Eks rektorun məktubunda şok isimlər: Mehriban Əliyeva, Müsavat Partiyası, Mahir Cavadov…
«Azərbaycanda dövlət hakimiyyəti tam iflic olub hüquqi böhran vəziyyətindədir»
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin “Azadlıq”a yolladığı sensasion materialların növbəti hissəsini təqdim edirik.
Namiq Abbasovun telefon siyahısı
“…9 il müddətində prokurorluq bütün xalqa məlum olan adam oğurluğu ilə məşğul olan azğınlaşmış mütəşəkkil cinayətkar təşkilatı ifşa etmir, əksinə, qardaşım Mahiri axtaranlara qarşı mübarizə aparır, onları təhdid edir, günün günorta çağı silahlı qara maskalılar zərərçəkmişə basqın edir, heç bir şeydən çəkinmədən tam cəzasızlıq şəraitində dövlət terroru siyasətini həyata keçirirlər, heç bir hüquqi məsuliyyət daşımırlar…
Daha önəmli, təkzibolunmaz fakt ondan ibarətdir ki, 22 oktyabrda(2003) milli təhlükəsizlik naziri peşəkar “çekist” Namiq Abbasovun göstərişi ilə MTN-in IX Idarəsinin rəisi polkovnik Sahib Nağıyev və əməliyyatçı polkovnik Azər Aşurov Mahirin oğurlanması günü qardaşımın və Mətanətin, onun əhatəsində olan şəxslərin telefon danışıqlarının listinqinin hərəkət sxemini olduğu kimi mənə vermişdir. Bu telefon danışıqları listinqinin düzgünlüyünü digər hüquq-mühafizə orqanlarının da verdiyi telefon danışıqları listinqləri eynən təsdiqləyib”.
ABU-nun başında qara buludlar
“13 oktyabrda Mahir saat 10:18-dən 16:20-yə qədər ”Qafqaz-2″ telefon antenası dairəsində, müğənni Mətanət Isgəndərlinin mənzilində qanunsuz olaraq zorla 6 saat 2 dəqiqə saxlanılıb.
Bütün faktların kriminoloji təhlili sübut edir ki, qardaşım Mahir Mətanət Isgəndərlinin evindən Hilal Əsədov-Sənan Ibrahimovun göstərişi ilə külli miqdarda pul və təsis etdiyim Azərbaycan Beynəlxalq Universitetini ələ keçirmək məqsədi ilə qanunsuz olaraq oğurlanıblar.
MTN müavini general Hilal Əsədov və “iş verən” Sənan Ibrahimov, hər şeydən əvvəl Mahiri öz şəxsi ambisiyaları üçün qanunsuz oğurlayıblar. Vəziyyətin getdikcə ağırlaşdığını gördükdən sonra özlərini sığortalamaq məqsədi ilə Mahiri və ailəsini vəzifə mövqeyindən sui-istifadə edərək prezidentə saxta arayışlar yazaraq şərləyib siyasi müstəviyə – prezident müstəvisnə keçiriblər”.
Hilal Əsədova diqqət
“Gülüş doğuran başlıca faktlardan biri də Azərbaycanda adam oğurluğu ilə məşul olan mütəşəkkil cinayətkar təşkilatın bu cinayəti heç nədən çəkinmədən maharətlə başqalarının üstünə yönəltməsidir. Aparılan çoxsaylı təhlillər və gizli video-görüntülərin analizi müəyyən edir ki, KQB(MTN) müavini Hilal Əsədov qardaşım Mahirin oğurlanmasının saxta – ”Qaradağ postu” variantından başqa bir mərkəzdən idarə olunan uydurulan daha 30-dək saxta versiyaları da irəli sürərək bizi çaşdırmağa, ələ salmağa və təhdid etməyə cəhd etmişdir. Prokurorluq nə üçün bu günə qədər cinayətin baş verməsi haqqında yalan məlumat verənlər haqqında bir dənə də belə olsun cinayət işi qaldırmayıbdır”.
