İlham Əliyev bp-i dueli. Sekundantsız…

Gerçəkdən, hamı üçün gözlənilməz bir iş baş verdi: Ilham Əliyev durar-tutmaz kəskinliklə bp-nin üzərinə yeridi, açıq-aydın şantaja əl ataraq ona “ciddi tədbirlər” ultimatumu göndərdi. bp-i kimi azman, qlobal güc yiyəsi olan bir konsorsium üçün bu, siniriləsi, üstündən keçiləsi görsəniş deyildi. Buna görə bp-nin təpkisi yubanmadı. Özü də bu təpki dünyalarca ünlü “Forbes” tribunasından gəldi.
Mən bunu I.Əliyevin tapanca atışına qarşı BP-nin ağır artilleriya atışı sayardım. Başqa bir yandan bu, BP-nin çox düzgün düşünülmüş diplomatik gedişi sayılmalıdır. bp-i “Forbes” tribunasından yararlanmaqla, özü də çox kəskinliklə yararlanmaqla I.Əliyevə böyük üstünlüyünü, necə bir güc yiyəsi olduğunu göstərir.
Bəlli olduğu kimi, “Forbes” jurnalı dünyada siyasi yetki yiyəsi olan oğruların ən çox qorxduğu, GÖZÜNDƏN uzaq olmağa çalışdığı QORXUNC bir gücdür. Istənilən dövlət başçısı üçün bu jurnalın obyektinə çevrilmək, obyektin davranışından asılı olaraq, gec-tez darmadağın faktı ilə üzləşmək deməkdir. Kimlərinsə istəyib-istəməməyindən asılı olmayaraq,  I.Əliyev bəlli 9 oktyabr çıxışı ilə özünü, indi göründüyü kimi, “Forbes” adlı azman artilleriya qurğusunun obyektinə çevirdi!
Metyu Hilbertin I.Əliyevlə bağlı “Forbes”də çıxan yazısı istər leksikon, istərsə də xarakter baxımından olduqca ilginc bir yazıdır. Hər iki baxımdan bu, savaş yazısıdır. Özü də qarşısındakını bütünlüklə yenməyə yönəlmiş savaş yazısı. 21-ci yüzil ölçüləri baxımından bu, özümlü bir duel örnəyidir. I.Əliyevin bildirdiyinə görə, bp-nin “kobud səhvi” üzündən Azərbaycanın dövlət büdcəsi 8,1 milyard pul itirib. “Forbes”in bildirdiyinə görə, “işin kökündə geologiya dayanır”. Bu biri yandan AZ.TV başda olmaqla əliyevçi KIV-lər I.Əliyevin BP-i ilə bağlı sərt çıxışının kökündə siyasi deyil, ekonomik faktorun dayandığına dünyanı inandırmağa çalışırlar. Ola bilsin, bp-i ilə bağlı işin kökündə doğrudan da geologiya faktoru dayanır. I.Əliyevin çıxışının kökündə yalnız ekonomik faktorun dayandığı ilə bağlı deyilənlərsə yalandır. Acgöz Əliyevlər ailəsi üçün PULUN nə demək olduğunu gözəl bildiyimizdən, dana bilmərik, ortada ekonomik faktorun rolu var, ancaq bu indilikdə elə də önəmli deyil. bp-i də gözəl bilir, biz də gözəl bilirik: 1993-dən bu yana Azərbaycanın dövlət büdcəsi demək əliyevlərin Ailə büdcəsi deməkdir. Elə buna görə də bp-yə çox doğma, yaxın B.Britaniya parlamentinin ortaya çıxardığı fakta görə, 1993-2010-cu illərdə ata-oğul Əliyevlər Azərbaycandan təkcə offşor zonalar üzrə 48 milyard dollar oğurluq PUL çıxarıblar. BP-nin “kobud səhvi” üzündən dövlət büdcəsində 8 milyard dollarlıq əskik olmasaydı, indi 48 milyard 56 milyard olardı! BP-ni qorxutma faktının arxasında indilikdə daha çox siyasi faktor dayanır. Indilikdə Əliyevlər üçün PULDAN daha önəmli bir faktor var: qarşıdan gələn çətin seçki faktoru. Qarşıdan gələn seçkini uduzmaq Əliyevlər üçün yaxın gələcək baxımından 8 milyarddan qat-qat artıq milyardları uduzmaq, əldən çıxarmaq deməkdir. Bu uduzma, əldən çıxarma isə son bir ildə, demək