Müxalifət mürtəce dəyişikliyə qarşı

Cərimələrlə xalqı susdurmaq mümkün deyil

Kütləvi aksiyalar və mitinqlərlə bağlı hakimiyyətin yeni sanksiyalar tətbiqi deyəsən, yenə də imkansız təbəqənin başında çatlayacaq. Çünki hökumətin razılıq vermədiyi kütləvi aksiyada iştiraka görə müxtəlif məbləğdə cərimə nəzərdə tutulub.
Məlumdur ki, aksiyaya çıxan istənilən  şəxsə qadağa qoymaq öncə insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deməkdir. Üstəlik, aksiyaya qoşulan narazı kəsim təbii ki, imkanlı deyil və bu cərimələr məbləğindən asılı olmayaraq onsuz da sosial vəziyyətindən cana doyan mitinq iştirakçısını mövcud hakimiyyətdən daha da narazı salacaq.
Bu xüsusda fikrini dinlədiyimiz AXCP sədrinin müavini Gözəl Bayramlı söylədi ki, bu addımla hakimiyyət insanların mitinqə çıxmasını əngəlləmək, onun qarşısını almaq istəyir. Gözəl xanıma görə, hakimiyyət əslində, xalqdan qorxur, çünki əksəriyyətin mövcud hakimiyyətdən narazı olduğunu bilir: “Hakimiyyət bununla avtoritar rejimdə başqa bir idarəetmənin olmadığını göstərmək istəyir. Bu məsələ Konstitusiyaya, sərbəst toplaşmaq azadlığı haqqında qanuna zidd addımdır. Əgər aksiyada hansısa inzibati xəta törədilərsə, bunu qaydalara uyğun yoluna qoymaq olar. Amma belə yüksək cərimələrlə xalqı qorxutmaq olmaz. Yeni metod kağız üstündə qalacaq. Bununla xalqın iradəsini qırmaq mümkün deyil. Belə qanunlarla xalqa hədə-qorxu gəlmək, insanları öz hüquqlarından istifadə etməkdən çəkindirmək mümkün olmayacaq”.

Müsavatın başqan müavini Tofiq Yaqublunun fikrincə, hakimiyyətin gələcək prezident seçkiləriylə bağlı ciddi narahatlığı var. Insanların kütləvi aksiyalarda iştirakını məhdudlaşdırmaq, onları qorxutmaq, hədələməklə hakimiyyət öz siyasətini yeritmək istəyir: “Kasıb insanlara maliyyə sanksiyaları tətbiq etmək nə dərəcədə düzgün addımdır? Məsələnin başqa tərəfi ondan ibarətdir ki, cərimələri nə qədər artırsalar da  hazırkı durumun mahiyyəti dəyişməyəcək. Bu məqamda bir məsəl tamamilə yerinə düşür. ”Dövşana qaç, tazıya tut” deyirlər. Bir tərəfdən insanları məcburən sanksiyalaşdırılmış aksiyalara getməyə vadar edir, digər tərəfdən də cərimə tətbiq edirlər”. Tofiq bəy əlavə etdi ki, bu addım çox məntiqsiz qərar olmaqla insanların hüquqlarını pozur və sərbəst toplaşmaq haqqında qanuna ziddir.

Nigar