Mahir Abdullayev barədə versiyalar
Bunlar aşağıdakılardır:
1.Gizli çəkilən videoda Arzu Kazımovun köməkçisi deyir ki, Mahiri hökmdar qadın oğurlayıb, yəni Mehriban Əliyeva… Fikir verin, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin rəhbərlərini şərləməkdən belə çəkinmirlər, onları ələ salırlar (Arzu Kazımovun ortağının bu çıxışının video görüntüləri istintaqa təqdim edilib);
2.”Təzadlar” qəzetinin baş redaktor Asif Məmmədovun göstərişi ilə jurnalisti Zümrüd Məmmədova Mahir oğurlanandan bir ay sonra “Azərbaycan Cümhuriyyəti” qəzetində məqalə çap etdirir ki, müğənni Mətanət Isgəndərlinin evindən yayındırmaq məqsədi ilə Mahiri “Muğan Bankın” Yasamal filialının müdiri Firuz “qağa” oğulayıb;
3.DIN ITI-nin polkovniki Telman Muradov deyir ki, Mahir Mahaçqala şəhəri yaxınlığında Kaspiyskidə, daha sonra isə Lavaşinskidə saxlanılır;
4.KQB-in əməkdaşı Ilqar Abbasov deyir ki, Mahiri DIN Banditizm Idarəsi oğurlayıb, 22 gündən sonra MTN-nə göndərilib;
5.Deputat Gülər Əhmədovanın köməkçisi Babayeva Sevinc Telman qızı deyir ki, Mahiri KQB oğurlayıb;
6.BƏM-in mühafizəçisi Rasim deyir ki, Mahiri Sumqayıt yolunun üstündə “Laçın koridoru”nda saxlayıblar;
7.Aeroport Polisinin rəis müavini, DIN naziri Ramil Usubovun yaxın qohumu polkovnik Rasim Ildırımzadə deyir ki, Mahir KQB (MTN)-dədir;
8.Azərbaycan INTERPOL-un sabiq rəisi Ədalət Ibrahimovun atası Qüdrət Ibrahimov deyir ki, Mahiri elə adam oğurlayıb ki, ora nə MTN, nə Prokurorluq, nə də polis girə bilər, yəni prezidentin əmisi oğlu Ilqar Əliyev;
9.Prezidentin Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, baş nazirin I müavini Abbas Abbasov, “vor zakon” “kar” Qəhrəman deyir ki, Mahiri Müsavat partiyası oğurlayıb;
10.Daxili işlər nazirinin qardaşı, Yasamal MTN-in rəisi Mütəllim Usubov deyir: “mən onlara dedim ki, Mahirlə işiniz olmasın, o, iqtidardır”;
11.KQB əməkdaşı Hüsniyyə deyir ki, Mahirlə 14.10.2003-cü ildə Sumqayıtda birlikdə toyda oldum, prezident seçkilərindən 2 gün sonra evinə dönəcək (Sumqayıt toyunun dəvətnaməsini mənə verdi);
12.Əli Zəngilanski deyir ki, oğlum KQB-də işləyir, Mahiri Kəmaləddin Heydərovun sifarişi ilə KQB oğurlayıb, hazırda KQB-dədir;
13. Şəmistan-Nüşabə deyir ki, Mahiri Zuğulbada saxlayırlar, yəni Arif Paşayev;
14. Moskvalı, rusdilli Xanımın qızının tanışı doktor Mahir (Marzik) deyir ki, Mahir Moskvadadır;
15.Baki Dövlət Universitetinin kafedra müdiri hacı Əsədulla mənə yazılı verdi ki, oğlum KQB-də işləyir, Mahir KQB-dədir, Mahiri məndən alarsan;
16.ABU Beynəlxalq hüquq fakültəsinin III kurs tələbəsi Nərgiz Ağabəyova deyir ki, Mahir Qarabulaqdadır (hələ 2003 ildə, həmin dövrdə biz hələ Qarabulağı tanımırdıq);
17.Mahirin işini aparan MTN əməliyyatçı Azər Aşurov deyir ki, Mahiri deputat Iqbal Ağazadənin bağ evində saxlayıblar, gedib birlikdə yoxlayaq;
18.Buzovnalı falçı Sənubər deyir ki, Mahiri Zuğulbada prezidentin əmisi Cəlal Əliyevin bağında saxlayıblar, hücum edib azad etmək lazımdır;
19. Bəstəkar Arif Məlikovun qardaşı Tahir deyir ki, Mahir Vyanada Mahir Cavadovun yanındadır;
20.Vyanada yaşayan Qorxmazın arvadı Aybəniz (ağcabədili) Vyanadan zəng edib deyir ki, Mahir Vyanadadır;
21.KQB müstəntiqi Şahin Ələkbərov (şəkili, Bakı şəhər BPI-nin keçmiş müstəntiqi) deyir ki, Mahiri gözlərimlə MTN-də nazirin qəbulunda görmüşəm;
22.MTN Istintaq Idarəsinin rəisi Movlan Şıxəliyev deyir ki, Mahiri arvadımla birlikdə Parisdə gördüm;
23.Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyevin qızının əri, biznesmen-deputat Ilham Əliyev deyir ki, Mahir Ingiltərədədir;
24.”Qanun naminə” qəzetinin jurnalisti deyir ki, Mahir Kanadaya qaçıb;
25.MTN generalı Akif Çovdarovun qohumu ABU prorektoru Nizami Süleymanov məni iki dəfə tanınmış Şəmkirli falçı-baxıcı Fazilin yanına aparıb onun dili ilə deyir ki, Mahiri Prezidentinin əmisi oğlu Ilqar Əliyev oğurlayıb;
26.Bu versiyalardan başqa Hilal Əsədov KQB-in sərəncamında olan 53 fırıldaqçı falçı-baxıcını, reket qəzetləri, telefon təhdidləri, mənim əleyhimə düzüb qoşulan saxta cinayət işləri, silahlı qara maskalıların basqını, oğru dünyasında məşhur olan simaları üstümə göndərmişdir ki, zərərçəkmişi çaşdırsın, əsas cinayətkarları gizlətsin, dövlət hakimiyyət orqanlarının içərisindəki adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ört-basdır etsin.
