Hakimiyyət repressiyalara davam edərsə xalq digər alternativlərə baş vurmalı olur
“Azərbaycanda ənənəvi siyasi müxalifət partiyaları islamçıların kölgəsində qalmaq riskiylə üz-üzədir”. Bu fikirlər azərbaycanlı jurnalist Şəhla Sultanovanın “Eurasianet.org” saytında dərc olunmuş analitik məqaləsində yer alıb. Müəllif yazır ki, əsas, sekulyar partiyalar, o cümlədən Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası ölkədə siyasi, sosial və iqtisadi hadisələrə təsir etməkdə çətinlik çəkirlər. Partiya liderləri isə hökumətin repressiyalarını müxalifətin effektsizliyinə səbəb kimi göstərirlər.
Yazıda deyilir ki, əsas müxalifət partiyalarının əksinə olaraq, islmaçılar aqressiv taktikaları ilə diqqəti cəlb ediblər. Məqalədə oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında müsəlman kişilərin qızların məktəblərdə hicab geyinməsi tələbilə nümayiş keçirməsi və onu dağıtmağa çalışan polisə hücum etməsi vurğulanıb. Məqalədə həmçinin “Müsəlmanların məsumiyyəti” filminə qarşı ABŞ səfirliyi qarşısında nümayişlərdən danışılır. Bakı Dövlət Universitetinin professoru Altay Göyüşovun sözlərinə görə, repressiyalara qarşı vuruşmaq islamçı müxalifətin son vaxtlarda populyar olmasının səbəblərindən biridir:“Meydana avtoritar hökumətlər sülh yolu ilə davranmaq istəməyən yeni qüvvə gəlir. Onlar hökuməti cavabdeh saxlamaq üçün radikal yollara əl atırlar”.
Azərbaycanda İslam haqqında iki kitabın müəllifi Arif Yunus isə “Eurasianet.org” saytına bildirib ki, islamçılar öz mesajlarını çatdırmaqda daha uğurludurlar və aqressiv taktikalar onları əsas siyasətçilərdən fərqləndirən yeganə cəhət deyil:“Əvvəla, demokratik müxalifətdən fərqli olaraq, onlar günahkar hesab etdikləri və ya mesajlarını çatdırmaq istədikləri qurumun qarşısına toplaşırlar”.
AXCP sədri Əli Kərimli isə deyib ki, zorakılıq, dini və ya sekulyar təbiətindən asılı olmayaraq müxalif ideyalara nail olmağa kömək etməz:“Əgər, siyasi müxalifət dəyişikliyə nail ola bilməsə, hökumət repressiv olduğu üçün o zaman xalq özü digər alternativlər axtaracaq”.