Gülər Əhmədova-YAP 3:1(oyun davam edir)

…Davam edən oyundan növbəti “reportajımıza” başlmamamışdan əvvəl tamaşaçıların (!) nəzərinə çatdırırm ki, YAP-ın o bir topunu da Gülər Əhmədova (mandatı geri verməklə) öz qapısına vurub. Sonradan 3 qol vuran “Qaynana” (Gülər Əhmədova) hücumda, YAP bütün tam tərkiblə müdafiədədir, oyun, demək olar, meydançanın onlara aid hissəsində gedir. Topu hara gəldi vuran komanda oyunun bu hesabla bitməsini istəsə də, “Qaynana” ləqəbli hücumçu tamamilə başqa fikirdədir. O, vurduğu ikinci qoldan sonra rəqib komandanın kapitanı Əli Əhmədova etdiyi “jest”lərlə bütövlükdə komandanı təhqir etdi. Bundan qəzəblənərək hücuma keçən YAP-ın “Mirzə Qələndər” ləqəbli hücumçusu 2 qol vursa da, yan xətt hakimləri, hər iki epizodda “ofsayd” qeydə aldılar. Xatırladırıq ki, o zaman hesab YAP-ın xeyrinə 1:0 idi. Bu iki qolun hesaba alınmaması “Qaynana” başda olmaqla rəqib komandaya əlavə güc və moral verdi, dalbadal vurulan 3 qoldan sonra “YAP” komandası oyunun bu hesabla bitməsi üçün dua edir. Oyun isə, göründüyü kimi, sanki yenidən başlayır…
“Qaynana”ın YAP-ın qapısına vurduğu qollar gözəllikdə… əfsanəvi Maradonanın DÇ-1986-da Ingiltərənin qapısına vurduğu o fantastik qollardan nəinki geri qalır, hətta bəzi məqamlarda onları kölgədə qoyur. O, rəqib müdafiəsini bir dəfə yox, bir neçə dəfə aldadaraq topu boş qapıya vurur. Özü də Maradonanın 90 dəqiqəyə etdiklərini, Gülər Əhmədova cəmi 23 dəqiqədə edir, futbol dilində desək het-trik yapır. Bu qolların vurulmasında hazırda Fransada legioner həyatı yaşayan, usta pleymeyker Elşad Abdullayevin də rolunu inkar etmək olmaz, məhz onun möhtəşəm ötürmələri sayəsində YAP üç dəfə oyuna mərkəzdən başlamağa məcbur oldu…
Bu olayın futbola daha çox bənzədiyini məndən əvvəl fərq edən isə, YAP-ın ağsaqqalı, Siyasi Şurasının üzvü, Milli Məclisin nizam-intizam komitəsinin sədri Kərim Kərimov oldu.
Onun Gülər Əhmədova olayı ilə bağlı 12 oktyabr tarixində Milli.az saytına verdiyi müsahibədən bir iki cümləni olduğu kimi sizin nəzərinizə çatdırıram:
“Müxalifət isə bilməlidir ki, YAP-la oyun oynamaq olmaz. Bu partiyanın qarşısında heç kim dayana bilməz. Onun 600 yüz min üzvü var. YAP müxalifətin o cür münasibətinə biganə qalmayacaq”.
Oyunu izləyənlər gördülər ki, nəinki əsas heyətdə, heç ehtiyat skamyasında da müxalifətdən heç kim gözə dəymədi…
Fikrimcə, burada Milli Məclisin nizam-intizam komitəsinin sədri(!) olan bu ixtiyar kişini bu boyda böhtan söyləməsinə görə ittiham etmək bizə yaraşmaz. Kərim Kərimovun günahı sadəcə onu bu yaşda məhşur rus təmsilçisi Krılovun “Qurd və quzu” təmsilinin mənfi qəhrəmanı edən rejimə boyun əyməsi, mütiliyidir…
Gülər Əhmədova “ağzımı açaram” deməsi ilə 600 minlik partiya susdu, onun tribunası olan “Səs” qəzetinin saytından isə Gülər Əhmədova ilə bağlı bütün yazılar yığışdırıldı. Deputatlar isə, dünən dediklərini bu gün təzkib etməyə başladılar.
Nə deyə bilərdi ki, “Qaynana” ləqəbli deputat? Hər halda ciddi arqumentləri vardı ki, bütün YAP-ı biabırçı şəkildə susmağa məcbur etdi, onun ən savadlı deputatlarından biri sayılan Aydın Mirzəzadə isə, bir həftədə mövqeyini nə az, nə çox, dörd dəfə (!) uf demədən dəyişir və sonda ağsaqqalı Kərim Kərimov kimi müxalifəti… bu olayda günahlandıraraq (ənənəvi “YAP salavatı”-X.Ə) ilə çəkilib durur bir qıraqda…
Kürün daşmasını, Zaqalatadakı zəlzələni, Bayıldakı sürüşməni bu və ya başqa təbii hadisələri müxalifətlə bağlayan hakim partiya rəsmilərini şamanizmə söykənərək (?) anlamağa çalışmaq olar, amma qəhrəmanlarının hamısı YAP-çı olan Gülər Əhmədova videosu ilə bağlı olayda müxalifəti günahlandırmaq, razılaşın ki, ruhi xəstəlik əlamətidir. Və məlum oldu ki, cibində deputat mandatı daşıyanların, eləcə də oxşar açıqlama verən rəsmilərin əksəriyyəti “xəstə”dir.
Təsəvvür edin, Ramiz Mehdiyev ranqda dövlət rəsmisi açıqlama verib deyir, “bu mənə qarşı ciddi təxribatdır” və qonşu otaqda oturan “təxribatçıların” adını çəkməyərək.., xaricə müalicəyə gedir.
Lakin ondan fərqli olaraq, “müalicəyə getməyən” YAP rəsmiləri isə, Gülər Əhmədovanın “ağzımı açdırmayın” kəlməsindən sonra olayla bağlı bütün suallara təxminən belə başlayırlar: “Müxalifət bilməlidir ki…”.
Biz çoxdan bilirik, cənablar, hələlik oyunun nəticəsini gözləyirik. Gülər Əhmədova BDU-da gənc nəslə psixologiya “öyrədir”, Respublika Uşaq Fonduna rəhbərlik edir (bu yaxınlarda uşaq şeiri müsabiqəsi keçirəcəyinin anonsunu verdi) və iri “Mərkəz” media quruluşuna rəhbərlik edir…
Yəni hesab hələlik 3:1 onun xeyrinədir. Belə getsə, “Qaynana” sizi hələ çox Mərkəzə dəvət edəcək…