“Bu layihə konstitusiyaya ziddir”

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər təklifi etirazla qarşılandı

Ekspertlər təklifi absurd, mürtəce, bütün hüquq normalarına zidd adlandırırlar

Azərbaycan Hüquqçular Assosiasiyasının(AHA) prezidenti Ənnağı Hacıbəyli hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyaların iştirakçıları və təşkilatçıları üçün təklif olunan yeni cərimələri konstitusiyaya zidd sayır.
Sözügedən cərimə təkliflərini deputat Rafael Cəbrayılov irəli sürüb. Bu məqsədlə o, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlayaraq Milli Məclis Aparatına təqdim edib.ÿ
“Media forum” saytına açıqlamasında Ə.Hacıbəyli deyib ki, Inzibati Xətalar Məcəlləsində inzibati xətalarla bağlı sanksiyalarda çox böyük anarxiya və dərəbəylik mövcuddur: “Hüquq qaydalarına görə, sanksiyalar müəyyən ediləndə müxtəlif meyarlar nəzərə alınmalıdır. Eyni zamanda sanksiyaların məbləği müəyyən ediləndə onun iqtisadi, siyasi, etik və başqa əsasları göstərilməlidir. Amma Azərbaycan qanunvericiliyində, xüsusilə Inzibati Xətalar Məcəlləsində heç bir meyara uyğun gəlməyən sanksiyalar var. Ictimai münasibətlərin xarakterinə, əməlin ağırlıq dərəcəsinə, onun sosial mahiyyətinə uyğun gəlməyən, bir-birinə zidd sanksiyalar nəzərdə tutulur. Sərbəst toplaşmaq azadlığı insanların konstitusion hüququdur. Eyni zamanda bu, Ümumdünya Insan Hüquqları Bəyannaməsində, Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsinə Dair Avropa Konvensiyasında təsbit olunmuş və çox ciddi qorunan bir hüquqdur”.
AHA prezidenti qeyd edib ki, sərbəst toplaşma azadlığı həm də insanların dövlət idarəçiliyinə, hakimiyyətə təsir göstərməsi, dövlət məsələlərinin müzakirəsinə nail olması vasitələrindən biridir.
Ə.Hacıbəylinin fikrincə, layihədə hökumətin icazə vermədiyi kütləvi aksiyalarda iştirak edən şəxslər üçün nəzərdə tutulan cərimələrin miqdarı həddindən artıq çoxdur: “Insanın etdiyi əməllə təklif olunan cərimələrin məbləği qətiyyən uyğun gəlmir, burada cərimə əmələ adekvat deyil. Eyni zamanda layihədə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə mane olan vəzifəli şəxslərin məsuliyyətini gücləndirmək barədə heç nə yoxdur. Layihədə irəli sürülənlər avtoritar təfəkkürün, antidemokratik idarəçiliyin doğurduğu çox absurd təkliflərdir. Bu, qəbuledilməz layihədir”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “Media forum” saytına deyib ki, Milli Məclisin deputatı Rafael Cəbrayılovun hazırladığı layihə vətəndaşların dinc toplaşmaq azadlığının məhdudlaşdırılmasına yönəlib: “Layihədə dinc etiraz aksiyalarına hökumətin qadağalar tətbiq etdiyi hallarda iştirakçılar və təşkilatçılara qarşı cərimələrin kəskin artırılması nəzərdə tutulur. Bu isə demokratik ölkələrdə, xüsusən Avropa Şurası və ATƏT məkanında sərbəst toplaşmaq azadlığının məhdulaşdırılması barədə hökumətlərin öhdəlikləri ilə bağlı prinsiplərə ziddir.
Bu qanun layihəsi həmçinin sərbəst toplaşmaq azadlığının ayrılmaz hissəsi olan ifadə və birləşmək azadlığına yönəlməklə Azərbaycan Konstitusiyası, Avropa Insan Hüquqları Konvensiyası, ATƏT-in Kopenhagen sənədi və Avropa Şurasının sərbəst toplaşmaq azadlığı barədə rəhbər prinisplərinə ziddir. Qanun layihəsi öncə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun rəyini almaq üçün hər iki instituta təqdim olunmalı və ya parlamentin gündəliyinə daxil edilməməlidir”.