“Azadlıq”ın əmlakına həbs qoyula bilər

4 min manatlıq cəriməni ödəmək üçün qəzetə 10 gün vaxt verilib

“Azadlıq” qəzeti ilə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov arasındakı “Ayı işi”nə görə məhkəmə redaksiyaya 4 min manat cərimə kəsmişdi. Qərara əsasən, həmin məbləğ qəzetdən tutularaq Buzovna qəsəbəsindəki Ruhi-Əsəb-Əlil Qocalar evinin hesabına köçürülməli idi.
Artıq qərar icraya yönəldilib və dünən Yasamal Rayon Icra Şöbəsindən “Azadlıq”a bildiriş daxil olub. Bildirişdə “Azadlıq” qəzetinə 4 min manatı ödəmək üçün 10 gün vaxt verilir. Bildirilir ki, göstərilən vaxt ərzində cəriməni ödəməyəcəyi təqdirdə qəzetin əmlakı siyahıya alınacaq və həmin əmlakın üzərinə həbs qoyulacaq. Üstəlik qərarı icra etmədiyinə görə qarşı tərəf 3 min manatdan 5 min manata qədər cərimə oluna, Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən isə cərimə ilə yanaşı, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Qərarı üzürsüz səbəbdən icra etməməyə görə icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər də cavabdehdən tutulur. Lakin qərardan surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, bildiriş oktyabrın 16-da imzalansa da, redaksiyaya üç gün sonra daxil olub: “Oktyabrın 16-da imzalanmış sənəd redaksiyaya oktyabrın 19-da təqdim edilib. 4 min manatı ödəmək üçün qəzetə cəmi 10 gün vaxt verilir. Bu vaxtın üç günü bizim xəbərimiz olmadan ötüb keçib. Bu baxımdan bizi seytnota salmaq məqsədi güdüldüyü açıq-aşkar görünür. Redaksiyanın maliyyə vəziyyətinin çox ağır olmasına baxmayaraq, faktiki təcili qaydada 4 min manatın ödənməsi tələb edilir. Bununla da hakimiyyət açıq şəkildə qəzeti daha ağır vəziyyətə salmağa çalışır. Biz bunu Azərbaycan hakimiyyətinin qəzetin prinsipial mövqeyinə cavab və qisas addımı kimi qiymətləndiririk. Vəziyyətdən çıxmaq üçün bütün mümkün üsul və vasitələrdən istifadə edəcəyik. Ilkin addım kimi də qərardan şikayət verəcəyik”.

Gültəkin