Heydərovun anasının adından zəng edən kimlərdir?

Elşad Abdullayev «fövqəlnazir»i əsəbiləşdirən hadisə barədə ətraflı məlumat verir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev ölkə mətbuatında onun əleyhinə müsahibə verən iş  adamı Arzu Kazımova açıq məktub ünvanlayıb. A.Kazımovu ölkədə adam oğurluğuyla məşğul olan cinayətkar dəstənin xəzinədarı olmaqda ittiham edən professor yazır:

“Azadlıq” qəzetində “Elşad Abdullayevin ittiham etdiyi şəxs danışdı” və “Bizim yol” qəzetinin 18 oktyabr 2012-ci il tarixli sayında mütəşəkkil cinayətkar təşkilatın xəzinədarı Arzu Kazımov yalan danışır.
Arzu Kazımov! Kişiliyi olan kəs adam oğurluğu ilə məşğul olmaz! Bakıda hamı səni metal alverçisi kimi tanıyır, bunun da kriminaloji anlamı qanunsuz insan alveridir. Yalan  danışmaq yaşınıza da yaraşmır!!!
Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil  cinayətkar təşkilatın xəzinədarı olmağınız sizin mənimlə  bağladığınız ikitərəfli imza və möhürlü müqavilələriniz, daha sonra Hacı Məmmədovun həbsindən qorxub, bu həbslərdən 4 gün sonra notarial müqavilələriniz də bunu təsdiq edir.
Cinayət Məcəlləsində adam oğurluğunun zəruri hüquqi tələbi pul alandır və ABU-nu istəyəndir.
Sənin köməkçinin cavabları da yalandır. Onun “KQB”-nin Anti-Terror Mərkəzinin rəisi, general Elçin Quliyevin ofisindən nazir Kəmaləddin Heydərovun anası Hacı Simuzərin adından və onun səsilə mənimlə mobil telefon danışıqlarının da sübuta ehtiyacı yoxdur. Həmin gün “KQB”-nin Anti-Terror Mərkəzindən də Mahirin səsi ilə telefonla danışılması da bir daha təsdiq edir ki, mütəşəkkil cinayətkar dəstə dövlətin gücündən istifadə edib.
Mən bir neçə gündən sonra Kəmaləddin Heydərovla qəbul otağında görüşdüm. Ona baş verənləri dedim. Bildirdim ki, bu cinayətkar adamlar ananızın adından danışmaqla Sizi  cəmiyyətdə hörmətdən, nüfuzdan salırlar. Kəmaləddin Heydərov bir neçə dəfə audio-kasetə qulaq asdıqdan sonra çox əsəbiləşdi. O bildirdi ki, “Arzunun atası Naxçıvanda mənim atamın nökəri olub. Mən Arzudan başqa, Naxçıvandan üstümə gələn hamıya əl tutmuşam, hörmət etmişəm, amma Arzu Kazımov mənim düşmənimdir, Naxçıvanda yeganə adamdır ki, ona nifrət edirəm.
Ertəsi gün mən həmin audio-kaseti Kəmaləddin Heydərovun atası, Milli Məclisin deputatı Fəttah Heydərova təqdim etdim, o da çox əsəbiləşdi.
Ümid edirəm ki, MTN-in zabiti Mahir Abdullayevin işi üzrə 4 oktyabr 2012-ci il tarixində yeni yaranmış, prezidentin nəzarətində olan Müstəqil Istintaq Komissiyası Azərbaycanda  adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa edərək, bütün günahkarları cinayət məsuliyyətinə cəlb edəcək”.