azeri-oliqarxlar-rus

Milyarderlərlə hakimiyyət arasında konflikt dərinləşir

azeri-oliqarxlar-rusİsgəndər Xəlilovu Bakıda danladılar; səfirə direktivlər gəldi; Söyün Sadıqov açıqlama verdi

Iş adamı Isgəndər Xəlilov Azərbaycan hakimiyyəti tərəfindən Bakıya çağırılıb. Bu barədə qəzetimizə bilgi verən mənbə deyib ki, Isgəndər Xəlilovun Bakıya çağırılması Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) təsis olunması ilə bağlı məsələyə aydınlıq gətirilməsi əlaqədardır.
Şəxsi təyyarəsi ilə Bakıya gələn Isgəndər Xəlilov bir sıra hökumət nümayəndələri və hakim ailə üzvləri ilə görüşlər keçirib. Bütün görüşlərdə RATI ilə bağlı məsələ müzakirə olunub. Isgəndər Xəlilovun hakim ailə üzvləri ilə görüşündə sözügedən təşkilatda təmsil olunduğuna görə danlanıldığı deyilir. Iş adamı isə RATI-nin hansı məqsədlə təsis olunduğunu bilmədiyini deyib və əlavə edib ki, o, sadəcə digər iş adamlarının dəvətini qəbul edərək təşkilatda təmsilçiliyə razılıq verib.

Abbas Abbasov barədə ziddiyyətli açıqlamaların kökü

Bu arada məlumat almışıq ki, RATI-nin sədri Abbas Abbasov barədə ziddiyyətli açıqlamalar verilməsinin səbəbi Ilham Əliyevin onunla görüşmək istəməməsi ilə bağlıdır. Oxucuların diqqətinə çatdıraq ki, Azərbaycan hökuməti tərəfindən RATI-yə hücumlar başlananda təşkilat fəaliyyətini dayandırdığını bəyan etmişdi. Bəyanatda vurğulanırdı ki, təşkilatın sonrakı taleyi Abbas Abbasovla Ilham Əliyevin görüşünün nəticələrindən asılı olacaq. Bundan sonra isə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının (AzerRos-un) vitse-prezidenti, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov mətbuata açıqlamasında bildirdi ki, Abbas Abbasov artıq Bakıdadır və o, Ilham Əliyevlə görüşüb yeni təşkilatın prioritetləri barədə ölkə başçısını məlumatlandırmaq niyyətindədir. Lakin çox keçməmiş Abbas Abbasov Vidadi Abbasovu təkzib etdi.
Bəzi məlumatlara görə, Abbas Abbasov həqiqətən Bakıda olub, lakin Ilham Əliyev onu qəbul etmədiyinə görə, xəbəri təkzib etmək məcburiyyətində qalıb. Nəzərə alsaq ki, RATI yaranmamışdan əvvəl də Abbas Abbasov bir neçə dəfə Ilham Əliyevlə görüşməyə cəhd edib. Ölkə başçısı hansısa səbəbdən onu qəbul etmək istəməyib.

Nazim İbrahimovla Polad Bülbüloğlu niyə susur?

RATI-nin təsisçilərindən olan Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının (AzerRos-un) prezidenti Söyün Sadıqovun AzadlıqRadiosuna açıqlamaları kifayət qədər maraqlıdır. O, bildirib ki, onlar hələ 2011-ci ildə Koordinasiya Şurası yaratmaq istəyiblər: “Koordinasiya Şurasında bir neçə qurum, ağsaqqal yığışıb bəzi məsələləri həll etməliydi. Reallıq budur ki, Rusiyanın əyalətlərində nə Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK), nə də ”Azerros” Federal Milli Mədəni Muxtariyyətinə tabe olmaq istəyirlər. Onlar arasında həmişə intriqalar var. Hətta onlar bir-birinə qarşı sifarişlər verirlər. Məsələn, Rostov-Donda ÜAK nümayəndəsi “Azerros” nümayəndəsini tutdurmaq üçün DIN işçisinə pul vermişdi. Üstü açıldı və həmin DIN əməkdaşı işdən çıxarıldı. Belə hadisələr çoxdur. Bu intriqalar olmasın deyə biz təşkilat yaratmaq istədik. Istəyirik ki, bizim övladlarımız özlərini Rusiyanın bərabər hüquqlu vətəndaşı saysınlar. Bələdiyyə, parlament seçkilərində iştirak etsinlər. Məqsədimiz budur. Ancaq nədənsə buna qısqanclıqla yanaşırlar. Mən sizin radio vasitəsi ilə 2001-ci ildə bizimlə belə bir Koordinasiya Şurasının yaradılmasından danışan Zeynal Nağdəliyevə də, Nazim Ibrahimova da, Polad Bülbüloğluna da sual vermək istəyirəm. Niyə bu gün susurlar? Niyə düzünü danışmırlar? Azərbaycanda yazırlar ki, guya bu Putinin, Kremlin tapşırığıdır.  Bu cəfəngiyyatdır, ağ yalandır! Heç bir Putin, Kreml mənə söz deməyib. Azərbaycanla Rusiya arasında normal əlaqələr var”.

