Testdən imtina, yoxsa?

Təhsil Nazirliyi və TQDK bu məsələdən xəbərsizdir

Bəlli olduğu kimi, Milli Məclisin payız sessiyasında “Ali təhsil haqqında” qanun layihəsi müzakirə olunacaq. Məlumata görə, qəbul imtahanında test üsulunun ləğv olunacağı və yaxud, yarıtest üsulunun tətbiqi gözlənilir. Modern.az saytı bu barədə təhsil naziri Misir Mərdanovdan açıqlama götürərkən nazir qanun layihəsinin onlara təqdim olunmadığı üçün bu məsələdən xəbərsiz olduğunu söyləyib.
Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev qəzetimizə açıqlama verərək test üsulunun ləğv olunacağı təqdirdə, qarışıqlığın yaranacağını, bunun narazılıqlara səbəb olacağını söyləyir. Ekspertə görə, hazırkı şəraitdə test üsulunun ləğvi mümkün deyil: “Bununla korrupsiyalaşmış ali məktəblərdə qohumbazlıq, tapşırıqlarla tələbə qəbulu daha da dərinləşə bilər. Yeganə yol buraxılış imtahanlarıyla qəbul imtahanlarının birləşdirilməsidir. Lakin bu, heç də sadə məsələ deyil. Rusiya bu modelə sonuncu keçən ölkələrdəndir ki, onun hansı nəticələri verməsinə görə sınaq mərhələləri keçdi. Onun mənfi-müsbət tərəfləri araşdırılandan sonra bu üsul təsdiqləndi”. E.Əliyev əlavə etdi ki, Azərbaycanda bu məsələnin tətbiq olunması üzərində dərindən işlənməlidir. Islahatlara gəlincə, uşaqlar küçələrdən yığışmalı, onlar orta məktəbin təhsili əsasında qəbul prosesində iştirak etməlidir. Məktəblərlə bağlı da xeyli iş görülməlidir. Ekspert qeyd etdi ki, görüləcək işləri yarı bir qurum, yarı da başqa qurumun üzərinə qoymaqla bu prosesi tam şəkildə həyata keçirmək mümkün olmayacaq.
TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin açıqlamasına görə, Azərbaycanda ali məktəblərə qəbulda test üsulunun ləğv olunub-olunmayacağıyla bağlı indidən nəsə söyləmək tezdir.

Informasiya şöbəsi