İlham Əliyev Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının yaradılmasından niyə məmnun qalmayıb?
Diasporla Iş üzrə Dövlət Komitəsi Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının yaradılmasını pisləyib. Qurumun rəsmi bəyanatında bildirilir ki, bir müddət əvvəl təsis olunduğu barədə açıqlama yaymış Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının yaradılması Diasporla Iş üzrə Dövlət Komitəsi tərəfindən qeyri-məqsədəuyğun bir hal kimi dəyərləndirilir.
Açıqlamada qeyd olunur ki, 2001-ci ildə eks-prezident Heydər Əliyevin bilavasitə iştirakı ilə Rusiya Federasiyasında Ümumrusiya Azərbaycan Konqresi yaradılıb.
ÜAK-ın fəaliyyətinin təqdir olunduğu açıqlamada daha sonra qeyd edilir: “Diasporla Iş üzrə Dövlət Komitəsi Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının yaradılmasını bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etməyən addım hesab edərək bundan böyük təəssüf hissi keçirir və buna mənfi münasibət bəsləyir”.
“Yeni yaradılan Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı haqda yazılanlar mətbuatın mülahizələridir. Gözləyək görək bu adamların özləri nə deyirlər. Biz bundan sonra məsələyə münasibət bildirəcəyik”. Bu sözləri isə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına deyib.
Diasporla Iş üzrə Dövlət Komitəsinin bəyanatına gəlincə, Əli Həsənov bildirib ki, dövlət komitəsi Rusiyada, o cümlədən digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun parçalanmasını istəmir: “Diasporla Iş üzrə Dövlət Komitəsi Azərbaycanın diaspor təşkilatlarının parçalanmasını, diaspor nümayəndələrinin ayrı-ayrı düşərgələrə çəkilməsini istəmir, diasporun vahid siyasətlə, bir mərkəzdən idarə olunmasını istəyir və bunun üçün çalışır. Diasporla Iş üzrə Dövlət Komitəsi Rusiya Azərbaycan Təşkilatları Ittifaqının yaradılmasını bu baxımdan qiymətləndirib və belə bir bəyanat verib”. “Azərbaycan hakimiyyətinin ittifaqda təmsil olunan şəxslərlə münasibətləri necədir?” sualını Əli Həsənov belə cavablandırıb: “Hakimiyyətin ayrı-ayrı şəxslərə, eyni zamanda müxtəlif insanların hakimiyyətə münasibəti siyasətin predmeti ola bilməz. Hakimiyyətin normaları, idarəçilik prinsipləri var, xalq qarşısında məsuliyyət daşıyır, hesabat verir və bunlardan da çıxış edərək ölkənin idarəçiliyini həyata keçirir. Amma ayrı-ayrı şəxslərin hakimiyyətlə münasibəti üzərində dövlət siyasəti formalaşmır, qurulmur və həyata keçirilmir”.
***
Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı Rusiyada yaşayan bir qrup azərbaycanlı tərəfindən yaradılıb. Təşkilatda sürpriz isimlər də təmsil olunur. Bu sırada ölkə başçısı Ilham Əliyevin qudası Araz Ağalarov, baş nazirin sabiq müavini Abbas Abassov, tanınmış dramaturq Rüstəm Ibrahimbəyov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Ağamirov, iş adamları Vahid Ələkbərov, Telman Ismayılov və Isgəndər Xəlilovun adını çəkmək olar. Siyahıda Rusiya Dövlət Dumasının üzvü, RF baş nazirinin keçmiş müavini Ramazan Abdulatipovun da adı var.
RATI təsis ediləndən sonra qurumun Koordinasiya Şurası adından Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyevə məktub göndərilib. Məktubda yeni təşkilat haqda məlumat verilir, Ümumrusiya Azərbaycan Konqresi orada təmsil olunmağa dəvət edilir.
Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynovun isə buna cavabı sərt olub. Baş katib deyib ki, Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı yarananda onlara heç bir dəvət gəlməyib. O, daha sonra əlavə edib: “Hətta gəlsə belə iştirak etməyə lüzum görməzdik. Çünki biz ayrıca bir qurumuq və heç bir Koordinasiya Şurasında təmsil olunmaq fikrimiz yoxdur”.
***
“Azadlıq”a daxil olan məlumatlara görə, Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı ilə bağlı bu cür bəyanatların verilməsi səbəbsiz deyil. Məlumatda iddia olunur ki, Ilham Əliyev sözügedən təşkilatın yaradılmasından məmnun qalmayıb. Məhz bu baxımdan həm ÜAK, həm də Diasporla Iş üzrə Dövlət Komitəsi Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqına yönəlik çıxışlar edib.
