Siyasətçilərin və siyasətşünasların işi

Bəd xəbərlərin müjdəçisi olmaqdan pis şey yoxdur. Amma nə edəsən ki, bu ölkə yalnız bəd proqnozlar və bəd xəbərlər üçün münbitdir. Həm də mənim bir bəraətim var. Indi deyəcəyim məsələ artıq bir neçə gün bundan əvvəl öz ifadəsini mətbuatda tapıb və insanlar da onu oxuyublar. Burada sual yarana bilərdi ki, artıq oxunmuş fikri təzədən gündəmə gətirməyin nə mənası? Zira bu, bütün siyasi analitiklərin və şərhçilərin şakəridi, onların da çörəyi ondan çıxır. Onlar düşünür ki, insanlar heç də bütün oxuduqlarından nəticə çıxara bilmirlər. Qərəz, ABŞ səfiri bu yaxınlarda bir müsahibə vermişdi. O demişdi ki, o, mövzunun I.Əliyevin üçüncü dəfə namizədlik irəli sürüb-sürməyəcəyi olduğunu düşünmür, əsas mövzu seçkilərin demokratik olub-olmayacağıdı.
Səfir faktiki olaraq ölkəsinin mövqeyini ifadə edir. Bu isə o deməkdir ki, bizi iki dəfəlik məhdudiyyət məsələsində heç kim dəstəkləməyəcək və I.Əliyevin özünün namizədliyini üçüncü dəfə irəli sürməsini beynəlxalq birlik də sükutla qarşılayacaq. Öz biganəliyimizdən, etinasızlığımızdan başqa hər şeyə təəccüblənməyə alışmış biz azərbaycanlılar bu dəfə təəcüblənməməli, hər şeyi necə var elə qəbul etməliyik, çünki biz də çox vaxt olduğumuz kimi görünmür və göründüyümüz kimi olmuruq. Dəfələrlə yazmışdım ki, bu olay, yəni iki dəfəlik məhdudiyyətin götürülməsi vaxtında təpki ilə qarşılanmadı…
Nə daxildən buna ciddi etiraz oldu, nə də kənardan. Bəs bundan sonra necə olacaq? Nəsə konkret şey demək çətindir. Biz analitiklərin işi proqnoz verib mətbuatda çıxış etməkdir. Siyasətçilərin də işi bu proqnozları alt-üst etmək və hadisələri canlandırmaq, bədbin proqnozların reallaşmamasına imkan və fürsət verməməkdi. Şəxsən mən çox istərdim, öz proqnozlarımda yanılım, o proqnozlar doğrulmasın. Bunun səbəbini bilmirəm, proqnozlar həmişə bədbinliyə meyilli olur. “Roma klubu”nun proqnozları doğrulsaydı indi bizim çoxumuzun sorağı qeybdən gələrdi, lakin nə yaxşı ki, onlar doğrulmadı. Bu da çox maraqlı detaldır ki, bəzən adi yazıçının fəhmi analitik fəhmdən belə daha güclü olur. Məsələn, mən bilmirəm, “Roma klubu” dünyanı gözləyən o dəyişikliklər (SSRI-nin dağılması və sosialist düşərgəsinin çökməsi) haqda nəsə araşdırmışdı, ya yox? Amma bir çox yazıçılar buna cəhd etmişdi, hətta uğurlu proqnozlar verənlər də olmuşdu. Nə isə. Indi əsas məsələ bu deyil, o haqda ayrıca bir yazıda danışmaq olar. Lakin nədən mən bunları xatırladım? Diplomat fikir deyir, analitik bunun əsasında proqnoz verir və nəticə çıxarır.
Amma bu proqnoz və nəticə ürəkaçan olmur, bədbin olur. Nə etməli? Qoy o haqda siyasətçilər düşünsünlər, bizim proqnozları alt-üst etməklə bizləri də əməlli-başlı sevindirsinlər. Lakin onlar buna qadirdimi? Bunu edəcəklərmi? Bax, bu da bir təhlilin və proqnozun mövzusu ola bilər. Amma yetər. Siyasət insanların bu vaxta qədər fikirləşib tapdıqları ən pis məşğuliyyət olsa belə, o hələ ki, aktualdı, ona görə də onu absurda gətirib çıxarmaq olmaz, çünki bu həyatın özü ən böyük absurddur. Seçki seçilmək istəyənlərdən və bir də ki, seçənlərdən asılı olan prosesdir. Kənar amillər sadəcə fondur. Mən bir fizik kimi bu fonu həlledici hesab etmirəm, çünki onu həmişə çıxdaş etmək, onu əsas nəticədən çıxmaq və əsas nəticəni qiymətləndirmək mmkündür. Lakin biz seçənlərdən və seçilmək istəyənlərdən, onların iradəsindən daha çox bu fon haqda düşünürük. Istənilən prosesdə fon da var, küy də. Bəzən onlar o qədər güclü olur ki, əsas nəticəni üstələyir. Amma bir daha deyirəm ki, onu çıxdaş etməyi, əsas nəticədən silməyi öyrənmək lazımdır. Siyasət də belədi. Hərə bir söz, bir fikir deyir və biz də onların əsasında nəticə çıxarırıq. Bu isə o deməkdir ki, biz əvvəldən özümüzü həlledici amil hesab etmirik, özümüzə güvənmirik…
Kiçik sözardı
Amma bir məsələ mənim üçün də şübhəli qalır. Azərbaycanda bu iki dəfəlik məhdudiyyətə fikir verməmək daha bir Misir və daha bir H.Mübarək yaradıb dünyaya “hədiyyə” etməkdir. ABŞ Misir məsələsində son anda reallıqla və siyasi zərurətlə barışmalı oldu və Mübarəkə “get” – dedi. Indi isə belə çıxır ki, daha bir Mübarəkə “gəl” – deyirlər. Deməli, nəticə çıxarmayan təkcə biz deyilik, elə okeanın o biri başında da insanlar başlarını itiriblər…