Rahim Hacıyev: «Rövnəq Abdulayevin bp-nin rəhbəri ilə görüşməsi hakimiyyətin ciddi təlaş keçirməsindən xəbər verir»
Qubad Ibadoğlu: «Bu görüş həm də ona işarə ola bilər ki, proseslər Arbitraj Məhkəməsinə doğru gedir»
Londonda ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev və bp-nin icraçı direktoru Bob Dudley arasında görüş keçirilib. bp şirkətinin və ARDNŞ-in rəhbərləri oktyabrın 17-də Xəzər dənizindəki “Azəri”-“Çıraq”-“Günəşli” (ACG) neft yataqlarının gələcəyini müzakirə ediblər. Bu barədə xəbər verən “Reuters” agentliyi bildirir ki, bu görüş Azərbaycan prezidenti BP-ni yataqlardakı həcmlərə dair “düzgün olmayan” vədlər verməkdə ittiham etməsindən az sonraya təsadüf edir.
London danışıqlarından sonra bp-nin açıqladığı bəyanatda deyilir ki, görüşdə tərəflər arasında Azərbaycan dövlətinin və onun partnyorlarının mənfəəti naminə Xəzərdəki ACG yataqlarında hasilatın birgə və sıx şəkildə idarə olunmasının davam etdirilməsi barədə razılıq əldə olunub.
Maraqlıdır ki, Bob Dudley Rövnəq Abdullayevlə görüşündən sonra daha bir danışıq aparıb. Elə həmin gün bp rəhbəri Rusiyanın “Rosneft” şirkətinin rəhbərliyi ilə görüşərək bp-nin bu ölkədəki gələcək fəaliyyətinin problemlərini müzakirə etməliydi.
Azərbaycan hökuməti ilə bp arasında baş verənlərin fonunda belə bir görüşün reallaşması təsadüfi qiymətləndirilmir. Çünki “Forbes” jurnalı hadisələrə qiymət verərkən bu məsələni “çoxdan tüstüləyən əski” adlandırıb. Məqalədə səslənən ifadələrin isə birbaşa Ilham Əliyev və Azərbaycan hakimiyyətinə qarşı olduğu qeyd edilir.
Azərbaycan hökuməti ilə bp arasında çoxdan gərginliyin yaşandığını deyən siyasi şərhçi Rahim Hacıyev bildirdi ki, sonda situasiya o dərəcədə qəlizləşib ki, dövlət başçısının buna münasibət bildirməyə məcbur olması həddinə çatıb. I.Əliyevin bp-nin ünvanına sərt tənqidlər səsləndirməsinin təsadüfi olmadığını düşünən R.Hacıyev vurğuladı ki, Azərbaycanda artıq ÜDM-in artımında ciddi eniş var: “Vaxtilə Ilham Əliyevin dediyi analoqsuz iqtisadi inkişaf haqqında heç kim danışmır. Bütün bunlar xoşagəlməz məsələ kimi keçmişdə qalıb. Əslində Azərbaycanda hasilatın düşməsi nəticəsində ÜDM-in aşağı enəcəyi hamıya bəlli idi. Artıq Ilham Əliyev də anlayır ki, əvvəlki rəqəmlərlə manipulyasiya etmək imkanı olmayacaq. Azərbaycan iqtisadiyyatı da bəllidir ki, əsasən neftdən asılıdır. Bundan sonra biz sürətlə inkişaf edəcəyik vədləri verilə bilməyəcək. Ona görə Ilham Əliyev səviyyəsində bp-yə hücum başladı. bp də öz növbəsində bildirdi ki, o, götürdüyü öhdəliklərə sadiqdir və bir müddət sonra ”Forbes” jurnalında şirkətin mövqeyini ifadə edən material çap olundu”.