Bu məlumat kifayət qədər inandırıcı görünür. Ən azı Ilham Əliyevin qudasının təmsil olunduğu təşkilata qarşı heç bir qurum və ya təsisat hücuma keçməzdi. Yeri gəlmişkən, Söyün Sadıxov mətbuata açıqlamasında bildirib ki, Rusiya Azərbaycan Təşkilatları Ittifaqının yaradılmasına Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da razılıq verib. Bu hücumlardan sonra isə Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı yaydığı açıqlamada bəyan edib ki, ittifaqın üzvləri Ilham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək.
Bəs onda nə baş verir? Nədən Ilham Əliyev bu təşkilatın təsis olunmasından narahatdır?
Müxtəlif versiyalar var. Versiyalardan biri budur ki, Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı Kremlin layihəsidir və bu layihə post-Əliyev dövrü üçün nəzərdə tutulur. Ehtimal olunur ki, Rusiya artıq Qərbin Ilham Əliyevlə barədə birmənalı qərar verməsindən duyuq düşüb və Azərbaycana təsir imkanlarını itirməmək üçün dərhal fəaliyyətə başlayıb. Onsuz da Azərbaycan hakimiyyətilə münasibətlərində gərginlik yaşanan Kreml fürsəti əldən verməməyə, Rusiyada yaşayan azərbaycanlılar arasında, o cümlədən Azərbaycanın özündə kifayət qədər tanınan şəxsləri bir araya gətirməklə indidən üstünlük qazanmağa çalışır. Bu halda əlbəttə ki, Ilham Əliyev Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının yaradılmasından məmnun qala bilməz. Bu versiya bir qədər inandırıcı görünür. Təbii ki, Araz Ağalarovun hansı məntiqlə qudasına qarşı olan layihədə iştirak etməsi barədə sual yarana bilər. Məsələ burasındadır ki, Araz Ağalarovun Ilham Əliyevdən daha çox Rusiyanın prezidenti Vladimir Putindən asılılığı var. Bu asılılığı şərtləndirən amil biznesinin əhəmiyyətli hissəsinin Rusiyada olmasıdır. Mümkündür ki, Kreml Araz Ağalarovun qarşısına konkret şərt qoyub. Ilham Əliyevin qudası isə milyardlarını qorumaq üçün bu layihədə iştiraka razılıq verib.
Digər iş adamları Telman Ismayılov, Isgəndər Xəlilov və Vahid Ələkbərova gəlincə, bu şəxslərin Azərbaycanda hər hansı iri biznesi yoxdur.
Başqa mülahizələrə görə isə Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı Moskva ilə Bakının razılaşdırılmış layihəsi ola bilər. Bu fikrin tərəfdarları adı yeni təşkilatın aparıcı simaları kimi çəkilənlərin əksəriyyətinin Azərbaycan hakimiyyəti ilə isti münasibətdə olması, onlardan birinin – Araz Ağalarovun isə ölkə başçısı ilə qohumluğu üzərində dayanırlar. Mülahizələrə görə, Bakı ilə Moskva Azərbaycanda mümkün hakimiyyət dəyişikliyinə bu sayaq hazırlaşa, yəni həm indiki iqtidara, həm də Kremlə yaxşı münasibətdə olan çevrənin yetişdirilməsi üzərində işləyə bilər. Indiki məqamda Qərblə münasibətlərdə çətin günlərini yaşayan Azərbaycan hakimiyyəti isə bütün baş verənlərin ondan xəbərsiz, Moskvada hazırlanan “siyasi layihə” kimi qavranmasına da az maraq göstərməli deyil. Bununla o, Qərbə Kremlin Bakıda “öz adamlarını” oturtmağa hazırlaşdığı mesacini vermiş olar.
Lakin bu versiya bir qədər inandırıcı görünmür. Çünki Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqında ümumiyyətlə bu hakimiyyətin getməsini istəyən və zaman Əliyevləri sərt tənqid edən Rüstəm Ibrahimbəyov da təmsil olunur. Tanınmış dramaturq dəfələrlə Azərbaycan hakimiyyətinin ünvanına “səviyyəsiz hökumət”, “bu hakimiyyət juliklərdən ibarətdir” və s. bu kimi sərt ifadələr işlədib. Ona görə də Rüstəm Ibrahimbəyovun Bakı ilə Kremlin birgə layihəsində iştirakçı olması bir qədər inandırıcı görünmür.
Namiq Cəfərli