Elçibəyin məzarını açmaq istəyi vəhşilikdir

Mehriban Vəzir: «Elçibəyin adı ətrafında cərəyan edən hadisələr heç bir əsası olmayan, çirkin bir şoudur»

Novella Cəfəroğlu: «Hakimiyyətdəki məmurlar, müəyyən qruplaşmalar bu hadisədən istifadə edərək qarşıdurma yaratmağa çalışırlar»

Belə görünür ki, hakimiyyət Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı şounu davam etdirmək niyyətindədir. Bu məsələnin ortaya çıxdığı zamanda ictimaiyyətin və Elçibəyin ailəsinin qəbrin açılmasına, ümumiyyətlə, irəli sürülən ittihamlara kəskin etirazına baxmayaraq iqtidar çirkin plandan əl çəkmir.
Bunu qəbri açmağa hazırlığın getdiyi haqda məlumatlara Baş Prokurorluğun münasibəti də bir daha sübut edir. Baş Prokuruluğun mətbuat xidmətindən bildirilib ki, Cinayət-Prosessual Məcəllənin 237-ci maddəsinə əsasən meyidin qəbirdən çıxarılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər. Görünən odur ki, məhkəmə belə bir qərar çıxararsa, mərhum prezidentin qəbri cəfəng iddia üzündən açılacaq.
Baş Prokurorluğun açıqlaması əslində, hakimiyyətin Əbülfəz Elçibəyin zəhərlənməsi absurdunu davam etdirmək niyyətində olduğuna dair narahatlıqları artırır. Aydın olur ki, ailə üzvlərinin, yaxınlarının, ölkə ictimaiyyətinin etirazlarına baxmayaraq, hakimiyyət Elçibəyin qəbrini açmaq kimi avantüraya belə gedə bilər. Bu isə “zəhərlənmə şousu” ilə hakimiyyətin həm də mərhum Elçibəyə hörmətsizlik etdiyi haqda xəbərdarlıqları aktuallaşdırır.
Elçibəyin oğlu Ərturqut Əliyev isə mətbuata açıqlamasında atasının zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinin qapadılmasını tələb etdiyini bildirib.
Bəs ictimaiyyət nümayəndələri baş verənlər barəsində nə düşünürlər?
IP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir bildirdi ki, Elçibəyin adı ətrafında cərəyan edən hadisələr heç bir əsası olmayan, çirkin bir şoudur. Ortada olan iddia ilə bağlı heç məhkəmə araşdırmasına ehtiyacın olmadığını deyən M.Vəzir bildirdi ki, Elçibəyin ailəsinin, ictimaiyyətin istəyinin əleyhinə getmək hakimiyyətin niyyətlərindən xəbər verir: “Türkiyədə oxşar məsələ olmuşdu. Amma orada Turqut Özalın ailəsi araşdırmanın aparılmasında maraqlı idi. Azərbaycanda isə Elçibəyin ailəsi, ictimaiyyət buna qarşıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, prokurorluğun heç kimin hörmət etmədiyi və cəmiyyətdə reputasiyası bəlli olanın müraciəti ilə belə bir addım atması gülüncdür: “Elçibəyin məzarının yaxınlarının, onu sevənlərin etirazına baxmayaraq açmaq niyyəti bir vəhşilikdir. Bu baş verərsə, minlərlə Elçibəysevər məzarın üzərində canlı sipər olmağa hazırdır. Görünür, hakimiyyətdəki məmurlar, müəyyən qruplaşmalar bu hadisədən istifadə edərək qarşıdurma yaratmağa çalışırlar. Nə oldu indiyə qədər Elçibəyin ailəsi bunların yadına düşmürdü. Indi Elçibəy bunlar üçün əziz olub”.

Xəyal