I.Əliyevə qarşı son günlər beynəlxalq mətbuatda sərt bir hücumun olduğunu deyən R.Hacıyev bununla Azərbaycan rəhbərinə başa salınmağa çalışıldı ki, hər heç də onun təqdim etdiyi kimi deyil. Bundan başqa, xarici mətbuatdakı yazılarda şantaj elementlərinin yer almasını qabardan R.Hacıyev bildirdi ki, bu vaxta qədər ölkəyə daxil olan neft pullarının aqibətinin soruşulması təsadüfi deyil. Bunun arxasınca isə energetika naziri Natiq Əliyevin açıqlamasının gəlməsi sübut edir ki, Azərbaycan hakimiyyəti baş verənlərdən qorxuya düşüb: “Belə görünür ki, ”Forbes”dəki materaildan hakimiyyət belə nəticə çıxardı ki, bu bp-nin cavabıdır. Bu cavab hakimiyyət üçün sarsıdıcı zərbə efekti yaratdı. Rövnəq Abdulayevin Londona getməsi və bp-nin rəhbəri ilə görüşməsi Azərbaycan hakimiyyətinin ciddi təlaş keçirməsindən xəbər verir. Belə görünür ki, hakimiyyət bp ilə münasibətləri düzəltməyə çalışır. Əslində ölkənin neft sektorunu inkişaf etdirməyən hakimiyyət belə bir vəziyyətlə üzləşməli idi. Ona görə Ilham Əliyev məsuliyyəti bp-nin üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışıb. Amma bu heç nəyi düzəltməyəcək. Heç bir şübhə yoxdur ki, Rövnəq Abdullayevin narahatlığından xəbər verir və baş verən hakimiyyətin geri çəkilməsinin göstəricisidir”.
Hazırda bp-nin Rusiya ilə də problemlər yaşamasına gəlincə isə R.Hacıyev bildirdi ki, Kremlin bu istiqamətdə artıq müəyyən təcrübəsi var. Azərbaycanın Rusiya ilə müqayisəyə gəlməyən ölkə olduğunu deyən siyasi şərhçi bildirdi ki, ona görə də bp ilə münasibətlərin gərginləşməsindən Rusiya daha az ziyan çəkə bilər. Amma Azərbaycan baş verənlərdən daha böyük ziyan çəkə bilər.
Iqtisadçı Qubad Ibadoğlu isə hesab edir ki, görüş zamanı hər şeydən əvvəl hasilatın pronozlaşdırılması ilə bağlı vəziyyət müzakirə olunub. Neft müqaviləsinin altıncı əlavəsinin mövcud olduğunu deyən Q.Ibadoğlu bu əlavədə konktraktın reallaşması ilə bağlı hər hansı mübahisələr yaranarsa, onun həlli yolları göstərilib. Belə ki, mübahisə zamanı tərəflər öncə danışıqlar yoluna üstünlük verməlidir. Daha sonra isə problem çözülməzsə, o zaman otuz gün müddətində qarşı tərəfə ARDNŞ bildiriş göndərməli və Haaqa Arbitrac Məhkəməsində üz-üzə gəlməlidir.
bp rəhbərinin görüşdə hansı mesajlarla çıxış etməsini söyləməyin çətin olduğunu deyən Q.Ibadoğlunun fikrincə, əminliklə söyləmək olar ki, ARDNŞ rəhbəri danışıqların vacib olmasını onun diqqətinə çatdıra bilər: “Bu həm ona da işarə ola bilər ki, proseslər Arbitrac Məhkəməsinə doğru gedir. Çünki hər şey əvvəlcə danışıqlar yolu ilə həll edilməyə çalışılmalıdır. Baş verənlərin Rusiya ilə əlaəqələndirməsi isə təsadüfi deyil. bp rəhbəri ilə hər iki ölkə təmsilçisinin bir gündə görüşməsi müəyyən şübhələr yaradır. bp ilə bağlı məsələlərin bu səviyyəyə gətirilməsinin ciddi səbəbləri olmalıdır”.
Xəyal