Ailə səviyyəsində bu təşkilatın yaranmasını aqressivliklə qarşıladılar

Söyün Sadıqov hansı səbəbdən Abbas Abbasovun təşkilatın rəhbərliyinə gətirilməsini də izah edib: “Niyə Abbas Abbasov? O uzun illər dövlət işində işləyib, baş nazirin birinci müavini olub. Rəhmətlik ümummilli lider Heydər Əliyevin yaxın admı idi, o Ilham Əliyevin də yaxın adamı idi, Ramiz Mehdiyevin də yaxınıdır. Düşündük ki, Abbas Abbasovun namizədliyi hakimiyyətə şübhələndirməyəcək. Hamı başa düşəcək ki, bu təşkilat lazımdır. Ancaq nədənsə bilmirəm ailə səviyyəsində bu təşkilatın yaranmasını aqressivliklə qarşıladılar. Biz dəfələrlə ÜAK-ın Rusiyadakı rəhbəri Mikayıl Hüseynova müraciət etmişik ki, bu qurumun təsisçilərindən olsunlar. Bir də fikir verin, Rüstəm Ibrahimbəyov, Telman Ismayılov, Isgəndər Xəlilov, Abbas Abbasov, Vahid Ələkbərov, Araz Ağalarov ÜAK Ali Şurasının üzvləridir. Ona görə bu adamlara şübhəylə yanaşmalarına təəccüblənirəm. Özləri özlərinə inanmırlar? Mənə inanmasalar anlayaram, öz yaxınlarına niyə etibar etmirlər?.. Kreml heç nə sifariş verməyib. Rusiya azərbaycanlıları Azərbaycana heç vaxt xəyanət etməzlər”.

RATI-dən Ramiz Mehdiyev də məlumatlı olub

“AzərRos”un prezidenti Bakının baş verənlərə qıcıqlanmasından təəccübləndiyini deyib: “Düzü, mən də təəccübləndim ki, niyə axı, niyə? Azərbaycanlıların Koordinasiya Şurası yaratması haqda Ramiz Mehdiyev də məlumatlandırılmışdı, Zeynal Nağdəliyev də həmçinin. Eləcə də Mikayıl Hüseynova demişdik ki, qüdrətli diaspora yaratmaq istəyirik. Diaspora o deyil ki, 20 adam yığışıb bir-birini tərifləsin. Bizim diaspora onda güclü olacaq ki, Dumada deputatlarımız olacaq, Federasiya Şurasında üzvlərimiz olacaq, xeyli məmurlarımız, hərbçilərimiz olacaq”.
“Indiki Azərbaycan hakimiyyəti haqqında nə düşünürsüz?” sualına isə cavabında deyib: “Hakimiyyətin fəaliyyətinin yaxşı ya pis olması haqqında vətəndaşlar fikir deməlidirlər. Mən sonuncu dəfə Azərbaycanda 2006-cı ildə olmuşam. Ona görə heç cür deyə bilmərəm ki, Azərbaycan hakimiyyəti yaxşıdır ya yox”.

Bakıda Polad Bülbüloğluna hansı tapşırıqlar gəlib?

Söyün Sadıqovun açıqlamalarından bəlli olur ki, hakimiyyət ən yuxarı səviyyədə RATI-nin yaranmasından məlumatlı olub. Və buna qarşı mənfi münasibət sərgilənməyib. Bəs birdən-birə nə baş verib ki, Söyün Sadıqovun təbirincə desək, ailə səviyyəsində RATI-nin yaranması aqressivliklə qarşılanıb?
Ilk ağla gələn ehtimal tanınmış dramaturq Rüstəm Ibrahimbəyovun həmin təşkilatda təmsil olunmasıdır. Elə qəzetimizə daxil olan məlumatlarda da bildirilir ki, hakimiyyət məhz Rüstəm Ibrahimbəyovun “milyarderlər klubu”nda təmsilçiliyini həzm edə bilmir. Eyni zamanda Kremlin bütün bunlara mane olmaması da hökuməti qıcıqlandırır. Məlumatlarda deyilir ki, Polad Bülbüloğluna tapşırıq verilib ki, Rusiya ilə rəsmiləri ilə görüşərək Azərbaycan hökumətinin narahatçılığını çatdırsın. Bildirilir ki, artıq Polad Bülbüloğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müavinlərindən biri ilə görüşüb.
Polad Bülbüloğlu həmçinin tapşırığa əsasən milyarderlərlə də görüşüb onlara “səhv yolda” olduqlarını anlatmalıdır.

Namiq