Bir insan xilas etmək

Oxucuları bir yana qoyuram, hərçənd onlar da yazılarımdan fərqinə varmış ola bilərlər, amma məni tanıyan, mənim tanıdığım, ünsiyyətdə olduğum insanlar, dostlar daha yaxşı bilir: heç zaman, amma heç zaman bu ölkədə gözəl şeylərin olacağına inamımı itirmədim. Bəzən bir çox dostlara emosional, “Don Kixotvari” görünsə də, həmişə, hətta ümidsizlikdən belə, ümid yaratmağa çalışıram. Ən azı özüm üçün. Ətrafımdakılar üçün. 
Ən yorğun, ən çətin anlarda belə, başqalarını da müdafiə etdiyimiz dəyərlərin qələbəsinə inandırmağa çalışıram. Bəli, məhz müdafiə etdiyimiz dəyərlərin!
Məni həmişə ümidli edən də budur.
“Düzəlməyəcək” deyənlərə də həmişə eyni sualı verirəm: açın mənə elə bir kitab göstərin, tarixdən elə bir örnək gətirin ki, orada məhz belə yazılıb, oradan məhz belşə nəticə çıxır: “Azərbaycanda heç vaxt heç nə düzəlməyəcək!”.
Bəli, uzun çəkdi, bundan sonra da uzun çəkə bilər…
Itkilərimiz çox oldu, amma indən belə də itkilərimiz bundan çox və ağır ola bilər…
Bəli, illərimiz zəhərə çevrildi.
Ömrümüzün ən gözəl illərini ən pis şeylərlə uğraşmağa xərclədik.
Dünyanın bütün bu cür rejimlərinin ən pis tərəflərini özündə birləşdirən bir rejimlə qarşı-qarşıya qaldıq.
Ən adi həqiqətləri ən ağ yalanlara dəyişənlər sardı ətrafımızı.
Cəhalətin, nadanlığın, çağdışılığın iyrənc ağırlığı basdı çiyinlərimizdən, dibə vurduq.
Çoxluğun düşdüyü bataqlıqdan, qaranlıqdan məmnunluğunu gördük, özünü bu qədər çirkabın, üfunətin içərisində necə rahat və xoşbəxt hiss etdiyini gördük, içimiz içimizi yedi.
Bəzən “bu baş verən filan ölkədə olsa, xalq çoxdan ayağa qalxmışdı, dallarından təpik vurmuşdu” deyib toplumun səssizliyinə, təpkisizliyinə, barışqanlığına öfkələndik, onu başda oturanlara layiq hesab etdik.
Bəli, bunların hamısını yaşadıq və yaşamağa da davam edirik.
Bəli, həyat burnumuzdan gəldi. Bunlara fiziki olaraq da, mənəvi olaraq dözmək, qatlaşmaq isə asan deyil. Üstəlik də, belə anlarda müqaviməti davam etdirmək, bunca yalanlara, yaltaqlıqlara, oğurluqlara, talanlara, saxtakarlıqlara cəmiyyətin əxlaqını aşındıran, köləliyi, mütiliyi onun həyat tərzinə dönüşdürən pisliklərə etiraz ruhunu qorumaq müşkülə, mümkünsüzə çevrilir.
Istər-istəməz, gücsüzləşirsən, yorulursan, tükənirsən. Təbiidir.
Hamısı tamam, hamısı da doğru.
Amma bir də bu sual var: başqa yolumuz varmı? Başqa cür yaşamaq, düşünmək imkanımız varmı? Hamıdan biri olmaq, kütləyə qarışmaq və yox olmaq haqqımız varmı? Davam etməməkdən başqa şansımız varmı?
Mən əslində çox tez ümidsizləşmənin səbəbini də özüm üçün artıq müəyyənləşdirmişəm. Mən görürəm, kim ki, nəticəni yalnız konkret adamların və qurumların qələbəsi timsalında təsəvvür edir, bu qələbə gecikdikcə onlar da yorulur, bitir, dəyişiklik inamını içlərinə gömürlər.
