Prezident Ilham Əliyev: “Azərbaycanda demokratiya uğurla inkişaf edir”.
Zaman: 20 oktybr 2012-ci il.
Məkan: Müsavat Partiyasının mərkəzi qərargahı.
Məclisin gedişində xəbər gəlir ki, 100-ə yaxın polis əməkdaşı və mülki şəxs qərargahın ətrafına toplanıb. Partiyanın Məclisi saat 14 radələrində işini bitirir. Gənclər sosial şəbəkədə elan edilmiş mitinqə qatılmaq üçün qərargahı tərk edirlər. Qərargahın 20-30 metrliyindəki “Kəmalə-Nərmin” şadlıq evinin qarşısında polislər və mülki geyimlilər gənclərə hücum edir. Əllərində “Parlament buraxılsın” şüarı yazılmış plakat tutan gənclərə qarşı zor tətbiq olunur. Polis əməkdaşları iclasdan çıxan Məclis üzvlərini də zorla avtobuslara doldurur. Bu azmış kimi polislər partiyanın qərargahına daxil olub dəhlizdə dayananları zorla bayıra çıxarıb polis bölməsinə aparırlar. Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli və Başqan müavini Gülağa Aslanlı polis zorakılığına məruz qalır. Onların hər ikisi qərargahın içərisindən aparılır… Müsavatçılar qərargahın qapısını içəridən bağlamağa məcbur olur.
Və axşam saat yeddiyə qədər qərargah polisin mühasirəsində qalır. Partiya Başqanı Isa Qəmbərin kabineti müharibə zamanı fəaliyyət göstərən ştabı xatırladır. Ştab polis bölmələrinə aparılmış 100-ə yaxın müsavatçı ilə əlaqə qurmağa cəhd edir. Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı polis idarələri ilə əlaqə saxlayır, Müsavat qərargahı qarşısında, Fəvvarələr meydanında həbs olunan müsavatçıların və cəbhəçilərin sayını müəyyənləşdirirlər. ATƏT-in Bakı Ofisinin nümayəndələri təşrif buyurur. Faktları toplayıb çıxırlar. AXCP sədri Əli Kərimli, Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri Köçəri Babayev, Rafiq Manaflı, Ibrahim Ibrahimli, jurnalist Şahvələd Çobanoğlu ştaba gəlir. IP bəyanat yayır.
Bayıra çıxmaq istəyənlər həbs olunduğu üçün qərargahdakı jurnalistlər siqaret və ərzaq üçün “ezam” olunur. Axşama yaxın polis bölmələrindən müsavatçılar zəng etməyə başlayır. Partiyanın mətbuat xidməti həbs cəzası alanlar, cərimə olunanlar və xəbərdarlıq alanların siyahısını mətbuata ötürür. Sonra xəbərdarlıq edilənlər və cərimə olunanlar ştaba gəlməyə başlayır. Və saat 19 radələrində polislərin və mülki geyimlilərin Müsavat Qərargahının ətrafından çəkildiyi xəbəri gəlir.
Lütfən, prezident Ilham Əliyevin demokratiya barəsində dediklərini bir də oxuyun və onu da yadınıza salın ki, hələ 2003-cü ildə andiçmə mərasimində çıxış edərkən, Prezident “Mən hər bir azərbaycanlının prezidentiyəm” demişdi.
Indi düşünməyin zamanıdır, dəyərli oxucu.
Gerçəkdənmi, Azərbaycanda demokratiya uğurla inkişaf edir? Ədliyyə nazirliyində qeydiyyatdan keçmiş bir partiyanın mərkəzi qərargahının 5 saat polis mühasirəsində saxlanılması, polisin partiyanın qərargahına girib həbslər aparması demokratiyanın uğurundan xəbər verir?
Əsas müxalifət partiyalarından birinin – AXCP-nin sədri Əli Kərimlinin ümumvətəndaş pasportu ala bilməməsi demokratiyanın təntənəsidir?
Fəvvarələr meydanında “parlament buraxılsın” şüarını səsləndirənlərə qarşı polis zorakılığı Azərbaycanda demokratiyanın uğurunu sübut edir?
Nə düşünürsən, hörmətli oxucu, Ilham Əliyev hər bir azərbaycanlının prezidenti kimi fəaliyyət göstərirmi? Əgər göstərirsə, o zaman müxalif insanlara qarşı sərgilənən münasibətin adı nədir?
Azərbaycanda NIFRƏT virisu epidemiya kimi yayılır. Və bu epidemiyadan QAN QOXUSU gəlir. O qandan qaçmaq gərəkdir. Hakimiyyət kürsüsündən yana Suriyada, Liviyada tökülən qanları göz önünə gətirin, CƏNAB YAPÇILAR. Və gücünüzü əbəs yerə müxalif düşərgəyə yönəltməyin. Müxalifətin sözdən savayı nəyi var ki?
Bu dövlətə, bu millətə sayğınız varsa, enerjinizi dövlətin təməlini çökdürən cinayətkarlara qarşı yönəldin. Bacarmırsınızsa, çəkilin hakimiyyətdən. Allah xətrinə, Azərbaycana Liviya, Suriya havası gətirməyin. Gürcüstandan nümunə götürün. O Gürcüstandan ki, orada demokratiya sözün əsl mənasında uğurla inkişaf edir.

Beş saat mühasirədə
•