“Bu, bizim yaratdığımız sistemin nailiyyətidir; Qalibin hər şeyi əldə etdiyi zaman artıq keçib; Müxalifət olmasa, ölkə qəbirstanlığa çevrilər – Gürcüstan qəbiristanlığa çevrilməyəcək”
Gürcüstanda yeni seçilmiş parlament oktyabrın 21-də öz işinə başlayıb. Kutaisiyə köçən parlamentin ilk iclasını ölkə başçısı Mixail Saakaşvili də qatılıb. Saakaşvili salona daxil olarkən parlamentdə çoxluq təşkil edən “Gürcü arzusu” blokunun deputatları ayağa durmayıb. Gürcüstan baş naziri vəzifəsinə namizəd Bidzina İvanişvili isə sessiaya qonaq statusunda qatılıb.
Açılış nitqi ilə çıxış edən Saakaşvili hakimiyyət dəyişikliyinin güc yolu ilə yox, demokratik seçkilərlə dəyişməsinə görə, məmnunluq duyduğunu bildirib: “Bu gün Kutaisidə xüsusi ab-hava var və mən sevinirəm ki, bu gün burada 2008-ci ildə öz mandatlarından imtina etmiş şəxsləri görürəm. İndi siz parlament üzvlərisiniz və hətta daha yüksək vəzifələri hədəf seçmisiniz. Bu, bizim yaratdığımız sistemin nailiyyətidir və indi xalq nəyin yaxşı, nəyin pis olduğunu özü görəcək. Qalibin hər şeyi əldə etdiyi zaman artıq keçib. Bu gün bir qüvvə müxalifətdədir, digəri isə hakimiyyətdə və təsəvvür edin ki, növbəti seçkilərdə hər şey dəyişə bilər”.
Saakaşvili deputatları “dövlət quruculuğunu” davam etdirməyə və siyasi azlığı “ölkəni inkişafa aparacaq proseslərdə hakimiyyətlə əməkdaşlıq etməyə” çağırıb.
Gürcüstan prezidenti deyib ki, parlamentdə mübahisələr adi haldır, amma etika qaydalarından kənara çıxmaq olmaz. O qeyd edib ki, əgər müxalifət olmasa, ölkə qəbirstanlığa çevrilə bilər. Gürcüstan isə qəbiristanlığa çevrilməyəcək. Saakaşvili yeni hökumətə “işğalçı ölkənin tələsinə düşməməyi” (Rusiyanı nəzərdə tutub – red.) tövsiyə edib.
Saakaşvili öz hökumətinin gördüyü işlərdən də danışıb və özlərini “sehrbaz” adlandırıb. O, parlamentin Kutaisiyə köçürülməsi, onunçün yeni binanın tikintisi haqda fikirlərini bildirərkən deyib: “Yaxşı zaldır, maraqlı tərkibdir. Bir həftə öncə deyirdilər ki, binanın təmiri hələ başa çatmayıb, su axır və s. Onda onlara dedilər ki, bir həftəyə bütün işlər yekunlaşacaq. Bundan sonra sualları belə oldu ki, bəyəm siz sehrbazsınız? Yadınızda saxlayın, biz sehrbazıq və hələ qabaqda bir çox möcüzələr baş verəcək”.
Saakaşvilinin çıxışından sonra sessiyanı aparmaq səlahiyyətləri parlamentin ən yaşlı deputatı İvan Kiquradzeyə verilib.
Yeni parlamentin sədri vəzifəsinə isə bir neçə namizəd arasından “Gürcü arzusu” blokunun liderlərindən biri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili seçilib.
Oktyabrın 1-də Gürcüstan parlamentinə keçirilən seçkilər nəticəsində Bidzina İvanişvilinin rəhbəri olduğu “Gürcü arzusu” 85 yerə, Saakaşvilinin “Vahid milli hərəkatı” 65 yerə sahib olub.
İnformasiya şöbəsi