olar, qarşısıalınmaz prosesə çevrilib. Nəyə görəsə (ola bilsin, obyektiv, ola bilsin, subyektiv nədənlər üzündən) bp-nin lobbiçiliyi son çağlar effektsiz olub: Avropadan ABŞ-dək hər yerdə Əliyevlər hakimiyətini gözdənsalma kampaniyası baş alıb gedir. Yaxın illərədək biz Əliyevlər hakimiyəti ilə bağlı kompromat yazıları daha çox Almaniya mediasında görərdik, indi, demək olar, B.Britaniya mediası Almaniya mediasından ötə gedib. Üstəlik, B.Britaniya parlamentinin yaxınlarda ortaya çıxardığı 48 milyard dollarlıq oğurluq faktı! Kim istəsə bunu arxadan zərbə, kim istəsə qurşaqdan aşağı zərbə saya bilər. Ancaq iş zərbənin texniki göstəricilərində deyil, xarakterindədir. Ekonomik çalar çox qabarıq olsa da, xaraktercə bu, siyasi-ideoloji, sosial-psixoloji zərbədir. Yalnız belə bir zərbənin yaratdığı effektdən doğan affekt hansısa oğru, korrupsioner rejim başçısını bp-i ilə açıq buynuzlaşmaya gətirib çıxara bilərdi.  Söz yox, 48 milyard dollarlıq oğurluq faktına, bütövlükdə Əliyevlər hakimiyətinin oğru hakimiyət olduğunu, bu hakimiyətin yaşamaq hüququnun itirildiyini vurğulamaq üçün “Forbes”dəki yazı belə olduqca ilginc yadasalma-soru ilə bitir: “Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Fondu yaxşı çağlarda yığılmış bir elə pulu nə edib?”. Beləliklə, I.Əliyevin 8 milyard dollarlıq itki faktına qarşı onun hakimiyətdə qalmaq hüququnu itirməsi faktı qoyulur. Belə yerdə xalq qalxıb sözünü deməlidir. Ancaq Əliyevlər onları hakimiyətə gətirən, uzun illər hakimiyətdə saxlayan UĞURLU neft strategiyasından yararlanmaqla xalqı çoxdan yoxa çıxarıblar. Elə buna görə də 19 illik ata-oğul hakimiyətləri boyunca darmadağın etdikləri ölkədə I.Əliyev ən yüksək tribunadan yararlanaraq Azərbaycanda ANALOQU olmayan “inkişaf”dan danışa bilir.
bp-i bu parlaq gerçəyi, I.Əliyevin xalqa yad, xalqdan çox-çox uzaq olduğunu bildiyindən çox düzgün taktika seçib: Əliyevlərin UĞURLU neft strategiyasına bağlı faktlara söykənməklə I.Əliyevi darmadağın taktikası. Bu, əliyevçi rejim gerçəkliyinə uyğun olaraq seçilmiş düzgün taktikanın sonucları özünü tezliklə göstərəcək.
Yeri gəlmişkən, konsorsium monopolist birlik deməkdir. bp-i dövlət içində dövlət sayılan monopolist biznes qurumudur. Əliyevlər hakimiyəti siyasəti biznesə çevirən monopolist birlikdir. Birinci, biznes qurumu olaraq daha açıq, daha yolayaxındır. Ikinci, siyasəti biznes obyektinə çevirən qaranlıq, qapalı, dövlət adına strukturlaşmış monopoliya-mafiya biçimlənməsidir. Hər ikisində bizneslə siyasət çulğaşmış durumdadır. Düzünə qalsa, Əliyevlər hakimiyətinin özü də dövlət içində dövlət deməkdir. Elə buna görə də Azərbaycanın dövlət büdcəsi Əliyevlərin LEGITIM Ailə büdcəsi sayılır. Qarşıdan gələn prezident seçkisi də Əliyevlərin 19 ildə keçirdikləri seçkilərin biri – biznes-büdcə seçkisidir. Biznes-büdcə savaşları çoxdan çağdaş dünyanın aktual savaşlarından birinə çevrilib.
Qabağca I.Əliyev oyundaşlarını oğurluq üstündə tutub, oğurluq pulun yarı bölünməsinə çalışmışdı. Indi oyundaşlar arasında tərsinə proses baş verir. Oğurluq pullar indi niyə bölünməsin?!