e-abdullayev2

MTN-nin generalı keçmiş rektorun hədəfində

e-abdullayev2Elşad Abdullayev qardaşının oğurlanmasına görə nazir müavini Hilal Əsədovu ittiham edir

«Mahir Mətanət İsgəndərlinin evindən oğurlanıb; «Qarabulaq»da müğənnini ölümlə hədələyiblər…»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq” qəzetinə növbəti sensasion materiallar göndərib. Elşad Abdullayev geniş qeydlərinə keçid kimi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Elmar Məmmədovun 27 iyul 2012-ci il tarixli qərarına etdiyi etirazı götürüb. Qeyd edək ki, sözügedən qərar Elşad Abdullayevin vəkili Adil Ismayılovun vəsatətinin rədd edilməsi haqqında olub. “Bu etiraz deməyə əsas verir ki, prokurorluq Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ilə əlbir fəaliyyət göstərir” deyən rektor daha sonra iddiasını əsaslandırmağa çalışır:

Elşad Abdullayev prokurorluğu yalançı çıxarır

Birincisi, prokurorluğun müstəntiqi Elmar Məmmədov müəyyən edir: “Qardaşım Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə Bakı şəhərində yerləşən T.Bəhramov adına stadionda keçirilən tədbirdə iştirak etmək adıyla saat 10.30 radələrində çıxsa da, idarə etdiyi ”Mersedes-Bens” markalı AZ 10-CR-067 dövlət nömrə nişanlı avtomobillə saat 11 radələrində Qaradağ rayonu ərazisindəki 719 saylı postu keçərək, Bakı-Astara istiqamətində gedib. Postdan keçərkən orada xidmətdə olan tanışı, Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin yol polisi alayının 7-ci tağımının inspektoru Əhmədov Əli Ələddin oğlu ilə siqnal vermək və əlini havada yelləməklə salamlaşıb. O, həmin gün saat 17 radələrində yenə də idarə etdiyi həmin avtomobillə Astara-Bakı istiqamətində hərəkət edərək, həmin postdan təkrar keçib. Lakin bu dəfə həmişəkindən fərqli olaraq, postda dayanmış tanışı Əli Əhmədovla salamlaşmayıb. Əli Əhmədov Mahir Abdullayevin salam vermədən keçib getməsinə görə onun mobil telefonuna zəng edib, lakin telefona cavab verilməyib. Yeri gəlmişkən, Mahir Abdullayev postdan keçərkən Əli Əhmədov onun idarə etdiyi avtomobilin arxa oturacağında tanımadığı iki nəfərin oturduğunu görüb.
… Müstəntiqin cavabı milli təhlükəsizlik nazirinin müavini, general Hilal Əsədovun, Mahirin tələbə yoldaşı, “dostu” Sənan Ibrahimovun sifarişinin nəticəsidir. Sənanın dediyinə görə, Mahir oğurlanan dövrdə polis polkovniki olan Hilal Əsədov Bakı Şəhər Baş Polis Idarəsinin Banditizm Şöbəsinin rəisi işləyirdi.
Sənan Ibrahimov Hilal Əsədovun yaxın qohumudur, onun  Nardarandakı bağ evini mühafizə edir və orada gizlənir ki, heç kim ondan bir söz soruşa bilməsin. O, müntəzəm olaraq, Mahirin və zərərçəkmişin ailəsinin əleyhinə reket qəzetlər vasitəsilə təxribat edir ki, özü yaddan çıxsın. Şübhə etmirəm ki, Mahirin oğurlanması Sənanın qısqanclıq motivi əsasında başlayıb, cinayətin əsas səbəbkarı kimi, Hilal Əsədovun əli ilə pul qopartmaq istəyib. Hilal Əsədov ona görə də Sənanın həbs olunmasına imkan vermir.
Hilal Əsədov nazir müavini kimi, səlahiyyətlərindən, mövqeyindən sui-istifadə edərək, şər-böhtanlar düzüb-qoşmaqla Mahirlə bağlı adam oğurluğu cinayətini siyasi müstəviyə – prezident müstəvisinə keçirib. Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın şikayətlərimdə yer almış cinayət subyektləri Mahir Abdullayevin oğurlanmasında iştirak edib.

Mahir oğurlandığı gün…

Aşağıda qeyd etdiyim yalan, saxta versiyanı Sənan Izzət oğlu Ibrahimov irəli sürüb. 13 oktyabr 2003-cü ildə Sənan Ibrahimov axşam saat 23.00 radələrində ABU-da mənim iş otağıma gəlib dedi ki, “mən Mahirin yerini bilirəm”. Prokurorluğun müstəntiqi Elmar Məmmədovun cavabında göstərdiyi kimi, o da həmin vaxt dedi ki, səhər saat 10.00 radələrində Mahir Qaradağ yol polisi postundan keçən zaman  DYP-in əməkdaşı Əli Əhmədovla görüşüb. Üstəlik, əlavə etdi ki, “Əli mənim dostumdur, gəlin, onun yanına gedək”. Biz ertəsi gün – 14 oktyabrda, saat 10.00 radələrində Sənan Ibrahimovla birlikdə Əli Əhmədovla Qaradağ postunda görüşdük.
DYP-in əməkdaşı Əli Əhmədov əzbərləyibmiş kimi, Sənan Ibrahimovun dediyini bizə elə o cür də danışdı. Biz, DYP əməkdaşının Saatlıda yaşayan qohumlarının əli ilə həmin gün saat 15.00 radlərində Nərimanov prospektində, amma Sənanın iştirakı olmadan onunla görüşdük. Çünki yol polisinin tanışları da deyirdi ki, o, yalan danışır. Telefon danışıqları barədə məlumatlardan görünürdü ki, cinayət baş verən gün Əli Əhmədovun Mahirlə heç bir telefon bağlantısı olmayıb. Həmin gün Mahir Qaradağ postundan keçməyib. MTN-in təlim dərsləri Qobustanda olduğundan Mahir MTN-in əməkdaşı kimi oradan təlim dərslərinə tez-tez gedib-gəlirmiş. Lakin məhz oktyabrın 13-də saat 10.00 radələrində Mahir Qaradağ postundan keçməyib.

