“20 oktyabra çox ciddi hazırlaşmışıq”

«Artıq cəmiyyət fərqindədir ki, etiraz etmək təkcə siyasi qurumların deyil, hər kəsin işidir»

«Bu mitinq kifayət qədər uğurlu alınacaq»

20 oktyabr mitinqinə hazırlıqlar yekunlaşmaq üzrədir. Aksiyanın təşkilatçıları Bakının mərkəzində – Fəvvarələr meydanında “Parlament buraxılsın!” tələbilə keçiriləcək budəfəki mitinqin kifayət qədər uğurlu alınacağını bildirirlər.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov hazırlıqların başa çatdığını, aksiya ilə bağlı cəmiyyətdə yüksək əhval-ruhiyyənin olduğunu bildirir: “Çox sevindiricidir ki, aksiyanın təşkilində bütün demokratik düşərgə iştirak edir. Ilk dəfə olaraq təşkilatçılar partiyalar yox, ayrı-ayrı fəallardır. Onların arasında jurnalistlər də var, bloqçular da, QHT təmsilçiləri də, ”facebook” fəalları da. Demək, artıq cəmiyyət fərqindədir ki, etiraz etmək təkcə siyasi qurumların işi deyil. Gülər Əhmədova olayı bir daha göstərdi ki, hakim dairlər xalqın ləyaqətini necə alçaldır. Bu hadisəni susqunluqla qarşılamaq növbəti dövrlərdə daha böyük yaramazlıqların baş verməsinə şərait yarada bilər. Məqsədimiz bu aksiyaya çıxıb hakimiyyəti devirmək deyil. Əlbəttə çox yaxşı olardı ki, hökumət bu hadisəni əsas götürsün və istefaya getsin. Parlament də buraxılsın. Amma biz reallıq hissini itirməmişik. Bilirik ki, bir ifşaya və bir aksiyaya görə Azərbaycan parlamenti özünü buraxacaq ədəbdə deyil. Biz onların yerinə düşünmürük. Öz vəzifələrimizi düşünür, dərk edir və buna görə də etirazı vacib bilirik. Oktyabrın 20-də meydana hətta müşahidəçi kimi çıxan insanlar belə, nökər yerinə qoyulması ilə barışmayanlar olacaq. Məhz o insanlar ölkəmizin işıqlı sabahına inanan və bunu reallaşdıracaq kəslər olacaq”.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı da hazırlıq işlərini yekunlaşdırdıqlarını deyir: “Hesab edirik ki, bu aksiya kifayət qədər uğurlu alınacaq. Gənclər xüsusi fəallıqları ilə seçiləcəklər. Partiyanın Sədrlər Şurasında son tapşırıqlar verilib. Aksiyaya tam hazırıq. Nəzərə almaq lazımdır ki, bu, müəyyən fasilədən sonra keçiriləcək ilk mitinq olacaq. Bu baxımdan insanlar da çox həvəslidirlər. Məlum videoqalmaqal insanların bu hakimiyyətə olan qəzəbini bir az da artırıb. Hər kəs sözünü demək, etirazını bildirmək istəyir”.