Etiraz aksiyalarına qarşı məkrli plan

Hakimiyyət “icazəsiz” aksiyalara görə fantastik cərimələr tətbiq etmək istəyir

Milli Məclisin deputatı Rafael Cəbrayılov “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna təklif etdiyi yeniliklər haqqında danışıb. O, “Media forum” saytına deyib ki, layihəni oktyabrın 16-da Milli Məclis Aparatına təqdim edib.
Xəbər verdiyimiz kimi, Azərbaycanda hökumətin sanksiyalaşdırmadığı kütləvi aksiyalara görə cərimələrin miqdarını kəskin şəkildə artırmaq üçün qanun layihəsi hazırlanıb.

“Media forum” saytı bildirir ki, oxşar qanun bu ilin iyun ayında Rusiyada qüvvəyə minib, kütləvi aksiyaların təşkilindəki pozuntulara görə cərimələr artırılıb. Hökumətin icazə vermədiyi aksiyalarda iştiraka görə cərimələrin maksimal məbləği vətəndaşlar üçün 300 min rubl, vəzifəli şəxslər üçün 600 min rubl, hüquqi şəxslər üçün isə 1 milyon rubl həddində müəyyənləşdirilib.

İyundan Rusiyada qüvvəyə minən qanuna əsasən, kütləvi aksiyaların təşkili zamanı piyadaların və nəqliyyatın hərəkəti çətinləşibsə və ya aksiyanın keçirildiyi məkana əlavə polis qüvvələri cəlb etmək məcburiyyəti yaranıbsa, onda aksiyada iştirak edən vətəndaşlar 30 min rubldan 50 min rubladək, aksiyanı təşkil etmiş vəzifəli şəxslər 50 min rubldan 100 min rubladək, hüquqi şəxslər isə 250 min rubldan 500 min rubladək cərimə edilməlidir.

2012-ci ilin oktyabr ayının 17-nə olan rəsmi məzənnəyə görə, 1 rus rublu 0,025 qəpikdir. Bu məzənnəyə əsasən, materialda rus rublu ilə göstərilən məbləğlər Azərbaycan manatı ilə aşağıdakı qədər edir:

30 min rubl – 750 manat

50 min rubl – 1250 manat

100 min rubl – 2500 manat

250 min rubl – 6250 manat

300 min rubl – 7500 manat

500 min rubl – 12500 manat

600 min rubl – 15000 manat

1 milyon rubl – 25000 manat.

***

Milli Məclisin deputatı Rafael Cəbrayılov “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna təklif etdiyi yeniliklər haqqında danışıb. O, “Media forum” saytına deyib ki, layihəni oktyabrın 16-da Milli Məclis Aparatına təqdim edib.

Deputatın sözlərinə görə, layihəni öz təşəbbüsü ilə hazırlayıb: “Bu qanun layihəsi üzərində avqust ayında çalışmağa başlamışam. İstər sanksiyası baxımından, istər hüquqi tənzimləməsi baxımından “Sərbəst toplaşmaq azadlığı” qanunu bərbad vəziyyətdədir. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin bu qanunla əlaqəli maddələri də bərbad vəziyyətdədir. Mən hər iki məcəlləyə əlavə və dəyişikliklər nəzərdə tutan layihə də vermişəm.

Hazırda qüvvədə olan qanuna görə, icazəsiz aksiyanın cəriməsi 7 manatdan 13 manatadəkdir. Bu, çox cüzi miqdardır. Qanunvericilikdə də qeyd olunub ki, cərimənin məqsədi şəxsin maddi vəziyyətinə zərər vurmaqdır. Belə cüzi cərimə ilə insanı qanunsuz əməldən çəkindirmək olmaz. Qanunsuz mitinqdə iştirak edib 10 manatını ödəyəcək, sonra yenə də iştirak edəcək. Amma üç-dörd aylıq maaşını cərimə ödəsə, onda anlayacaq ki, qanunsuz əməllərdə, aksiyalarda iştirak etmək olmaz”.

Bir müddət əvvəl Rusiyada da sərbəst toplaşmaq azadlığı hüququ ilə bağlı sanksiyaların sərtləşdirilməsinin Rafael Cəbrayılovun hazırladığı yeni layihəyə təsiri məsələsinə gəlincə, deputat qeyd edib: “Rusiyanın bununla bağlı qanunu dünyanın ən sərt qanunlarından biridir”.

***

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun sərtləşdirilməsi üçün təklif olunan əlavə və dəyişiklikləri şərh etməyə ehtiyac görmədiyini bildirib. Oktyabrın 17-də “Media forum” saytına açıqlama verən Əli Həsənov deyib ki, hər bir deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək, qanun layihələri hazırlamaq hüququ var: “Əgər Milli Məclisin deputatı belə bir layihə hazırlayıbsa, yəqin onu əsaslandırar”.

***

Azərbaycanda hökumətin icazə vermədiyi kütləvi aksiyalara – mitinq, yürüş və piketlərə qarşı sərt sanksiyalar tətbiq olunur. “Media forum” saytı xəbər verir ki, bununla bağlı “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Layihənin müəllifi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılovdur. Layihə artıq Milli Məclis Aparatına təqdim olunub.

“Media forum” saytının əldə etdiyi məlumata görə, layihədə hökumətin icazə vermədiyi aksiyanın iştirakçıları və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulub. Məsələn, hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib.

Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün 1500 manatdən 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub.

Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.

Hazırkı qanunvericiliyə görə, rəsmən sanksiyalaşdırılmamış aksiya başqalarının hüquq və azadlığına, mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurduqda belə aksiyanın iştirakçıları 300 manatadək, təşkilatçıları isə 500 manatadək cərimələnir. Yeni layihədə istər iştirakçıların, istərsə də təşkilatçıların bu halda 8000 manatdək cərimələnməsi nəzərdə tutulub.