“Yağmur” əməliyaytı 15 dəqiqə çəkib (FOTO)

Paytaxtın Qaraçuxur qəsəbəsində dünən axşam saatlarında baş verən silahlı insidentlə əlaqədar, “Yağmur” şadlıq evinin ətrafı polis nəzarətində saxlanılır. Ərazidə olan Modern.az saytının əməkdaşları “Yağmur” şadlıq evinin dörd tərəfinin polis işçiləri tərəfindən əhatələndiyini müşahidə ediblər. Bundan başqa, restorana polislərdən başqa heç kim buraxılmır.
Ərazidə yaşayanlardan biri – “Yağmur”a yaxın binanın sakini Firuz Abbasov sayta bildirib ki, ötən axşam restoran tərəfdən atışma səsininin gəldiyini eşidərək, oraya yaxınlaşıblar: “Ətraf polis nəzarəti altında idi. Heç kimi oraya yaxınlaşmağa qoymurdular. Atışma elə də çox davam etmədi. Yəni qarşılıqlı atışma hiss olunmadı. Haradasa 15 dəqiqə ərzində hamısını avtobuslara yığaraq apardılar. Tutulanlar haradasa 30-40 nəfər olardı”.
F.Abbasov restoranın bir ay olar ki, istifadəyə verildiyini deyib: “Heç restoranın birinci mərtəbəsi təmir olunmayıb. Burada toylar olurdu. Bundan əvvəl orada toylar olub, amma belə hadisə ilk dəfədir baş verir”.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bir qrup şəxsin “Yağmur” restoranında toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Məlumat araşdırılıb və təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu göndərilib. Əməliyyat zamanı toplantıda iştirak edən şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.