Saakaşvilinin təyyarəsi qəzaya düşə bilərmiş

Təyyarə nasazlıq üzündən məcburi eniş edib

Gürcüstan prezidenti Mixail Saakaşvilinin təyyarəsi oktyabrın 18-də nasazlıq üzündən məcburi eniş edib. Saakaşvilinin də içərisində olduğu təyyarə Buxarestdən havaya qalxıb, amma 20 dəqiqə sonra texniki problemlər səbəbiylə geri dönüb. Rumıniya telekanalı “Realitatya”nın verdiyi məlumata görə, prezidentin təyyarəsində nasazlıqlar “Boeing” heyətini təcili eniş etməyə vadar edib. “İtar-Tass”ın yaydığı xəbərdə deyilir ki, Saakaşvili yenidən Buxarestdə qaldığı mehmanxanaya geri dönməyə məcbur olub. Gürcüstan prezidenti Rumıniyanın paytaxtına Avropa Xalq Partiyasının konqressində iştirak etmək üçün getmişdi.


İnformasiya şöbəsi