Alman yazıçısı Henrix Böllün “O illərin çörəyi” əsərini oxumusunuzmu? Bu povest faşizmin insanlığın başına hansı faciələr gətirdiyini bizə ən yaxşı anladan əsərlərdən biridir. Azərbaycan dilinə də çevrilib (tərcümə Əkrəm Əylislinindir), mütləq tapıb oxuyun.
Əslində biz indi faşizmin yeni təzahür formasından – urfaşizmdən əziyyət çəkirik və bu illərin çörəyi o illərin çörəyindən heç də asan keçmir boğazdan. Sadəcə, bu illərin çörəyinin də məhrumiyyətini yazmağa bir Böll qələmi lazımdır.
Mən bunları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun açıqlamalarını oxuyarkən düşündüm. Həsənov çörək istehsalındakı qüsurlardan, çörək bişirilərkən mənşəyi məlum olmayan unlardan istifadə edilməsindən tutmuş çörəyin çəkisində vətəndaşların aldadılmasınadək çox şeydən danışıb. Çörək standartlarının qəbul ediləcəyini deyib.
Əslində yediyimiz çörəyin tərkibi, çəkisi ilə bağlı bu deyilənlərin heç biri təzə xəbər olmasın gərək. Heç yeni çörək standartlarının nəyisə dəyişəcəyinə də inanmaq olmur. Bir ölkənin idarəetmə standartları çağın çox gerisində isə o ölkədə yerdə qalan bütün standartlar filfilo, boş nəsnədir. Nəyəsə yarayacağı, nəyisə müsbətə dəyişəcəyi çətin, hətta mümkünsüzdür.
Həm də axı bizdə çörəklə bağlı problem onun bişirilməsi ilə bağlı deyil. Lap ən yüksək standartlarla çörək bişirsən, nə faydası? Sənin vətəndaşın o çörəyi qazanmaq, yemək üçün illah ki, yaltaqlanmalıdırsa…
Yalan danışmalıdırsa…
Baş əyməli, alçalmalı, sınmalıdırsa…
Sənin vətəndaşından evinə, uşaqlarına çörək aparmaq üçün illah ki, susmaq…
Kölə olmaq…
Qul əməyinə qatlaşmaq tələb edilirsə, sən lap dünyanın ən keyfiyyətli çörəyini bişirsən, nə mənası?
Gözümüzün qabağında kimlər bir qismət çörək üçün nə hallara düşürlər. Illərdir davasını döydükləri dəyərləri satır, prinsiplərdən imtina edir, dava arxadaşlarına sırtlarını dönürlər.
Bir günün içində başqa bağın gülünə, başqa budağın bülbülünə çevrilirlər.
Həqiqət, azadlıq, ədalət kimi anlayışlara tüpürüb yalanın, oğruluğun, zalımlığın səngərinə keçirlər.
Vətəndaşlarını çörəklə imtahana çəkib onlardan dönük, satqın, qul düzəldən bir rejimin keyfiyyətli çörək istehsalı ilə bağlı standartlar hazırlamaq fikrinə düşməsindən gülməli nə ola bilər? Absurd nə ola bilər?
Lap mənşəyi məlum olan undan çörək bişirilsin bundan sonra bu ölkədə. Hə, sonra? Bir halda ki, o çörək insanları sındırmaqda, əyilməkdə, gözükölgəli etməkdə davam edəcək, alın başınıza çalın standartlarınızı…
***
Bu günlərdə çağdaş Azərbaycanın ən dəyərli simalarından biri Şahvələd Çobanoğlu gözəl yazmışdı bir yazısında: “Həqiqət çörəkdən də qiymətlidir, çünki həqiqət olmayanda başqasının çörəyini oğurlayırlar”.
Nəsə əlavə etmək yersizdir. Çox dəqiq, aydın deyilib. Əlbəttə, anlayana, anlayanlara.
***
“O illərin çörəyi”ni yazmış Böllün başqa bir qiymətli əsəri də var: “Katerina Blümün tapdalanmış namusu”.
Günümüz üçün çox aktualdır.
Orada Henrix Böll satqın jurnalistikanı ifşa edir.
O jurnalistikanı ki, indi bizim üçün adi haldır. Bu gün biz qələmini çörəklə əvəz edən, çörək uğruna yalanın, yağmaçılığın, saxtakarlığın, hüquqsuzluğun, ədalətsizliyin, köləliyin qarovulçusuna çevrilmiş azmı adam tanıyırıq?
Ya da qələmini mandata dəyişən…
Ya da qələmini kürsüyə dəyişən…
Ordenə, medala, Fəxri Xiyabana dəyişən…
Azdırmı belələri indi bizdə…
Yeri gəlsə, mən belələrinə öfkələnmirəm də.
Onlar normal cəmiyyətlərdə bəlkə də faydalı insanlar ola bilərdilər. Amma bizim ölkənin çörəklə imtahanı idarəetmə tərzinə çevirmiş ağaları görün onlardan nə düzəltdilər.
Bəli, mən indi onları yox, onları çörəklə sınağa çəkib satqınlığa, köləliyə məcbur etmiş, amma bir də utanmadan hansısa yeni çörək standartları hazırlayan ağalarını ittiham edirəm.

Bu illərin çörəyi
•
•