər. Hər il qiyməti qalxan qoyun-quzunu almaq isə hər kəsin cibinə uyğun deyil.
Qurban bayramınız, mübarək!..
Ramin DEKO