Amma mən onu da görürəm ki, bu ölkədə dəyişimi şəxslərin yox, dəyərlərin timsalında istəyən, görən, təsəvvür edənlər daha ümidlidirlər. Daha rahatdırlar.
Zaman bizə göstərir ki, mübarizənin bəhrəsini sadəcə, liderlərin və partiyaların uğuru-uğursuzluğu ilə ölçmək yanlışdır, liderləri və təşkilatları dəyərlərin önünə qoymaq sonradan onların bir uğursuzluğu ilə ümidini, inamını, mücadilə ruhunu itirmək bahasına başa gəlir.
Bir az da dəqiqləşdirim: bu ölkədə Isa Qəmbər, Əli Kərimli və ya qeyrisi prezident olmaya bilər, Müsavat, Cəbhə və qeyrisi hakimiyyətə gəlməyə bilər, amma onları və bizim hamımızın davasını döydüyümüz dəyərlərin qələbəsi qaçılmazdır. Bu dəyərlər enində-sonunda bu ölkəyə gələcəkdir. Buna inanmayanlar zatən artıq məğlubdurlar, onlarla heç bir qələbəyə iddia etmək olmaz.
Bəli, əvvəlcə bunu başa düşmək, bunu anlamaq lazımdır: biz elə dəyərləri müdafiə edirik ki, əslində o dəyərləri müdafiə etməklə biz artıq qalibik.
Bizim siyavuşların, mübarizlərin, gülərlərin cəbhəsində olmamağımızın özü artıq bir qələbədir, bir mutluluqdur.
Yaltaq olmamağımızın, doğruları yalanlara tərcih etməməmizin, vicdanımızı əmtəəyə çevirməmizin özü artıq bir başarıdır.
Bilə-bilə ki, yalansız yaşamağın, yaltaqlanmadan, sabunlamadan, əyilmədən, alçalmadan yaşamağın bədəli nədir bu ölkədə…
Bilə-bilə ki, həqiqətləri söyləmək, qaranlıqları aydınlatmağa çalışmaq, bunca pisliyin, yamanlığın üstünə getmək adama nə vəd edir bu ölkədə…
Bilə-bilə ki, çağdaşlıqla çağdışılıq, doğruluqda oğruluq, ədalətlə əsarət arasında birincidən yana seçim etməyin qarşılığı nə qədər ağırdır, nə qədər məhrumiyyətlidir, amma yenə də o seçimi etmək, o yolu tutmaq özü artıq bir xoşbəxtlikdir, özü artıq bir nailiyyətdir, özü artıq bir üstünlükdür.
Heç mən onunla da razı deyiləm ki, 20 ildir can çəkişirik, amma heç bir nəticə yoxdur. Qətiyyən elə deyil.
20 ildə nə qədər insan xilas edilib. Elə son illərdə yetişən, savadı, dünyagörüşü, vətəndaş mövqeyi ilə içimizi fərəhləndirən gənclik ordusu – bu özü nəticə deyilmi? Əgər əvvəlki illərin mübarizəsi olmasa, müqavimət ruhu yaşamasa, bu gün biz onları qazana bilərdikmi?
Bu o deməkdir ki, bütöv milləti xilas edə bilmədikdə bir insanı belə, xilas etmək artıq uğurdur. Təsəvvür edin, qarşı tərəfdə o qədər pul, komfort, gözqamaşdırıcı həyat, karyera, güc, amma bir insan onları deyil, sizi – daha doğrusu, sizin müdafiə etdiyiniz, bu gün sadəcə, məşəqqət, məhrumiyyət vəd edən, amma gec-tez bu ölkənin qurtuluşu olacaq dəyərləri seçir. Az işdirmi?
Bu qədər köləliyin, mütiliyin içərisində bir insan qazanmaq, bu qurdların ağzından bir insan qurtarmaq boş bir şey gəlməsin sizə. Filfilo gəlməsin.
Bir ev nəhəng bir qaya parçasından tikilmir ki? Kərpic-kərpic tikilir.
Biz də arzuladığımız Azərbaycanı bax beləcə tikəcəyik – insan-insan…