Koordinasiya Şurası komissiya yaratdı

Oktyabrın 17-də İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. İP-nin üzvü Ədalət Yusifovun “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, toplantıda qərarların icra vəziyyəti ilə yanaşı ölkədəki ictimai siyasi durum, vahid seçki platformasının hazırlanması üzrə komisiyanın tərkibinə üzvlərin təqdim edilməsi müzakirə edilib: “Qubad İbadoğlu, Sabir Məmmədli, Mustafa Hacıbəyli, Fuad Qəhrəmanlı, Nemət Əliyev, Məhəmməd Talıblı, Hikmət Hacızadə, Telman Ələkbərov, Anar Niftəliyev və Pənah Hüseyn komissiyanın üzvü seçilib. Bundan sonra İP üzvləri mətbuatda gedən bir sıra fikirlərə münasibətlərini açıqlayıblar. İP üzvləri söz və ifadə azadlığına sayğı ilə yanaşdıqlarını bildirib.

Bundan başqa oktyabrın 20-də gənclərin keçirəcəyi kütləvi aksiya ilə bağlı qərar qəbul olunub. İP gənclərin 20 oktyabr mitinqinə tam dəstək ifadə edib, hakimiyyətin kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müraciətlərə ənənəvi yanaşmasını pisləyir, eyni zamanda vətəndaşların sərbəst toplaşmaq hüququndan istifadə edilməsinə şərait yaradılmasını tələb edir və tərəfdarlarını həmin aksiyada tam iştiraka səsləyir”.