Rusiyanın Stavropol vilayətinin Neftekum rayon Prokurorluğu, müsəlman ailələrindən olan qızları hicablı olduqlarına görə məktəbə buraxmayan məktəbin beş əməkdaşını intizam məsuliyyətə cəlb edib, – “RİA Novosti” xəbər verir.
Bundan öncə Stavropol əyalətində yerləşən orta məktəbin direktoru müsəlman ailələrindən olan beş hicablı şagirdə dərslərdə iştirak etməyə icazə verməmişdi. Şagirdlərin valideynləri bundan sonra prokurorluğa müraciət etmiş və prokurorluqda bu işlər bağlı araşdırma başlamışdı. Valideynlər bildirirdilər ki, Rusiyada hicabı qadağan edən heç bir qanun yoxdur və onların qızlarının məktəbə buraxılmaması, uşaqların təhsil hüququnu və dini etiqad azadlığını pozur.
“Bu qanun pozuntusunun aradan qaldırılması və beş məsul şəxsin intizam məsuliyyətinə cəlb edilməsi haqqında qərar verilib”, – deyə prokurorluqdan bildirilib. Məhz hansı şəxslərin cəzalandırıldıqları bildirilmir.
Xatırladaq ki, artıq Rusiya prezidenti yanından Uşaq Hüquqları Müvəkkili Pavel Astaxov çıxış edərək, hicablı məktəblilərin dərsdən kənarlaşdırılmasını qanun pozuntusu adlandırmışdı. Rusiya Təhsil naziri Dmitri Livanov isə ölkədə hicablı şagirdlərin məktəbə gəlməsini yasaqlayan heç bir qanunun olmadığını bildirmişdi.