Mətanət İsgəndərlinin evində dava

MTN-nin keçmiş rəhbərliyinin göstərişilə Sahib Nağıyevin və MTN-in əməliyyatçısı, polkovnik Azər Aşurovun bizə verdiyi telefon danışıqları siyahısına görə, cinayət hadisəsi baş verən zaman – 13 oktyabr 2003-cü ildə MTN-in mayoru Mahir Abdullayevi “Qafqaz-2″ telefon danışıqları dairəsində, 6 saat 2 dəqiqə müğənni Mətanət Isgəndərlinin evində (Nizami küçəsi ev 4, mənzil 8) qanunsuz saxlayıblar. Hilal Əsədovun adamları Mahirdən 2 milyon pul tələb ediblər. Həmin gün Mahiri təhdid edib 600 min dollar alıblar. Lakin azğınlaşmış, dövlətin gücündən öz şəxsi məqsədləri və ambisiyaları üçün istifadə edən qara maskalı icraçılar Mahirdən yenə də pul tələb ediblər. Bu zaman Mahir etiraz edib, Mətanətin evində dava düşüb. Mən 16 oktyabr 2003-cü ildə, saat 18.00 radələrində Mətanət Isgəndərlinin evində olduğum zaman mənzildə oturmağa stol-stul qalmamışdı, hamısı evdə Mahirlə gedən dava zamanı sındırılıb yararsız hala salınmışdı. Məhz müğənni Mətanət Isgəndərlinin mənzilində Mahirin qanunsuz saxlandığı müddəti prokurorluğun müstəntiqi Elmar Məmmədov Qaradağ postu ilə gizlətməyə cəhd edir. Məqsəd isə cinayətin baş vermə zamanını, məkanını və iştirakçılarını gizlətməkdir.
Müstəntiq Elmar Məmmədovun bu versiyası Mahiri qanunsuz oğurlayanların, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin sifarişli versiyasıdır. Bir daha qeyd edirəm ki, həqiqətə uyğun deyil, qərəzlidir və məqsəd cinayətkarlara havadarlıq etməkdir.

ABŞ səfirliyinin nümayəndəsi də işə qarışıb

Həmin ərəfədə ABU Tibb Mərkəzində çalışan alman həkimləri Krista və Ağabəy Azərilərdən xahiş etdim ki, bu məsələdə mənə yardım etsinlər. Onlar da ertəsi gün ABŞ səfirliyinin əməkdaşı ilə mənim iş otağıma gəldilər. Yaranmış vəziyyəti danışdım. Bir neçə gündən sonra ABŞ səfirliyinin əməkdaşı, həmçinin Ağabəy və Krista mənim iş otağımda bildirdilər ki, sizə ipucu veririk, qardaşınız Mahiri müğənni Mətanət Isgəndərlinin yaşadığı evdən oğurlayıblar.

General Əsədovun planı

Prokurorluğun müstəntiqi Elmar Məmmədovun həqiqətə uyğun olmayan versiyası, milli təhlükəsizlik nazirinin müavini, general Hilal Əsədovun baş verənləri müğənni Mətanət Isgəndərlinin evindən yayındırmaq məqsədindən irəli gəlir. Yəni, başlıca məqsəd, nə olursa olsun, Mahirin Mətanət Isgəndərlinin evində olması faktını ört-basdır etmək və bununla da cinayətin başvermə vaxtını və məkanını elə cinayətkarcasına gizlətməkdir. Bu da həmin vaxt Mətanət Isgəndərlinin mənzilində şahidlərin çox olması və onların bir çoxunun etibarsızlığıyla bağlıdır. Bunlar orada-burada hər şeyi açıb danışırlar, nala-mıxa vururlar, onları idarə etmək mümkün deyil.
Təsadüfi deyil ki, Mətanət Isgəndərli və cinayətin bütün şahidləri (Mətanətin sürücüsü Teymur, qızı, anası, bacısı, prodüsseri Ələddin, Asif, skripaçı Ilqar, “KQB” Fazil, Sənan və s.) Mahirin oğurlanmasından 2 ay sonra – 2004-cü ilin 2 yanvarından 6 yanvarına qədər yeni il gecəsini Hacı Məmmədovun Qusardakı “Qarabulaq” Qanlı Cinayətlər Vadisində keçiriblər. Yeni il gecəsinin “Qarabulaq”da keçirilməsinin məqsədi Mətanət Isgəndərlinin və orada iştirak edənlərin çox ciddi şəkildə təlimatlandırılması olmuşdu. Təlimatı pozanlar öldürməklə təhdid edilmişdi…”

Ardı var…