Məşhur müğənni ilə ANS arasında qalmaqal

Nisə Qasımova telekanala 2 gün vaxt verdi, kanal “məhkəməyə müraciət etsin” dedi

Xalq artisti Nisə Qasımova oğlunun ANS telekanalında təhqir edildiyini deyir. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti bu səbəbdən artıq ANS telekanalını məhkəməyə verəcəyini bildirib. Jurnalistlərə açıqlama verən N. Qasımova bildirib ki, səbəb ANS telekanalıın tərəfindən ailəsini təhqir edən süjetin yayımlanmasıdır: “Mən 40 ildir oxuyuram, heç vaxt gözüm mükafatda olmayib. Təbii ki, mənim diqqət və ehtiram görmək istəyim olub. Mən də imkanlı adam tutub kiminsə qapısına sala bilərdim. Baxıram, hamı brilliantların içində üzür. Mən kimdən əskiyəm. Mən də imkanlı adamla oturub duraram, evim olar, hər gün bir klipim çıxar. Amma mən ata-ana tərbiyəsi görmüşəm. ANS tərəfindən ailəm təhqir olunub. Televiziyada deyilib ki, qardaşım rəhmətə gedəndən sonra mən onun oğlunu övladlığıa götürmüşəm. Elə deyil. Fətullah anadan olandan sonra mənim yanımda böyüyüb. Mənim indiki ağlım olsaydı, müğənni olmazdım. ANS-dəki şou verilişlərinin birində yayımlanan süjetdə bildirildi ki, mənim Fətullah adlı oğlum guya cinsi azlıqlara aiddir. Siz təsəvvür edirsiniz, bu nə deməkdir? Mən şokdayam. Dünənki biabırçılıqdan sonra biz bir-birimizin üzünə baxa bilmirik, utandığımdan mən evə gedə bilmirəm”.

Nisə Qasımova deyib ki, ANS telekanalı onun ailəsindən üzr istəməlidir, əks halda o, telekanalı məhkəməyə verəcək: “Mən oğlumdan utanıram. Bütün dostları zəng edib deyilər ki, bu nə xəbərdir. Gecə 3-ün yarısına qədər zəng ediblər. Əmircan, Şüvəlandan qohumlar toplaşıb ANS-ə getmək istəyiblər. Mən və ailəm, xüsusən oğlum təhqir olunub. Fətullah özü də Məşədi, Kərbalayidir. Mən bu məsələdə susmayacağam. Verilişdən sonra dəfələrə Mirşahin Ağayevə zəng etsəm də, zəngimə cavab vermədi. ANS-ə iki gün vaxt verirəm. Ya həmin verilişdə bu xəbəri təkzib edib, məndən, oğlumdan, ailəmdən üzr istəsinlər, ya da mən onları məhkəməyə verəcəyəm. Azmı olub sizin “quş”larınıza görə xəbərdarlıq… Sadəcə iki gün gözləyərik. Üzr istəməsələr, onları məhkəməyə verəcəyəm. Ölümə qədər bu işinin dalınca gedərəm”.
Nisə Qasımova bildirib ki, o, ANS-də yayımlan verilişlərə qatılmaqdan imtina etdiyi üçün onlar bu addımı atıblar: “Bu qədərmi mən lazımsız bir insan oldum? Yəqin mən Elgizin, Ulviranın verilişlərinə getmədiyim üçün məndən əvəz çıxırlar. Ancaq bilsinlər ki, hər zaman mətbuatdan qaçan Nisə bundan sonra susmayacaq. Bu telekanaldan hər şey gözləyirdim, bircə bunu yox”.
N.Qasımova bəzi şou nümayəndələrinə ismarıc da göndərib: “Mən sizin düşündüyünüz müğənnilərin cərgəsində deyiləm. Elə olsaydı, mənim də 25 villam, 15 maşınım, bir ərim, 5 sevgilim olardı. Mən ailə tərbiyəsi görmüşəm, mənəviyyatım, ailə nüfuzum hər şeydən əzizdir. Mən iki oğul nəvəsi böyüdürəm. İstəmərəm mənim nəvələrimə mənə görə söz gəlsin”.
Xalq artistinin ANS-lə bağlı dediklərinə telekanal cavab verib. Kanalın media üzrə baş müşaviri Mais Məmmmədov “Qafqazinfo”ya deyib ki, əgər süjet xoşuna gəlməyibsə, Nisə Qasımova onları məhkəməyə verə bilər: “Çoxu süjetə baxmayıb lakin danışırlar. Süjet Nisə xanımın xoşuna gəlməyibsə, versin məhkəməyə. Başqa heç nə danışmaq istəmirəm”.