Hüquq professoru kimi, bir daha tam məsuliyyətim ilə təsdiq edirəm ki, qardaşım Mahiri müğənni Mətanət Isgəndərlinin evindən Sənanın “nakolkası” ilə Hilal Əsədov oğurladıbdır. Qalan variantlar gülüncdür.
“Ölkə qanunlarla deyil, Hacı Məmmədovun feodal qaydaları ilə bir mərkəzdən idarə olunur”
“Avropa Məhkəməsinə şikayət etdikdən sonra qardaşım Mahirin oğurlanmasında maraqlı olan mütəşəkkil cinayətkar təşkilatdan məni məcbur edirdilər ki, Strasburq Məhkəməsindən ərizəmi geri götürüm. Faktiki olaraq mənim əleyhimə dövlətin gücündən istifadə edərək dövlət terroru həyata keçirirdilər. Əleyhimə saxta cinayət quraşdırıldı. Fikir verin, 11 yanvar 2002-ci il tarixində Avropa Şurasında Azərbaycanda adam oğurluğu ilə bağlı hesabat dinlənilmişdir. Bu cinayətin Azərbaycanda son illər daha da artması pislənilmişdir, lakin 1 ildən sonra Mahiri və digərlərini oğurlamaqda davam edirlər. Bu isə belə deməyə əsas verir ki, Azərbaycan qanunlarla deyil, Hacı Məmmədovun feodal qaydaları ilə bir mərkəzdən idarə olunur, bütün dünyaya meydan oxuyurlar, beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqda davam edirlər, özlərini ərəb diktatorları kimi aparırlar”.
Əliyev ailəsinə yazılan 230 cavabsız məktub
“Azərbaycanda tam hakimiyyətsizlikdir, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat heç nədən çəkinmədən günün günorta çağı adam oğurluğundan zərərçəkmiş şəxsi – məni susdurmaq məqsədi ilə televiziya təhdidi aparır, reket qəzetlərlə şərləyib böhtan atır, qardaşımı geri qaytarmaq üçün notariusla imzasını atıb pul alır, özlərini tam cəzasızlıq şəraitində hiss edirlər. Kriminoloji-hüquqi baxımdan bu hallar təsdiqləyir ki, Azərbaycan, həqiqətən də, analoqu olmayan inkişaf səviyyəsinə çatıb. Azərbaycanda dövlət hakimiyyəti tam iflic olub, hüquqi böhran vəziyyətindədir, hakimiyyətsizlikdir, qanunlar işləmir, ölkə Hacı Məmmədov qaydaları ilə idarə edilir, hüquq mühafizə orqanları adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatdan tam asılı vəziyyətə düşüb. Prezident Ilham Əliyevə 115, YUNESCO-nun xoşməramlı səfiri, Parlamentin deputatı Mehriban Əliyevaya 115, başqa qurumların rəhbərlərinə etdiyim şikayətlərimin surətlərini göndərmişəm. Şikayətlərimə cavab vermək əvəzinə məni təhdid etməklə məşğuldurlar”.
Hüquq professorunun acizliyi
“9 ildir ki, qardaşım Mahirin zərərçəkmiş şəxs kimi başlanmış 105157 saylı cinayət işini ala bilmirəm. Bu müddətdə isə prokurorluğun və başqa hüquq-mühafizə orqanlarının gördükləri bir iş Mahirin oğurlanması ilə bağlı maddi sübutları, canlı şahidləri, zərərçəkmişi təhdid etmək və fiziki cəhətdən aradan götürməkdir.
Bu deməyə əsas verir ki, Azərbaycanda hakimiyyətsizlik, özbaşınalıq və qanunsuluq höküm sürür. AR Konstitusiyasının 109-cu maddəsinə görə, məhkəmə, istintaq funksiyası prezidentin müstəsna səlahiyyətidir, lakin, prezident Ilham Əliyevə, başqa hüquq-mühafizə orqanları rəhbərlərinə yazdığım şikayətlərə baxan yoxdur”.